Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2267/2022 09.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Vəkil Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, xx.xx.2008-ci il tarixdə doğulmuş Rafael və xx.xx.2013-cü il tarixdə doğulmuş Rəhman adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017–ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə Rafael və xx.xx.2013-cü il tarixdə Rəhman adlı uşaqları doğulmuşdur. Aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-754/2017 saylı qətnaməsinə əsasən uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir. Lakin hazırda uşaqların saxlanılmasında həmin məbləğdə aliment yetərli deyildir. Belə ki, Rafael adlı uşaq artıq 9-cu sinif şagirdidir. Bu ildən etibarən 3 fənndən repetitor xidmətlərinə görə 120 manat ödəniş edilir. Rəhman adlı uşaq isə aliment təyin edilən vaxt ümumi orta təhsilə başlamamış olsa da, hazırda həmin uşaq 4-cü sinif şagirdidir. Aliment kəsilən vaxt həm uşaqlar azyaşlı olmuş, həm də cavabdehin yüksək gəliri olmamış, lakin hazırda həm uşaqlar böyüyüb tələbatları artmış, həm də cavabdehin gəliri və qazancı əhəmiyyətli dərəcədə artmışdır. Belə ki, cavabdeh hazırda "xxxx" Şirkətində aylıq əmək haqqı 1033- 1340 manat olan işdə çalışır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, cavabdehin qazancı onun ayda 193 manat məbləğində aliment ödənilməsinə imkan verir. Hesab edir ki, uşaqlar üçün 2022-ci il üçün yaşayış minumumunun 193 manat olduğundan təyin edilmiş alimentin miqdarı artırılmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, iddiaçı ilə aralarında olan nikah məhkəmə qaydasında pozulduqdan sonra, o, yenidən ailə qurmuşdur. Hazırda arvadı onkoloji xəstədir. Həmçinin 2 bankdan kredit götürmüş və hazırda da həmin kreditlərə görə 390 manat ödəniş edir. Bundan əlavə kirayədə yaşayır və 250 manat aylıq kirayə haqqı ödəyir. Aldığı əmək haqqından başqa əlavə gəliri yoxdur. Həmçinin təyin edilmiş alimenti hər ay vaxtı-vaxtında ödəyir. Odur ki, qeyd edilənləri nəzərə alaraq hər ay hər uşaq üçün 140 manat olmaqla, 280 manat məbləğində alimentin ondan alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2008-ci il tarixdə Rafael və xx.xx.2013-cü il tarixdə Rəhman adlı uşaqları doğulmuşdur İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-754/2017 saylı qətnaməsindən görünür ki, birgə nikahdan doğulmuş Rafael və Rəhman adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində alimentin alınıb Həsənova (Bəkirova) Zülfiyyə Şahin qızına verilməsi qət edilmişdir. İşdə olan “X3” şirkəti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, şirkətin Azərbaycan Respublikasında olan filialında ilməkçi vəzifəsində işləyən Cavabdeh 2021-ci ilin noyabr ayında 772.68 manat, dekabr ayında 1402.82 manat, 2022-ci ilin yanvar ayında 1340.62 manat, fevral ayında 1213.09 manat, mart ayında 1277.40 manat, aprel ayında 1500.96 manat, may ayında 1232.89 manat, iyun ayında 1033.53 manat, iyul ayında 1912.65 manat, avqust ayında 100.41 manat, sentyabr ayında 1065.16 manat və oktyabr ayında isə 1405.92 manat əmək haqqı hesablanmışdır. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X1 xx.xx.2022ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahından xx.xx.2008-ci il tarixdə Rafael və xx.xx.2013-cü il tarixdə Rəhman adlı uşaqları doğulmuşdur. Ailədaxili narazılıqlara görə tərəflər ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(051)-754/2017 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 120 manat olmaqla, 240 manat alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Hazırda İddiaçı uşaqların saxlanılması üçün təyin edilmiş alimentin artırılmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının artırılaraq yaşayış minumumu həddi daxilində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, Rafael və Rəhman adlı uşaqlar iddiaçının yanında yaşayır və onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Həmçinin cavabdehin əmək haqqı təyin edilmiş alimentin miqdarının artırılmasına imkan verir. Nəzərə alsaq ki, 2022–ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmiş, onda ödənilən 120 manat aliment məbləği uşaqların əvvəlki təminatının səviyyəsinə uyğun deyildir. Bu hal isə iddiaçının ailə vəziyyətində dəyişikliyin baş verməsinə səbəb olmuşdur. Hansı ki, hazırda cavabdehin öhdəliyi iki uşağın saxlanması ilə məhdudlaşmışdır. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin artırılması ilə iddia tələbi Ailə Məcəlləsinin 112.1–ci maddəsində göstərilən əsasları ehtiva edir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022–ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, hər iki tərəfin maddi və ailə vəziyyəti, uşaqların üstün mənafeyi və iddiaçının himayəsində yaşamaları, habelə digər hallar nəzərə alındıqda, hazırda uşaqlar üçün ödənilən alimentin miqdarı, onlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə olduqca azdır. Bundan başqa, ötən müddətdə uşaqlar böyüməklə onların maddi tələbatı da artmış, həmçinin cavabdehin maddi vəziyyətində də müsbət doğru dəyişiklik olmuşdur. Belə ki, cavabdeh hazırda “HEAVY CRRANE FZE”şirkətində işləməklə ayda 1000 manatdan yuxarı məbləğdə əməkhaqqı alır. Bu da onun əvvəlki dövrə münasibətdə maddi vəziyyətinin yaxşılaşmasını göstərir. Hazırkı vəziyyətdə uşağın yaşayış minimumunun artması və cavabdehin maddi vəziyyətinin yaxşılaşması, alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, uşaqlara təyin olunmuş alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay hər uşaq üçün cavabdehdən 120 manat məbləğində alimentin alınmasının müəyyən edilməsi, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu və cavabdehin aylıq qazancı ilə müqayisədə azdır və uşaqların maddi tələbatlarını tam təmin etmir. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu və cavabdehin maddi vəziyyətini nəzərə almaqla, uşaqların maraqlarını rəhbər tutaraq, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının uşaqların hər birinə münasibətdə hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsi uşaqların mənafeyinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin alınması uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Mülki-Prosessual Məcəllənin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır Məhkəmə, həmçinin iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, cavabdehdən hər ay iddiaçının tələb etdiyi məbləğdə alimentin tutulması, onun aylıq qazancına mütənasib deyildir. Belə ki, Dövlət Vergi Xidməti tərfindən cavabdehin 9 aylıq qazancının (tutulmalar nəzərə alınmadan), cəmi 10.676,71 manat olduğu göstərilmişdir. Belə olan halda cavabdehin aylıq qazancının 1186,30 manat olduğu müəyyən edilir. Çıxılmalar aparıldıqdan sonra isə cavabdehin qazancından hər ay hər uşaq üçün 193 manat məbləğində aliment tutulması, onun əlverişsiz vəziyyətə düşməsinə və maddi vəziyyətinin pisləşməsinə səbəb ola bilər. Ona görə də iddianın qalan hissəsi təmin olunmamalıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında irəli sürülmüş mövqeyə görə məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2008-ci il tarixdə doğulmuş Rafael və xx.xx.2013-cü il tarixdə doğulmuş Rəhman adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017ci il tarixli 2(051)-754/2017 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub elektron hökumət portalına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-2267/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2267/2022
09.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver