Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-348/2025 08.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia: İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri, çınqıl-qum zavodu ətrafı, “Veteran” Bağçılıq yoldaşçılığı tərəfindən İddiaçı verilmiş 500 kv.m. bağ sahəsi və üzərində yerləşən yaşayış sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlak reyestrində qeydiyyata alınması məqsədi ilə dəvət olunmuş mütəxəssisə şəraitin yaradılması, cavabdeh tərəfindən maneələrə son qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh xx.xx.1997-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından 4 övladı doğulmuşdur. Uşaqlar yetkinlik yaşına çatmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1951/2023 nömrəli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Mingəçevir şəhəri, çınqıl-qum zavodu ətrafı, “Veteran” Bağçılıq yoldaşçılığı tərəfindən İddiaçı 500 kv.m bağ sahəsi verilmişdir. Tərəflər həmin bağ sahəsində yaşayış sahəsi tikmiş, birgə nikahda olduqları dövrdə həmin tikilidə yaşamışlar. Tərəflər arasında nikah pozulduqdan sonra cavabdeh iddiaçını və övladlarını həmin yaşayış sahəsinə buraxmamış, yaşayış sahəsinin açarlarını özündə saxlamaqla iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Hazırda bağ sahəsi və onun üzərindəki yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı həmin bağ sahəsi və yaşayış sahəsinə çıxarışın verilməsi ilə bağlı aidiyyəti sənədləri təqdim etməklə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsinə müraciət etsə də, cavabdeh çıxarışın verilməsi üçün yaşayış sahəsinə baxış keçirməsi zəruri olan mütəxəssisləri də buraxmamış, qapını açmamışdır. Bu səbəbdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi idarəsi çıxarış verilməsi ilə bağlı ərizələrinə baxılmasından imtina etmişdir. Məhkəməyə təqdim edilən texniki pasporta əsasən torpaq sahəsinin birgə nikah dövründə əldə edildiyi sübuta yetirilir. Ali məhkəmənin Plenumunun mövqeyinə əsasən əmlakın nikah dövründə əldə edilməsinin sübuta yetirilməsi həmin əmlakın birgə mülkiyyət kimi qəbul edilməsi ücün yetərlidir. İddiaçı hazırda birgə mülkiyyətlərində olan əmlakdan istifadə hüququndan məhrum olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddiaçının iddia tələbi ilə razıdır, o, işdə olarkən evə baxmaq üçün şəxslərin gəldiyindən məlumatı olmamışdır. İddianın təmin olunmasına etirazı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: xx.xx.2024-cü il tarixdə İddiaçı 18/87 saylı Mingəçevir şəhəri, “Çınqıl-Qum” zavodu ətrafı, “Veteran” bağçılıq yoldaşçılığında yerləşən 500 kv.m. bağ sahəsinin texniki pasportu verilmişdir. AZ-İ 492196 №li xx.xx.2024-cü il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında bağlanmış nikah Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmiş və xx.xx.2023-cü il tarixdə 182 № ilə nikahın pozulması haqqında akt qeydləri kitabında qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik-hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-3-35/2- 2906/20 saylı bildirişdən görünür ki, iddiaçının torpaq sahəsinə dair yerquruluşu sənədlərinin hazırlanması müraciətinə baxılmış, inventarlaşdırma işlərinin aparılması məqsədi ilə Ərazi İdarəsinin mühəndisi orada olduğu zaman mübahisənin olduğu aşkarlanmış və ərizəsinin icrasından imtina olunmuşdur. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli, ********** və ********** saylı mədaxil qəbzlərinə əsasən İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ayrı-ayrılıqda 50 manat olmaqla, cəmi 100 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödənilmişdir. İşin faktiki halı: İddiaçıya 1985-ci ildə Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyətinin nəznində X1 və Bağ evlərinin Tikintisi İstismarı və İnkişafı İdarəsi tərəfindən Mingəçevir şəhər Çınqıl-qum zavodu ətrafı “Veteran” bağçılıq yoldaşçılığı ərazisində 500 kv.m olan bağ sahəsi ayrılmışdır. İddiaçı ilə cavabdeh xx.xx.1997-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahı dövründə qeyd olunan torpaq sahəsində yaşayış evi tikilmişdir. Tərəflər arasındakı nikah xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Həmin bağ sahəsi və üzərindəki yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Cavabdeh iddiaçının müraciəti ilə yaşayış evinin qeydiyyata alınması üçün zəruri olan baxışın keçirilməsinə maneə yaratmışdır. İddiaçı tələbin təmin edilməsini xahiş edir. Cavabdeh iddia tələbi ilə razıdır, təmin edilməsinə etirazı yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən:
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin mövqeyi: Cavabdeh hər hansı hüquqi əsas olmadan bağ sahəsi və onun üzərində tikilmiş yaşayış evinə çıxarışın alınmasına maneənin yaradılması iddiaçının öz əmlakına sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla sahiblik hüququnu pozur. Bu səbəbdən iddiaçının sahiblik hüququnun qorunması və bərpa edilməsi, onun bu hüququnun məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün iddia təmin edilməli, cavabdehə Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyətinin nəznində X1 və Bağ evlərinin Tikintisi İstismarı və İnkişafı İdarəsi tərəfindən İddiaçı verilmiş Mingəçevir şəhər Çınqıl-qum zavodu ətrafı “Veteran” bağçılıq yoldaşçılığı ərazisində 500 kv.m olan bağ sahəsi və üzərində yerləşən yaşayış sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlak reyestrində qeydiyyata alınması məqsədi ilə dəvət olunmuş mütəxəssisə şərait yaratmalı, maneələrə son qoymalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilərlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq
QƏTETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Mingəçevir Şəhər İcra Hakimiyyətinin nəznində X1 və Bağ evlərinin Tikintisi İstismarı və İnkişafı İdarəsi tərəfindən Mingəçevir Şəhər Çınqıl-qum zavodu ətrafı “Veteran” bağçılıq yoldaşçılığı ərazisində 500 kv.m olan bağ sahəsi və üzərində yerləşən yaşayış sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlak reyestrində qeydiyyata alınması məqsədi ilə dəvət olunmuş mütəxəssisə şərait yaradılsın və cavabdeh tərəfindən maneələrə son qoyulsun. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən alındığı və ya təqdim olunduğu vaxtdan 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Güləndam Quliyeva