Məhkəmə qərarları › İş №e-2(051)-2623/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2623/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2623/2023 01.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2376.87 manat əsas, 465.40 manat faiz borcu olmaqla, ümumilikdə 2842.27 manat borcun və 48.83 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 600804-621911/3 nömrəli istehlak krediti müqaviləsinə əsasən, iddiaçı bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 24% dərəcəsi ilə 8000 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli 600804-621911/3 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar borclarını ödəməmişlər, nəticədə xx.xx.2022-ci il tarixə 2376.87 manat əsas, 465.40 manat faiz borcu olmaqla, ümumilikdə 2842.27 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Cavabdeh1 müqavilənin qeyd olunan şərtlərini pozaraq krediti vaxtında ödəməmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Odur ki, iddiaçı cavabdehlərdən müştərək qaydada 2376.87 manat əsas, 465.40 manat faiz borcu olmaqla, ümumilikdə 2842.27 manat borcun və ödənilmiş 48.83 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehlərə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamələrdən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə məhkəmə bildirişini qəbul etmişlər, lakin həmin tarixlərdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Məhkəmə, cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazlarının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 fevral 2021-ci il tarixli, 600804-621911/3 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə illik 24% dərəcəsi ilə 8000 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh2 ilə arasında bağlanmış 09 fevral 2021-ci il tarixli 600804-621911/3 zaminlik müqavilələrindən görünür ki, cavabdeh bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehlərdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 2376.87 manat əsas, 465.40 manat faiz borcu olmaqla, ümumilikdə 2842.27 manat məbləğində kredit borcu yaranmışdır. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli kassa məxaric orderin surətindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən xx.xx.2021-ci ildə 8000 manat məbləğində kredit götürmüşdür. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdehlər üzərlərinə götürdükləri öhdəliyi lazımi qaydada icra etməmişlər, onların iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır. Beləliklə işin faktiki hallarından müəyyən olunur ki, Cavabdeh1 verilmiş kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişlər vaxtı-vaxtında və tam həcmdə yerinə yetirilməyərək, öhdəliyi icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə banka cəmi 2842.27 manat borcu yaranmışdır. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, Cavabdeh1 ilə bank arasında predmeti pul məbləği olan yazılı borc müqaviləsi bağlanmış, cavabdehə 36 ay müddətinə illik 24% dərəcəsi ilə 8000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin pulu müqavilədə göstərilən müddət ərzində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Bankla digər Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 600804- 621911/3 zaminlik müqavilələrindən görünür ki, cavabdehlər bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin cavabdehlər borcu tam ödəməmiş və iddiaçı bank əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqavilələrində zaminlərin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zaminlər borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Cavabdehlər müqavilə öhdəliyinə əməl etmədiklərinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyırlar. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2842.27 manat məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 48.83 manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2376,87 (iki min üç yüz yetmiş altı manat səksən yeddi qəpik) manat əsas borc, 465.40 (dörd yüz altmış beş manat qırx qəpik) manat faiz borcu olmaqla, cəmi 2842.27 (iki min səkkiz yüz qırx iki manat iyirmi yeddi qəpik) manat məbləğində pul tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olan 48.83 (qırx səkkiz manat səksən üç qəpik) manat məbləğində pul alınıb İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar