Məhkəmə qərarları › İş №e-2(051)-2607/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2607/2023

22.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2607/2023 22.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi X1 qızının katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə İddiaçı vəkili Nümayəndə iddia tələbini müdafiə edərək göstərdi ki, Ucar rayon Məhkəməsinin 24 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 23 noyabr 2010-cu il tarixdə doğulmuş oğlumuz X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilməklə hər ay sabit pul məbləğində 100 manat müəyyən edilmişdir. Cavabdehin məhkəmə qətnaməsinə əsasən ödədiyi 100 manat aliment uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşaq böyüdükcə onun maddi ehtiyacları daha da artır və ödənilən aliment məbləği uşağın maddi tələbatını təmin etmək üçün çətinliklər yaradır. İddiaçı yalnız öz qazancı hesabına uşağın maddi ehtiyaclarını təmin edə bilmir. Bu səbəbdən də maddi vəziyyətim pisləşmişdir. Cavabdeh yalnız təyin edilmiş alimenti ödəməklə kifayətlənir, heç vaxt uşağın yaşayış şəraiti ilə maraqlanmır. Mübahisənin həlli üçün mediatora müraciət etsə də cavabdeh mediasiya sessiyasına gəlmədiyi üçün mübahisəni həll edə bilməmişlər. Bu səbəbdən də eyni tələblə məhkəməyə müraciət edir. Ona görə də iddiaçı məhkəmədən aliment miqdarının dəyişdirilərək cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının tələb etdiyi məbləğ çoxdur və həmin məbləği ödəməyə imkanı çatmır. Ona görə də iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə münasibətlərindən xx.xx.2010-cu il təvəllüdlü Tunar adlı uşağı var. İş materiallarında olan Ucar rayon Məhkəməsinin 24 aprel 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh Tunar adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Beləliklə məhkəmə baxışında müəyyən olundu ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Tunar adlı uşağı doğulmuşdur. Sonradan nikahları məhkəmə qaydasında pozulmuş və Mingəçevir şəhər Məhkəməsinin qətnaməsinə əsasən, Cavabdeh Tunar adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Hal-hazırda iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik olmuşdur və iddiaçının maddi cəhətdən çətinlikləri yaranmışdır. Ona görə də iddiaçı alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsini məhkəmədən xahiş edir. Lakin məhkəmədə iddiaçı cavabdehin qazancının və digər gəlirlərinin 220 manat məbləğində tutulacağı həcmdə olmasını tam sübuta yetirə bilmədi. Odur ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istəlinən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Odur ki, məhkəmə tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz iddia tələbinin əsasları olan faktiki halları qismən sübuta yetirmişdir. Belə ki o, məhkəməyə cavabdehin qazancı və digər gəlirləri barədə mötəbər sübutlar təqdim etmədi. Odur ki, məhkəmə hesab edir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı artırılaraq hər ay 180 manat müəyyən edilməsi ədaləti və məqsədə müvafiqdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Ucar rayon Məhkəməsinin 24 aprel 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 23 noyabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsinə aldığı vaxdan hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar