Məhkəmə qərarları › İş №e-2(051)-2254/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2254/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2254/2024 05.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi İddiaçı İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2757,66 Azn va faiz borcu üzra 98,38 Azn manat olmaqla cami 2856,04 manat borcun və ödənilmiş 48,56 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh1 ilə İddiaçı QSC BOKT arasında xx.xx.2020-ci il tarixli, RB-025 saylı güzəştli borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 2757,66 manatg məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Güzəştli borc müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üçün Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli Z-1(RB-025) saylı zaminlik müqaviləsi bağlanmışdır. Hazırda cavabdehlərin təşkilata 2757,66 Azn va faiz borcu üzra 98,38 Azn manat olmaqla cami 2856,04 manat borcu qalmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Odur ki, cavabdehlərdən müştərək qaydada 2757,66 Azn va faiz borcu üzra 98,38 Azn manat olmaqla cami 2856,04 manat borcun və ödənilmiş 48.56 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına rəsmi qaydada xx.xx.2024-cü il tarixdə bildirişlər göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan İddiaçı QSC BOKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020ci il tarixli güzəştli borc müqaviləsindən görünür ki, Cavabdeh1 illik 1 faizlə 2757.66 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı QSC BOKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, cavabdeh bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan 29 avqust 2020-ci il tarixli, 454 saylı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka olan borcu 2757,66 Azn va faiz borcu üzra 98,38 Azn manat olmaqla cami 2856,04 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdehlər üzərinə götürdükləri öhdəliyi lazımi qaydada icra etməmiş, onların iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə işin faktiki hallarından müəyyən olunur ki, cavabdehlər verilmiş kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişlər vaxtı-vaxtında və tam həcmdə yerinə yetirilməyərək, öhdəliyi icra etməmişlər. Nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə müştərək qaydada banka 2856,04 manat borcu yaranmışdır. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında predmeti pul məbləği olan yazılı borc müqaviləsi bağlanmış, Cavabdeh1 iddiaçıdan illik 1 faizlə güzəştli borc müqaviləsi bağlanmış 2856.04 manat məbləğində borc pul almışdır. Cavabdeh həmin pulu müqavilədə göstərilən müddət ərzində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər borcu ödəməmiş və iddiaçı bank əlverişsiz vəziyyətdə düşmüşdür. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 436-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2856,04 manat məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 48,56 manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2757,66 (iki min yeddi yüz əlli yeddi manat, altmış altı qəpik ) manat əsas, 98,38 ( doxsan səkkiz manat, otuz səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2856,04 (iki min səkkiz yüz əlli altı manat, dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı QSC BOKT-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olan 48,56 (qırx səkkiz manat, əlli altı qəpik) manat məbləğində pul alınıb iddiaçı BOKT «X1» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar