Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-261/2025 08.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1776.72 manat əsas, 1.18 manat faiz borcu olmaqla, ümumilikdə 1777.9 manat borcun və 37.77 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra - İddiaçı QSC) İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli 86 saylı Qərarının icrası ilə əlaqədar İddiaçı QSC-nin Şəki filialı ilə Cavabdeh1 arasında 21 dekabr 2020-ci il tarixli RDB-075 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” (Restrukturizasiya müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 2968,01 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Şəki filialı ilə Cavabdeh2 arasında 21 dekabr 2020-ci il tarixli Z-1 (RDB-075) saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da cavabdeh Muradova X1 müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh1 İddiaçı QSC-yə olan əsas borcu 1776,72 manat, faiz borcu 1,18 manat olmaqla, cəmi borc 1777,9 manat məbləğində təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh1 və zamin Cavabdeh2 dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Odur ki, iddiaçı cavabdehlərdən müştərək qaydada 1776.72 manat əsas, 1.18 manat faiz borcu olmaqla, ümumilikdə 1777.9 manat borcun və 37.77 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2024-cü il tarixdə məhkəmə cavabdehlərə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh1 göndərilmiş məhkəmə bildirişini etibarnamə ilə Xatirə Yusibova xx.xx.2024-cü il tarixdə qəbul etmiş, lakin Cavabdeh2 məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün məhkəmə bildirişi Cavabdeh2 məlum olan axırıncı yaşayış yeri üzrə 13 saylı Mənzil İstismar Sahəsinə ünvanlanmış, qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Cavabdehlər həmin tarixlərdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Məhkəmə, cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazlarının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işdə olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli RDB-075 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi”ndən görünür ki, Cavabdeh1 2968,01 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətində Kreditora ödənilməsi barədə öhdəlik götürmüşdür. İşdə olan İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh2 arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli Z-1 (RDB-075) saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan İddiaçı QSC-yə aid məlumatdan görünür ki, Cavabdeh1 iddiaçıya olan borcu 1776.72 manat məbləğində əsas borc, 1.18 manat məbləğində faiz borcu olmaqla, cəmi 1777.9 manat məbləğində təşkil edir. İşdə olan 23 sentyabr 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehlərdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdehlər üzərlərinə götürdükləri öhdəliyi lazımi qaydada icra etməmişlər, onların iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır. Beləliklə işin faktiki hallarından müəyyən olunur ki, Cavabdeh1 verilmiş kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişlər vaxtı-vaxtında və tam həcmdə yerinə yetirilməyərək, öhdəliyi icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya cəmi 1777.9 manat borcu yaranmışdır. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli RDB-075 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi”nə əsasən Cavabdeh1 2968,01 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 il müddətində Kreditora ödənilməsi barədə öhdəlik götürmüşdür. Eyni zamanda həmin tarixdə kredit müqaviləsinin icrasının təminatı kimi iddiaçı ilə digər Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 borclunun iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdehlər borcu tam ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlər müqavilə öhdəliyinə əməl etmədiklərinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyırlar. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 1776.72 manat əsas borc, 1.18 manat faiz borcu olmaqla, cəmi 1777.9 manat məbləğində pul tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 37.77 manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1776.72 (bir min yeddi yüz yetmiş altı manat yetmiş iki qəpik) manat əsas borc, 1.18 (bir manat on səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 1777.9 (bir min yeddi yüz yetmiş yeddi manat doxsan qəpik) manat məbləğində pul tutulub İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olan 37.77 (otuz yeddi manat yetmiş yeddi qəpik) manat məbləğində pul alınıb İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-261/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-261/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver