Məhkəmə qərarları › İş №e-2(051)-322/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-322/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-322/2023 23.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 17727.45 manat əsas kredit borcu, 1510.33 manat faiz borcu olmaqla, cəmi 19237.78 manat məbləğində pulun və ödənilmiş 148.11 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 17727.45 manat əsas kredit borcu, 4154.34 manat faiz borcu olmaqla, cəmi 21881.79 manat məbləğində pulun və ödənilmiş 156.45 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli, 600804-538777/4 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda bank və digər cavabdeh Zamin arasında 19 noyabr 2021-ci il tarixli, 600804- 538777/4 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən 19 noyabr 2021-ci il tarixli, 600804- 538777/4 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissəhissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. xx.xx.2023-cü il tarixinə Cavabdeh kredit müqaviləsi üzrə 17727.45 manat əsas kredit borcu, 4154.34 manat faiz borcu olmaqla, cəmi 21881.79 manat məbləğində kredit borcu yaranmışdır. Odur ki, cavabdehlərdən müştərək qaydada 17727.45 manat əsas kredit borcu, 4154.34 manat faiz borcu olmaqla, cəmi 21881.79 manat məbləğində pulun və ödənilmiş 156.45 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli, 600804-538777/4 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 48 ay müddətinə 20000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi və verilmiş krediti qaytarmağı, habelə ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə kreditdən istifadəyə görə illik 19.5% dərəcəsi ilə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Zamin arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli, 600804-538777/4 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. İşdə olan kassa məxaric orderindən görünür ki, Cavabdeh 19 noyabr 2021-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 20000 manat məbləğində pulu şəxsən almışdır. İşdə olan cavabdehlərə ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehlərə borcu xatırladılaraq, onlardan borclu olduqları məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh 19 noyabr 2021-ci il tarixli, 600804-538777/4 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə 17727.45 manat əsas kredit borcu, 4154.34 manat faiz borcu olmaqla, cəmi 21881.79 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən 19 noyabr 2021-ci il tarixli, 600804-538777/4 nömrəli kredit müqaviləsi üzrə banka ümumilikdə xx.xx.2022-ci il tarixədək 4944 manat məbləğində ödəniş aparılmış, ödənilmiş pulun 2322,71 manatı əsas borca, 2621,29 manatı isə faiz borcuna silinmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 16 mart 2023cü il tarixli, 9/941 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 19 noyabr 2021-ci il tarixli, 600804-538777/4 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu əsas borc üzrə 17677.29 manat, faiz borcu üzrə 1589.48 manat məbləğində müəyyən edilir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi 19 noyabr 2021-ci il tarixli, 600804-538777/4 nömrəli kredit müqaviləsinin xx.xx.2023-cü il tarixə qədər olan məlumatlar həddində tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış 19 noyabr 2021-ci il tarixli, 600804- 538777/4 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə 19.5% dərəcəsi ilə 48 ay müddətinə 20000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdeh Zamin ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zamin borcalan Cavabdeh kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Tərəflər arasında razılaşdırılmış cədvələ uyğun olaraq cavabdeh hər ay krediti faizləri ilə birlikdə qaytarmalı olmasına baxmayaraq, öhdəliyinə əməl etməmişdir. Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ödəniş edilmişdir. Nəticədə, iddiaçı cavabdehlərdən müştərək qaydada 17727.45 manat əsas kredit borcu, 4154.34 manat faiz borcu olmaqla, cəmi 21881.79 manat məbləğində pulun və ödənilmiş 156.45 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh arasında 19 noyabr 2021-ci il tarixdə predmeti pul məbləği olan kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə illik 19.5% dərəcəsi olmaqla 48 ay müddətinə 20000 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış cədvələ uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Digər cavabdeh Zamin isə 19 noyabr 2021-ci il tarixdə zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. Lakin Cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Bu hal iddiaçı bankın təqdim etdiyi hesabdan çıxarış, maliyyə arayışı, həmçinin ekspert rəyi ilə müəyyən olunur. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, bağlanmış zaminlik müqaviləsinə əsasən Zamin da bank qarşısında borcalan Cavabdeh ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tutulmalı pul məbləğinin miqdarı ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan hesabdan çıxarış və ekspert rəyi ilə təsdiq edildiyi kimi cavabdeh tərəfindən banka cəmi 4944 manat məbləğində ödəniş edilmiş, ödənilmiş pulun 2322,71 manatı əsas borca, 2621,29 manatı isə faiz borcuna silinmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin banka 17677.29 manat əsas borcu qalmışdır. Məhkəmə faiz borcunun məbləği ilə bağlı qeyd edir ki, ekspert rəyində faiz borcu xx.xx.2023-cü il tarixinə hesablanaraq 1589,48 manat məbləğində müəyyən edilmişdir. Kredit müqaviləsinin müddəti bitmədiyinə görə xx.xx.2023-cü il tarixə hesablanmış faiz borcu müəyyən edilməlidir. Ödəniş cədvəlindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixədək ümumilikdə banka ödənilməli olan faiz borcu 4976,28 manat təşkil edir. Cavabdeh tərəfindən edilmiş ödənişlərin 2621,29 manatı faiz borcuna silinmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin banka xx.xx.2023-cü il tarixədək olan faiz borcu 2538 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 17677.29 manat əsas kredit borcu, 2538 manat faiz borcu olmaqla, cəmi 20215.29 manat məbləğində pul alınıb iddiaçı «Expressbank” Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, Cavabdeh vəsatəti əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–nin 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilməli və cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150,64 manat məbləğində pul alınıb iddiaçı «Expressbank” Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 19 noyabr 2021-ci il tarixli, 600804-538777/4 nömrəli kredit müqaviləsi üzrə 17677.29 (on yeddi min altı yüz yetmiş yeddi manat iyirmi doqquz qəpik) manat əsas kredit borcu, 2538 (iki min beş yüz otuz səkkiz) manat faiz borcu olmaqla, cəmi 20215.29 (iyirmi min iki yüz on beş manat iyirmi doqquz qəpik) manat məbləğində pul alınıb iddiaçı «Expressbank” Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 150,64 (bir yüz əlli manat altmış dörd qəpik) manat pul alınıb «Expressbank” ASC–yə verilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar