Məhkəmə qərarları › İş №e-2(051)-2344/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2344/2022

26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2344/2022 26.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2021–ci il tarixli CE/03331/83/28 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 3926.63 manat əsas kredit borcu, 1107.25 manat faiz borcu, 129.8 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5163.68 manat məbləğində pulun və ödənilmiş 72 manat məbləğində dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bankın nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, bankla Cavabdeh arasında xx.xx.2021–ci il tarixli CE/03331/83/28 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı bank cavabdehə 36 ay müddətinə illik 28 faiz ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Bununla da cavabdehin banka 3926.63 manat əsas kredit borcu, 1107.25 manat faiz borcu, 129.8 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5163.68 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Hesab edir ki, cavabdehdən 3926.63 manat əsas kredit borcu, 1107.25 manat faiz borcu, 129.8 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5163.68 manat məbləğində pulun və ödənilmiş 72 manat məbləğində dövlət rüsumu alınıb təmsil etdiyi şəxsə verilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, onunla iddiaçı arasında bağlanmış xx.xx.2021–ci il tarixli CE/03331/83/28 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona istehlak məqsədləri üçün 36 ay müddətinə illik 28 faiz ödəmək şərtilə 4000 manat məbləğində kredit verilmişdir. Lakin maddi imkanı olmadığı üçün banka olan borcunu ödəyə bilməmişdir. Ona görə də bank tərəfindən ona faiz və dəbbə pulu hesablanmışdır. Hesab edir ki, cərimənin yüksək məbləğdə hesablanması onu əlverişsiz vəziyyətə salır. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021–ci il tarixli CE/03331/83/28 saylı kredit sazişindən görünür ki, bank cavabdehə 36 ay müddətinə illik 28 faiz ödəmək şərtilə 4000 manat məbləğində kredit vermişdir. İşdə olan kassa məxaric orderindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Səməd Vurğun filialından 4000 (dörd min) manat məbləğində pulu şəxsən almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı banka 3926.63 manat əsas kredit borcu, 1107.25 manat faiz borcu, 129.8 manat məbləğində cərimə borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehə borcu xatırladılaraq ondan həmin pul məbləği tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh arasında xx.xx.2021–ci il tarixdə CE/03331/83/28 saylı kredit sazişi, yəni etibarlı şəkildə borc müqaviləsi bağlanmış, həmin sazişə əsasən bank cavabdehə 36 ay müddətinə illik 28 faiz ödəmək şərtilə 4000 manat məbləğində kredit (borc) vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti və faizlərini qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onun 3926.63 manat əsas kredit borcu, 1107.25 manat faiz borcu qalmışdır Kredit öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə ona 129.8 manat məbləğində cərimə hesablanmışdır. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında predmeti pul məbləği olan yazılı kredit (borc) müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan 36 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 4000 manat məbləğində kredit (borc) pul almışdır. Cavabdeh həmin pulu müqavilədə göstərilən müddət ərzində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu ödəməmiş və iddiaçı bank əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçı bankın cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinəəsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinəəsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı banka ödənilməmiş 3926.63 manat əsas, 1107.25 manat faiz borcu yaranmış, öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə ona 129.8 manat məbləğində cərimə borcu qalmışdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq, hesab edir ki, xx.xx.2021–ci il tarixli CE/03331/83/28 nömrəli kredit müqaviləsi ləğv edilməli və cavabdehdən xx.xx.2021-ci il tarixli CE/03331/83/28 nömrəli kredit müqaviləsi üzrə 3926.63 manat əsas borc alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən azaldılaraq, 20 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq CE/03331/83/28 nömrəli kredit müqaviləsi üzrə 20 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə, həmçinin hesab edir ki, cavabdeh tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduğuna görə xx.xx.2021–ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Odur ki, xx.xx.2021–ci il tarixli CE/03331/83/28 saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 3926.63 manat, 1107.25 manat faiz borcu, 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5053.88 manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən ödədiyi dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 70.53 manat hissəsi cavabdehdən alınıb iddiaçı banka verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlaraəsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2021–ci il tarixdə bağlanmış CE/03331/83/28 nömrəli kredit müqaviləsi ləğv edilsin. xx.xx.2021–ci il tarixli CE/03331/83/28 saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas kredit borcu üzrə 3926.63 (üç min doqquz yüz iyirmi altı manat altmış üç qəpik) manat, 1107.25 (min yüz yeddi manat iyirmi beş qəpik) manat faiz borcu, 20 (iyirmi) manat məbləğində cərimə olmaqla, cəmi 5053.88 (beş min əlli üç manat səksən səkkiz qəpik) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 70.53 (yetmiş manat, əlli üç qəpik) hissəsi alınıb iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar