Məhkəmə qərarları › İş №e-2(051)-2139/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2139/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2139/2023 04.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı «Finca Azərbaycan» X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı «Finca Azərbaycan» X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********0158 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 4171 manat əsas kredit borcu, 1054.94 manat faiz borcu, 320.66 manat cərimə borcu olmaqla, cəmi 5546.60 manat məbləğində pulun və ödənilmiş 75.47 manat məbləğində dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 ilə bağlanmış xx.xx.2022cu il tarixli **********0158 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 276 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Eyni zamanda kreditin təminatı olaraq təşkilatla Cavabdeh1 arasında eyni tarixli **********0***-******* zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Hazırda Cavabdeh2 təşkilata 4171 manat əsas kredit borcu, 1054.94 manat faiz borcu, 320.66 manat cərimə borcu olmaqla, cəmi 5546.60 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən yayınmışdır. Hesab edir ki, 4171 manat əsas kredit borcu, 1054.94 manat faiz borcu, 320.66 manat cərimə borcu olmaqla, cəmi 5546.60 manat məbləğində pul və ödənilmiş 75.47 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınıb iddiaçı banka verilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Bununla belə iddiaçının nümayəndəsi məhkəməyə teleqram göndərərək, iddia ərizəsinə onların iştirakı olmadan baxaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, işdə olan «Finca Azərbaycan» X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0158 saylı kredit müqaviləsindən görünür ki, kredit verən kredit alana istehlak məqsədləri üçün illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğində krediti verməyi, kredit alan isə verilmiş krediti o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yeritməyi öhdəsinə götürmüşdür. İşdə olan «Finca Azərbaycan» X1-Bank Kredit Təşkilatı ilə digər Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0***-******* nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 «Finca Azərbaycan» X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0158 nömrəli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 həmin tarixdə iddiaçı bankdan 5000 manat məbləğində pul almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçı təşkilata 4171 manat əsas kredit borcu, 1054.94 manat faiz borcu, 320.66 manat cərimə borcu olmaqla, cəmi 5546.60 manat borcu vardır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı təşkilatla Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli **********0158 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən kredit verən kredit alana istehlak məqsədləri üçün illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yeritməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin icrasının təminatı kimi Cavabdeh1 ilə təşkilat arasında eyni tarixdə zaminlik müqavilələri bağlanmışdır. Həmin kredit müqaviləsinin icrasının təmin edilməsinə dair cavabdehlər iddiaçı təşkilat qarşısında öhdəlik götürmüşlər. Cavabdeh oğlu krediti və faizlərini qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə 4171 manat əsas kredit borcu, 1054.94 manat faiz borcu yaranmış, öhdəliyini yerinə yetirmədiyinə görə əsas borca 320.66 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı təşkilatla Cavabdeh2 arasında predmeti pul məbləği olan kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən kredit verən kredit alana istehlak məqsədləri üçün illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 5000 manat məbləğində krediti verməyi, kredit alan isə verilmiş krediti o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yeritməyi öhdəsinə götürmüşdür. Eləcə də, kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh1 arasında eyni tarixdə zaminlik müqavilələri bağlanmış, zaminlik müqavilələrinə görə cavabdehlər iddiaçı təşkilat qarşısında kredit müqaviləsinin icrasının təmin edilməsinə dair öhdəlik götürmüşlər. Lakin Cavabdeh2 öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı təşkilatın cavabdehlərə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı təşkilat qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh1 da zamin olaraq iddiaçı təşkilat qarşısında cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zamininlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsin görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi Cavabdeh2 iddiaçı təşkilata olan 4171 manat əsas kredit borcu, 1054.94 manat faiz borcu, 320.66 manat cərimə borcu olmaqla, cəmi 5546.60 manat məbləğində borcun ödənilməsi ilə bağlı onunla bərabər Cavabdeh1 da birgə borclu kimi müştərək qaydada məsuliyyət daşıyırlar. Məhkəmə, həmçinin hesab edir ki, cavabdehlərdən 4171 manat məbləğdə əsas borc, 1054.94 manat faiz borcu alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən azaldılaraq, 20 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 20 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4171 manat əsas kredit borcu, 1054.94 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla, cəmi 5245.94 manat məbləğində pul alınıb iddiaçı «Finca Azərbaycan» X1-Bank Kredit Təşkilatına verilməlidir. Odur ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilməli və ödənilmiş dövlət rüsumunun 72.46 manat məbləğində hissəsi cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4171 (dörd min bir yüz yetmiş bir) manat əsas kredit borcu, 1054.94 (bir min əlli dörd manat doxsan dörd qəpik) manat faiz borcu, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 5245.94 (beş min iki yüz qırx beş manat doxsan dörd qəpik) manat məbləğində pul alınıb iddiaçı «Finca Azərbaycan» X1-Bank Kredit Təşkilatına verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilsin. Ödənilmiş dövlət rüsumunun 72.46 (yetmiş iki manat qırx altı qəpik) manat məbləğində hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb iddiaçı «Finca Azərbaycan» X1-Bank Kredit Təşkilatına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar