Məhkəmə qərarları › İş №e-2(051)-286/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-286/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-286/2025 17.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi ilə İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il tarixli MF-FEX/149 saylı kredit müqaviləsi üzrə 224,98 manat əsas, 4,68 manat faiz borcu, AR MM-nin 445.7ci maddəsinə əsasən əsas borca illik 5% lə hesablanmış 1,20 manat faiz borcu olmaqla, ümumilikdə 230,86 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MF-FEX/149 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətə 1 il güzəşt müddəti olmaqla, illik 1% dərəcəsi ilə 236 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, borcunu ödəməmiş, nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə 224,98 manat əsas, 4,68 manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5% lə hesablanmış 1,20 manat faiz borcu olmaqla, ümumilikdə 230,86 manat məbləğində kredit borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq krediti vaxtında ödəməmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Odur ki, iddiaçı cavabdehdən 224,98 manat əsas, 4,68 manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5% lə hesablanmış 1,20 manat faiz borcu olmaqla, ümumilikdə 230,86 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MF-FEX/149 nömrəli kredit müqaviləsindən görünür ki, borc məbləğinin restrukturizasiyası məqsədi ilə bank tərəfindən cavabdehə 5 il müddətə 1 il güzəşt müddəti olmaqla, illik 1% dərəcəsi ilə 236 manat məbləğində kredit verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh banka 224,98 manat əsas, 4,68 manat faiz borcu, AR MM-nin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5% lə hesablanmış 1,20 manat faiz borcu olmaqla, ümumilikdə 230,86 manat məbləğində kredit borcu yaranmışdır. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehə 224,98 manat əsas, 1,73 manat faiz borcu olmaqla, ümumilikdə 226,71 manat borcu yarandığı xatırladılaraq, ondan borc məbləğini qaytarmaq tələb olunmuşdur. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh öz öhdəliyini lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, Cavabdeh verilmiş kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişlər vaxtı-vaxtında və tam həcmdə yerinə yetirilməyərək, öhdəliyi icra etməmişdir. Nəticədə, iddiaçı bank xx.xx.2023-cü il tarixdə cavabdehə borcun ödənilməsinə dair bildiriş göndərmişdir. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, Cavabdeh ilə bank arasında predmeti pul məbləği olan yazılı borc müqaviləsi bağlanmış, xx.xx.2019-cu il tarixli MF-FEX/149 saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə bank tərəfindən cavabdehə 5 il müddətə 1 il güzəşt müddəti olmaqla, illik 1% dərəcəsi ilə 236 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin pulu müqavilədə göstərilən müddət ərzində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu tam ödəməmiş və iddiaçı bank əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçı tərəf xx.xx.2023-cü il tarixdə müqavilənin birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada ləğv edilməsinə dair cavabdeh tərəfə bildiriş göndərmişdir. Həmin tarixdən tərəflər arasında bağlanmış kredit (borc) müqaviləsi ləğv edildiyindən, iddiaçı bankın cavabdehə qarşı müqavilənin ləğvindən əvvəl gecikdirilmiş əsas məbləğin və hesablanmış faizlərin, həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə, həmçinin hesab edir ki, cavabdehdən xx.xx.2023-cü il tarixli bildirişə əsasən 160,21 manat əsas, 1,70 manat faiz borcu olmaqla, ümumilikdə 161,91 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçı bankın xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfə 160,21 manat əsas, 1,70 manat faiz borcu olmaqla, ümumilikdə 161,91 manat məbləğində borcun ödənilməsinə dair bildiriş göndərməsi, o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı bank tərəfindən birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada müqavilə ləğv edilmişdir. Müqavilə ləğv edildikdən sonra iddiaçı bank yalnız müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitetin (əsas məbləğin və hesablanmış faizlərin), həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, faiz və cərimə məbləği iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğdə deyil, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə ünvanlanmış bildirişdə qeyd edilmiş məbləğdə, yəni 160,21 manat əsas, 1,70 manat faiz borcu olmaqla, ümumilikdə 161,91 manat məbləğində qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməli və Cavabdeh ödənilmiş dövlət rüsumunun 30 manat məbləğində hissəsi alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli MF-FEX/149 nömrəli kredit müqaviləsinə əsasən, 160,21 manat əsas, 1,70 manat faiz borcu və AR MM-nin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5% lə hesablanmış 1,20 manat faiz borcu olmaqla, ümumilikdə 163,11 manat məbləğində pul tutulub iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilsin. Ödənilmiş dövlət rüsumunun 30 manat məbləğində hissəsi Cavabdeh alınıb iddiaçı LPO İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar