Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-219/2025 04.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 10498.74 manat əsas, 2008.85 manat faiz və 525.70 manat cərimə olmaqla, cəmi 13033 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 129.10 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən cavabdeh Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri” Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 1.9167% olmaqla 48 ay müddətinə 12000 manat məbləğində kredit götürmüşdür.Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 7.7-ci bəndinin tələblərini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1501.26 manat ödəniş etmiş və onun iddiaçıya 10498.74 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 7.9-cu maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh2 kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 296 gün üçün hesablanmış faiz borcu 2008.85 manat təşkil etmişdir. Kredit müqaviləsinin 7.20-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 296 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 525.70 manat təşkil edir. Kredit müqaviləsinin 7.32-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kredit qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı QSC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı: İş üzrə İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, əvvəlki iclasda iştirak edən cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı izahat verərək, işdən çıxdıqdan sonra ödəniş edə bilmədiyini, hazırda işlədiyini və ödəniş edəcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2024-ci il tarixdə məhkəməyə teleqramla müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli, 027A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış, bank tərəfindən Cavabdeh2 48 ay müddətinə aylıq 1.9167% olmaqla 12000 manat kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, 027A********** saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borclu Cavabdeh2 xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixədək hər ay 387 manat, sonuncu ay 405.81 manat olmaqla ödəniş cədvəli tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, 027A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə 027G**********01 saylı zaminlik müqaviləsi imzalanmışdır. xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 göndərilmiş mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildirişdən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixinə 10498.74 manat əsas, 2008.85 manat faiz və 525.70 manat cərimə olmaqla, cəmi 13033.29 manat məbləğində borcun cavabdehə ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət olunacağı, borcdan əlavə məhkəmə xərclərinin tutulacağı bildirilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixinə İddiaçı QSC-nə borcu 10498.74 manat əsas, 2008.85 manat faiz və 525.70 manat cərimə olmaqla, cəmi 13033.29 manat təşkil edir. xx.xx.2024-cü il tarixli ********** №li mədaxil qəbzindən görünür ki iddia ərizəsinin verilməsi üçün 129.10 manat dövlət rüsumu ödənilmişdir. İşin müəyyən olunmuş halı: Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 027A********** saylı kredit müqaviləsi üzrə İddiaçı QSC-dən 48 ay müddətinə aylıq 1.9167% ödəmək şərti ilə 12000 manat məbləğində kredit götürmüşdür. Müqavilənin təminatı olaraq bankla Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Hazırda bank borcalan Cavabdeh2 və zamin kimi Cavabdeh1 müştərək qaydada qaytarılmamış borcu tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (həmin vaxt qüvvədə olan) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Məhkəmənin iş üzrə gəldiyi nəticə: Cavabdehlərdən tutulmalı olan faiz borcunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məktub ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar kredit müqaviləsi üzrə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı müqavilədən imtina etməsini qarşı tərəfə bildirmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarı). Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (xx.xx.2024-cü il tarixli məktubda göstərilən məbləğdə) tələb edə bilər. Cavabdeh2 ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 027A********** saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehlərin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 027A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə olan 10498.74 manat məbləğində əsas, 2008.85 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehlərdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, hesablanmış cərimə məbləğinin yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 129.10 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 027A********** saylı müqavilə üzrə 10498.74 (on min dörd yüz doxsan səkkiz manat yetmiş dörd qəpik) manat əsas, 2008.85 (iki min səkkiz manat səksən beş qəpik) manat faiz və 100 (yüz manat) manat cərimə olmaqla, cəmi 12607.59 (on iki min altı yüz yeddi manat əlli doqquz qəpik) manat məbləğində pul alınıb İddiaçı QSC-yə verilsin. Cavabdeh2 və Cavabdeh1 ödənilmiş dövlət rüsumu 129.10 (bir yüz iyirmi doqquz manat on qəpik) manat pulu alınaraq İddiaçı QSC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №e-2(051)-219/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-219/2025
04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver