Məhkəmə qərarları › İş №e-2(051)-377/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-377/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-377/2025 03.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddia üzrə ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən kredit müqaviləsi üzrə müştərək qaydada 1486,56 manat əsas, 132,16 manat faiz, cəmi 1618,72 manat məbləğində borcun və ödənilmiş 36,19 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, bankla Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ona illik 17 faiz dərəcəsi ilə 41 ay müddətinə 1996,58 məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi isə İddiaçı ASC Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli Zaminlik müqaviləsi bağlamışdır. Cavabdehlər əsas məbləği və onun faizlərini hər ay ödəməyi öhdəsinə götürmüş, lakin müqavilə ilə üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşlar. Belə ki, cavabdehlərin İddiaçı ASC-yə 1486,56 manat əsas, 132,16 manat faiz, cəmi 1618,72 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilmələrinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən yayınmışlar. Odur ki, cavabdehlərdən müştərək qaydada 1486,56 manat əsas, 132,16 manat faiz, cəmi 1618,72 manat məbləğində pulun və ödənilmiş 36,19 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank cavabdehə 17 faiz dərəcəsi ilə 41 ay müddətinə 1996,58 manat məbləğində kredit vermişdir. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçıASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan kassa məxaric orderindən görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 1996,58 manat məbləğində pulu şəxsən almışdır. İşdə olan cavabdehlərə ünvanlanmış bildirişdən görünür ki, cavabdehlərə borcu xatırladılaraq, onlardan borclu olduqları məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, cavabdehlərin 1486,56 manat əsas, 132,16 manat faiz, cəmi 1618,72 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iş materiallarına əlavə edilmiş sübutların tədiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank cavabdehə 17 faiz dərəcəsi ilə 41 ay müddətinə 1996,58 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında razılaşdırılmış cədvələ uyğun olaraq cavabdeh hər ay krediti faizləri ilə birlikdə qaytarmalı olmasına baxmayaraq, öhdəliyinə əməl etməmişdir. Nəticədə, onun 1486,56 manat əsas, 132,16 manat faiz, cəmi 1618,72 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə illik 17 faiz olmaqla 41 ay müddətinə 1996,58 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış cədvələ uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Digər Cavabdeh2 isə zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. Lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh2 da zamin olaraq bank qarşısında cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmşidir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehlərin iddiaçı banka 1486,56 manat əsas, 132,16 manat faiz, cəmi 1618,72 manat borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1486,56 manat əsas, 132,16 manat faiz, cəmi 1618,72 manat məbləğində pul alınıb iddiaçı «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 36,19 manat məbləğdə pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2 və 284-6.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1486,56 manat əsas, 132,16 manat faiz, cəmi 1618,72 manat məbləğində pul alınıb iddiaçı «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36,19 manat pul alınıb «Kapital Bank” ASC–yə verilsin. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar