Məhkəmə qərarları › İş №e-2(051)-292/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-292/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-292/2024 14.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh1 600802-125743/8 nömrəli kredit müqaviləsi üzrə 4519.81 manat əsas kredit borcu və 337.2 manat faiz borcu olmaqla, cəmi 4857.01 manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 600802-125743/9 nömrəli kredit müqaviləsi üzrə 11380.2 manat əsas kredit borcu və 1108.4 manat faiz borcu olmaqla, cəmi 12488.6 manat, hər iki müqavilə üzrə ümumilikdə 17345.61 manat məbləğində pulun və ödənilmiş 142.44 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, bankla Cavabdeh1 arasında bağlanmış 24 avqust 2021-ci il tarixli, 600802-125743/8 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 16% dərəcəsi ilə 7000.00 manat, 28 sentyabr 2022-ci il tarixli, 600802-125743/9 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 15% dərəcəsi ilə 12700.00 manat məbləğində kredit verilmişdir. İstehlak krediti müqavilələrinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda bank və digər Cavabdeh2 arasında 28 sentyabr 2022-ci il tarixli, 600802-125743/9 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 28 sentyabr 2022-ci il tarixli, 600802-125743/9 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Cavabdeh1 əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. 04 noyabr 2023-cü il tarixinə cavabdehin 600802-125743/8 nömrəli kredit müqaviləsi üzrə 4519.81 manat əsas kredit borcu və 337.2 manat faiz borcu olmaqla, cəmi 4857.01 manat, 600802-125743/9 nömrəli kredit müqaviləsi üzrə 11380.2 manat əsas kredit borcu və 1108.4 manat faiz borcu olmaqla, cəmi 12488.6 manat, hər iki müqavilə üzrə ümumilikdə 17345.61 manat məbləğində kredit borcu yaranmışdır. Odur ki, Cavabdeh1 600802-125743/8 nömrəli kredit müqaviləsi üzrə 4519.81 manat əsas kredit borcu və 337.2 manat faiz borcu olmaqla, cəmi 4857.01 manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 600802-125743/9 nömrəli kredit müqaviləsi üzrə 11380.2 manat əsas kredit borcu və 1108.4 manat faiz borcu olmaqla, cəmi 12488.6 manat, hər iki müqavilə üzrə ümumilikdə 17345.61 manat məbləğində pulun və ödənilmiş 142.44 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 iştirak etdiyi məhkəmə iclası zamanı iddianı qəbul etmiş və göstərmişdir ki, o, həqiqətən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə 28 sentyabr 2022-ci il tarixli, 600802- 125743/9 nömrəli zaminlik müqaviləsi bağlamışdır. Borcalan borcun ödənilməsi ilə bağlı söz versə də sözünə əməl etməmiş, nəticədə, kredit borcu yaranmışdır. Lakin hazırda borcalan torpaq sahəsi olduğunu, satıb borcunu ödəyəcəyini ona bildirmişdir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını və qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər isə gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24 avqust 2021-ci il tarixli, 600802-125743/8 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə 48 ay müddətinə, illik 16% dərəcəsi ilə 7000.00 manat məbləğində kredit vermişdir. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28 sentyabr 2022-ci il tarixli, 600802-125743/9 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə 48 ay müddətinə, illik 15% dərəcəsi ilə 12700.00 manat məbləğində kredit vermişdir. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 28 sentyabr 2022-ci il tarixli, 600802-125743/9 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 28 sentyabr 2022-ci il tarixli, 600802-125743/9 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. İşdə olan kassa məxaric orderindən görünür ki, Cavabdeh1 24 avqust 2021-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 7000.00 manat məbləğində pulu şəxsən almışdır. İşdə olan kassa məxaric orderindən görünür ki, Cavabdeh1 28 sentyabr 2022-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 12700.00 manat məbləğində pulu şəxsən almışdır. İşdə olan Cavabdeh1 ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə 24 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə borclu olduğu 5062.31 manat əsas borc, 146.24 manat faiz borcu olmaqla, cəmi 5208.55 manat məbləğində vəsait xatırladılaraq, ondan xx.xx.2023-cü il tarixədək borc məbləğini qaytarmaq tələb olunmuşdur. İşdə olan cavabdehlərə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə 28 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə borclu olduqları 12237.31 manat əsas borc, 363.01 manat faiz borcu olmaqla, cəmi 12600.32 manat məbləğində vəsait xatırladılaraq, onlardan xx.xx.2023-cü il tarixədək borc məbləğini qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 24 avqust 2021-ci il tarixli, 600802-125743/8 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə 4519.81 manat əsas kredit borcu və 337.2 manat faiz borcu olmaqla, cəmi 4857.01 manat məbləğində borcu yaranmışdır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 28 sentyabr 2022-ci il tarixli, 600802-125743/9 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə 11380.2 manat əsas kredit borcu və 1108.4 manat faiz borcu olmaqla, cəmi 12488.6 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış 24 avqust 2021-ci il tarixli, 600802- 125743/8 nömrəli kredit (borc) müqaviləsinə əsasən bank cavabdehə 48 ay müddətinə, illik 16% dərəcəsi ilə 7000.00 manat, 28 sentyabr 2022-ci il tarixli, 600802-125743/9 nömrəli kredit (borc) müqaviləsinə əsasən 48 ay müddətinə, illik 15% dərəcəsi ilə 12700.00 manat məbləğində kredit vermişdir. 28 sentyabr 2022-ci il tarixli, 600802- 125743/9 nömrəli kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zamin Cavabdeh2 borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Tərəflər arasında razılaşdırılmış cədvələ uyğun olaraq cavabdeh hər ay krediti faizləri ilə birlikdə qaytarmalı olmasına baxmayaraq, öhdəliyinə əməl etməmişdir. Nəticədə, iddiaçı bank xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfə borcun ödənilməsinə dair bildirişlər göndərməklə müqavilədən birtərəfli qaydada imtina etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh1 arasında 24 avqust 2021-ci il tarixdə predmeti pul məbləği olan kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 48 ay müddətinə, illik 16% dərəcəsi ilə 7000.00 manat, 28 sentyabr 2022-ci il tarixdə predmeti pul məbləği olan kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 48 ay müddətinə, illik 15% dərəcəsi ilə 12700.00 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış cədvələ uyğun olaraq həmin kredit məbləğlərini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Digər Cavabdeh2 isə 28 sentyabr 2022-ci il tarixdə bağlanmış zaminlik müqaviləsi əsasında 28 sentyabr 2022-ci il tarixli, 600802-125743/9 nömrəli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. Lakin Cavabdeh1 öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı borcun ödənilməsini tələb etmək üçün subyektiv hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, bağlanmış zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 da birgə borclu kimi bank qarşısında borcalan Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarına əsasən, Cavabdeh1 600802-125743/8 nömrəli kredit müqaviləsi üzrə 4519.81 manat əsas borc, 146.24 manat faiz borcu olmaqla, cəmi 4666.05 manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 600802-125743/9 nömrəli kredit müqaviləsi üzrə 11380.2 manat əsas borc, 363.01 manat faiz borcu olmaqla, cəmi 11743.21 manat, hər iki müqavilə üzrə ümumilikdə 16409.26 manat məbləğində pul alınıb iddiaçı «Expressbank” Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyini rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçı bankın xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfə borcun ödənilməsinə dair xəbərdarlıq məktubları göndərməsi, yəni iddiaçı bankın birtərəfli iradə ifadəsini cavabdehə bildirməsi ilə tərəflər arasında bağlanmış kredit (borc) müqaviləsi məhkəmədən kənar qaydada ləğv edilmiş hesab edilməlidir. Bununla da iddiaçı bank yalnız müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitetin (əsas məbləğin və hesablanmış faizlərin), həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, faiz məbləğləri iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğlərdə deyil, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfə ünvanlanmış xəbərdarlıq məktublarında qeyd edilmiş məbləğdə, yəni 600802-125743/8 nömrəli kredit müqaviləsi üzrə 146.24 manat, 600802-125743/9 nömrəli kredit müqaviləsi üzrə 363.01 manat məbləğində əsaslıdır. Ona görə də iddia tələbi qismən əsaslı olduğundan təmin edilməli və Cavabdeh1 600802- 125743/8 nömrəli kredit müqaviləsi üzrə 4519.81 manat əsas, 146.24 manat faiz borcu olmaqla, cəmi 4666.05 manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 600802-125743/9 nömrəli kredit müqaviləsi üzrə 11380.2 manat əsas, 363.01 manat faiz borcu olmaqla, cəmi 11743.21 manat, hər iki müqavilə üzrə ümumilikdə 16409.26 manat məbləğində pul alınıb iddiaçı banka verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilməli və ödənilmiş dövlət rüsumunun 125.23 manat məbləğində hissəsi verilmiş tələblər üzrə cavabdehlərdən müştərək qaydada, 14.40 manat məbləğində hissəsi isə Cavabdeh1 alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş, 24 avqust 2021-ci il tarixli, 600802- 125743/8 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 4519.81 (dörd min beş yüz on doqquz manat səksən bir qəpik) manat əsas kredit borcu, 146.24 (bir yüz qırx altı manat iyirmi dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 4666.05 (dörd min altı yüz altmış altı manat beş qəpik) manat məbləğində pul alınıb iddiaçı «Expressbank” Açıq Səhmdar Cəmiyyətinə verilsin. xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş, xx.xx.2022-ci il tarixli, 600802-125743/9 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11380.2 (on bir min üç yüz səksən manat iyirmi qəpik) manat əsas kredit borcu, 363.01 (üç yüz altmış üç manat bir qəpik) manat faiz borcu olmaqla, cəmi 11743.21 (on bir min yeddi yüz qırx üç manat iyirmi bir qəpik) manat məbləğində pul alınıb iddiaçı «Expressbank” Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Ödənilmiş dövlət rüsumunun 125.23 (bir yüz iyirmi beş manat iyirmi üç qəpik) manat məbləğində hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 14.4 (on dörd manat qırx qərik) məbləğdə pul isə Cavabdeh1 alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar