Məhkəmə qərarları › İş №e-2(051)-2320/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2320/2025

04.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2320/2025 04.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı BOKT MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 800 manat əsas, 40 manat faiz, 140 manat komissiya və 58 manat cərimə olmaqla, cəmi 1038 manat borcun və ödənilmiş dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı BOKT MMC (bundan sonra “İddiaçı”) mülki dövriyyədə bir qayda olaraq istehlak məqsədli mikrokreditlərin verilməsini həyata keçirir. Kreditin verilməsi “Manato.az” internet səhifəsi vasitəsilə “online” qaydada (müştərinin nömrəsinə göndərilən OTP kodunu daxil etməklə) verilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********005 saylı “mikrokredit müqaviləsi”nə (bundan sonra “müqavilə” adlanacaq) əsasən, cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 800 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinizə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas məbləğ üzrə 800 manat, faiz borcu üzrə 40 manat, xidmət haqqına (komissiyaya) görə isə 140 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir. Müqavilənin 1.14-cü bəndinə görə, öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə kreditor borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85%-i həcmində faiz tələb etmək hüququna malikdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona 58 manat məbləğində cərimə hesablanmışdır. Beləliklə, cavabdehin müqavilə üzrə maliyyə arayışı tərtib edilən tarixə olan ümumi borcu 1038 manat təşkil edir. Odur ki, iddiaçı cavabdehdən 800 manat əsas, 40 manat faiz, 140 manat komissiya və 58 manat cərimə olmaqla, cəmi 1038 manat borcun və ödənilmiş dövlət rüsumu məbləğinin tutulub iddiaçının xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan reyestrdən görünür ki, cavabdehə məhkəmə bildirişi göndərilmiş, lakin qanunla müəyyən olunmuş müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işdə olan İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024cü il tarixli, **********005 saylı kredit müqaviləsindən görünür ki, cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 800 manat məbləğində kredit verilmişdir. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya olan borcu 800 manat əsas, 40 manat faiz, 140 manat komissiya, 58 manat cərimə olmaqla, cəmi 1038 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, cavabdeh verilmiş kredit məbləğinin qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişlər tam həcmdə yerinə yetirilməyərək, öhdəliyi icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya borcu yaranmışdır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********005 saylı “mikrokredit müqaviləsi”ndən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh 30 gün müddətinə kreditdən istifadəyə görə 800 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçıya ödənilməmiş borcu vardır. Hazırda cavabdehin iddiaçıya cəmi kredit xətti üzrə 1038 manat məbləğində kredit borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehdən 800 manat əsas, 40 manat faiz borcu, 140 manat komissiya borcu alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən azaldılaraq, 6 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 6 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, 800 manat əsas, 40 manat faiz, 140 manat komissiya, 6 manat cərimə olmaqla, cəmi 986 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Odur ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı BOKT MMC ilə Cavabdeh arasında olan xx.xx.2024-cü il tarixli **********005 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh 800 manat əsas, 40 manat faiz, 140 manat komissiya, 6 manat cərimə olmaqla, cəmi 986 manat alınıb İddiaçı BOKT MMC-yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul alınıb İddiaçı BOKT MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar