Məhkəmə qərarları › İş №e-2(051)-430/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-430/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-430/2025 08.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSCnin xeyrinə 9218.78 manat əsas, 824.60 manat faiz və 205.22 manat cərimə olmaqla, cəmi 10248.60 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 120.75 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən cavabdeh Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri” Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.25% olmaqla 48 ay müddətinə 34000 manat məbləğində kredit götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli 015A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit müqaviləsinin 7.7-ci bəndinin tələblərini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 24781.22 manat ödəniş etmiş və onun iddiaçıya 9218.78 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 7.9-cu maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 159 gün üçün hesablanmış faiz borcu 824.60 manat təşkil etmişdir. Kredit müqaviləsinin 7.20-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 159 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 205.22 manat təşkil edir. Kredit müqaviləsinin 7.32-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı QSC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı: İş üzrə İddiaçı QSC məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etdiyini bildirdi. Mütəmadi olaraq kredit ödənişi etmiş, birdəfəlik yüksək məbləğdə də ödəniş etmişdir. Halhazırda işləmədiyi üçün ödəniş qabiliyyəti yoxdur. Ancaq 100 manat məbləğində hər ay ödəniş edə biləcəyini qeyd edərək, dediklərinin nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli, 015A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, bank tərəfindən Cavabdeh 48 ay müddətinə aylıq 1.25% olmaqla 34000 manat kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, 015A********** saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borclu Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 953 manat, sonuncu ay 955.56 manat olmaqla ödəniş cədvəli tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh göndərilmiş mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildirişdən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixinə 9218.78 manat əsas, 824.60 manat faiz və 205.22 manat cərimə olmaqla, cəmi 10248.60 manat məbləğində borcun cavabdehə ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət olunacağı, borcdan əlavə məhkəmə xərclərinin tutulacağı bildirilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə İddiaçı QSC-nə borcu 9218.78 manat əsas, 824.60 manat faiz və 205.22 manat cərimə olmaqla, cəmi 10248.60 manat təşkil edir. xx.xx.2024-cü il tarixli ********** №li mədaxil qəbzindən görünür ki iddia ərizəsinin verilməsi üçün 120.75 manat dövlət rüsumu ödənilmişdir. İşin müəyyən olunmuş halı: Cavabdeh xx.xx.2022-ci il tarixli, 015A********** saylı kredit müqaviləsi üzrə İddiaçı QSC-dən 48 ay müddətinə aylıq 1.25% ödəmək şərti ilə 34000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit borcundan müəyyən ödənişlər etdikdən sonra iddiaçı banka 9218.78 manat əsas, 824.60 manat faiz, 205.22 manat cərimə borcu olmaqla, cəmi 10248.60 manat borcu qalmışdır. Hazırda bank borcalan Cavabdeh qaytarılmamış borcu tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (həmin vaxt qüvvədə olan) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Məhkəmənin iş üzrə gəldiyi nəticə: Cavabdehdən tutulmalı olan faiz borcunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh məktub ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar kredit müqaviləsi üzrə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı müqavilədən imtina etməsini qarşı tərəfə bildirmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarı). Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (xx.xx.2024-cü il tarixli məktubda göstərilən məbləğdə) tələb edə bilər. Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 015A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehlərin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı QSC Cavabdeh xx.xx.2022-ci il tarixli, 015A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə olan 9218.78 manat məbləğində əsas, 824.60 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, hesablanmış cərimə məbləğinin yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 120.75 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı QSC-yə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 015A********** saylı müqavilə üzrə 9218.78 (doqquz min iki yüz on səkkiz manat yetmiş səkkiz qəpik) manat əsas, 824.60 (səkkiz min iyirmi dörd manat altmış qəpik) manat faiz və 50 (əlli) manat cərimə olmaqla, cəmi 10198.60 (on min bir yüz doxsan səkkiz manat altmış qəpik) manat məbləğində pul alınıb İddiaçı QSC-yə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumu 120.75 (bir yüz iyirmi manat yetmiş beş qəpik) manat pulu alınaraq İddiaçı QSC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar