Məhkəmə qərarları › İş №e-2(051)-288/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-288/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-288/2025 05.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə 17978.23 manat əsas, 958.14 manat faiz və 229.04 manat cərimə borcunun; Cavabdeh1 xx.xx.2023-cü il tarixli 004KK**********01 saylı kredit müqaviləsi üzrə 500 manat əsas, 108.29 manat faiz borcu olmaqla, cəmi 19773 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 149.32 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 004A********** saylı kredit müqaviləsinə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Cavabdeh1 48 ay müddətinə aylıq 1.6667% ödəmək şərti ilə 21000 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamış, 3021.77 manat ödəniş etmiş və iddiaçıya 17978.23 manat məbləğində borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə vaxtı hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Cavabdeh1 kredit borcu və faiz borcunu banka qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 100 gün üçün hesablanmış faiz borcu 958.14 manat təşkil etmişdir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu tərəfindən hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödənməli, xx.xx.2023-cü il tarixə 100 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 229.04 manat təşkil etmişdir. Qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Bundan başqa Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli, 004KK**********01 saylıkart kredit müqaviləsi əsasında cavabdehə “Visa OK Credit Cards” növlü kart hesabı və 36 ay müddətinə 500 manat məbləğində kredit limiti açılmışdır. Cavabdehin əsas borc üzrə 500 manat məbləğində kredit borcu və müqavilənin 7.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixə 156 gün üçün hesablanmış faiz borcu 108.29 manat təşkil etmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı QSC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı: İş üzrə İddiaçı QSC məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etdi və izahat verərək bildirdi ki, maddi imkan olmadığından banka olan borc ödənilməmişdir. İddianın əsas borc məbləği tələbinə dair hissəsini qəbul edir və hesab edir ki, faiz borcu yüksək hesablanmışdır. İddianın faiz və cərimə tələbinə dair hissəsinin azaldılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsi ilə bağlı üzrlü səbəb bildirməmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli, 004A********** saylı ərizə-kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında müqavilə bağlanmış, bank tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 20% olmaqla 21000 manat kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, 004A********** saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borclu Cavabdeh1 xx.xx.2023-cü il tarixdən xx.xx.2027-ci il tarixədək hər ay 646 manat, sonuncu ay 614.75 manat olmaqla ödəniş cədvəli tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə 004G**********01 saylı zaminlik müqaviləsi imzalanmışdır. xx.xx.2023-cü il tarixli, 004KK**********01 saylı ərizə-kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında müqavilə bağlanmış, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə 500 manat məbləğində kredit kartı verilmişdir. Cavabdeh1 məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə cavabdehin hesabına xx.xx.2023-cü il tarixdə 21000 manat mədaxil olunmuşdur. xx.xx.2024-cü il tarixdə Cavabdeh1 göndərilmiş mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildirişdən görünür ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 17978.23 manat əsas, 958.14 manat faiz və 229.04 manat cərimə olmaqla, cəmi 19165.41 manat məbləğində borcun cavabdehdən ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət olunacağı, borcdan əlavə məhkəmə xərclərinin tutulacağı bildirilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh1 göndərilmiş mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildirişdən görünür ki, cavabdehin kart kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 500 manat əsas, 108.29 manat faiz borcu olmaqla, cəmi 608.29 manat məbləğində borcun cavabdehdən ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət olunacağı, borcdan əlavə məhkəmə xərclərinin tutulacağı bildirilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh2 göndərilmiş mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildirişdən görünür ki, zamin durduğu Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 17978.23 manat əsas, 958.14 manat faiz və 229.04 qəpik cərimə olmaqla, cəmi 19165.41 manat məbləğində borcun Cavabdeh2 ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət olunacağı, borcdan əlavə məhkəmə xərclərinin tutulacağı bildirilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə İddiaçı QSC-nə borcu 17978.23 manat əsas, 958.14 manat faiz və 229.04 manat cərimə olmaqla, cəmi 19165.41 manat təşkil edir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kart krediti üzrə xx.xx.2024-cü il tarixinə İddiaçı QSC-nə borcu 500 manat əsas, 108.29 manat faiz olmaqla, cəmi 608.29 manat təşkil edir. xx.xx.2024-cü il tarixli ********** №li mədaxil qəbzindən görünür ki,İddiaçı QSC tərəfindən iddia ərizəsinin verilməsi üçün 149.32 manat dövlət rüsumu ödənilmişdir. İşin müəyyən olunmuş halı: Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə İddiaçı QSC-dən 48 ay müddətinə aylıq 1.6667% ödəmək şərti ilə 21000 manat məbləğində kredit götürmüşdür. Müqavilənin təminatı olaraq bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 004KK**********01 saylı kart krediti müqaviləsinə əsasən İddiaçı QSC-dən 36 ay müddətinə 500 manat məbləğində plastik kredit kartı əldə etmişdir. Hazırda bank Cavabdeh1 və zamin kimi Cavabdeh2 qaytarılmamış borcu tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (həmin vaxt qüvvədə olan) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Məhkəmənin iş üzrə gəldiyi nəticə: İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məktub ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar kredit müqaviləsi üzrə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı müqavilədən imtina etməsini qarşı tərəfə bildirmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarı). Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (xx.xx.2024-cü il tarixli məktubda göstərilən məbləğdə). Cavabdeh1 ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehlərin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini - tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı QSC Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə olan 3875.41 manat məbləğində əsas, 99.76 manat məbləğində faiz, 229.04 manat cərimə borcunun, eləcə də Cavabdeh1 xx.xx.2023cü il tarixli 004KK**********01 saylı kart kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə olan 500 manat əsas, 108.29 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən ödənilmiş 149.32 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 004A********** saylı müqavilə üzrə 17978.23 (on yeddi min doqquz yüz yetmiş səkkiz manat iyirmi üç qəpik) manat əsas, 958.14 (doqquz yüz əlli səkkiz manat on dörd qəpik) manat faiz və 229.04 (iki yüz iyirmi doqquz manat dörd qəpik) manat cərimə olmaqla, cəmi 19165.41 (on doqquz min bir yüz altmış beş manat qırx bir qəpik) manat məbləğində pul alınıb İddiaçı QSC-yə verilsin. Cavabdeh1 Mai oğlundan xx.xx.2023-cü il tarixli, 004KK**********01 saylı müqavilə üzrə 500 (beş yüz manat) manat əsas, 108.29 (bir yüz səkkiz manat iyirmi doqquz qəpik) manat faiz olmaqla, cəmi 608.29 (altı yüz səkkiz manat iyirmi doqquz qəpik) manat məbləğində pul alınıb İddiaçı QSC-yə verilsin. Cavabdeh1 və Cavabdeh2 ödənilmiş dövlət rüsumu 149.32 (bir yüz qırx doqquz manat otuz iki qəpik) manat pul alınaraq İddiaçı QSC-yə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar