Məhkəmə qərarları › İş №e-2(051)-434/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-434/2025

01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-434/2025 01.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, İddiaçı X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X2 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10811,93 manat məbləğində əsas borcun, 1951,7 manat məbləğində faiz borcunun, 218,64 manat məbləğində cərimə borcunun cəmi 12982,27 manat borcun və 130 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank Borcluya 48 ay müddətinə, illik 22,4% olmaqla 11500 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələblərinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 Səhmdar Cəmiyyəti nümayəndəsi X1 iddia tələbini tam müdafiə etmiş və bildirmişdir ki, ekspert rəyi əsassızdır, iddia ərizəsində qeyd olunan faiz məbləği tam əsaslıdır. Ekspert rəyində qeyd olunan faiz məbləğinin hansı əsasla azaldılması onlara məlum deyil. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, gəlməmiş gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Belə ki, işdə olan İddiaçı X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit sazişinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 22,4 % olmaq şərtilə 11500 AZN məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, 10811,93 manat əsas, 1689,23 manat faiz və 218,64 manat məbləğində cərimə borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 10811,93 manat əsas məbləğ üzrə, 1951,7 AZN faiz və 218,64 manat cərimə olmaqla, cəmi 12982,27 manat məbləğində borcu vardır. İşdə olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/2186 saylı ekspert rəyindən görünür ki, Cavabdeh banka olan borcu 10811,57 manat əsas, 1688,53 manat faiz borcu təşkil edir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, bankla Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 48 ay müddətinə, illik 22,4% olmaqla 11500 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Nəticədə, iddiaçı cavabdehə borcun ödənilməsinə dair bildiriş göndərmişdir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh arasında predmeti pul məbləği olan kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 48 ay müddətinə, illik 22,4% olmaqla 11500 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış cədvələ uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı tərəf borc məbləğini tam həcmdə ödənilməsi barədə cavabdeh tərəfə bildiriş göndərmişdir. Həmin tarixdən iddiaçı tərəfin birtərəfli iradə ifadəsini cavabdehlərə bildirməsi, kredit (borc) müqaviləsinin məhkəmədən kənar qaydada ləğv edilməsini ehtiva edir. Məhkəmə öz təşəbbüsü ilə təyin etdiyi məhkəmə mühasibatlıq ekspertizasının ekspert rəyinə əsaslanaraq həmin tarixə əsas borc və hesablanmış faiz məbləğini müəyyən etmişdir. Bununla da iddiaçı bankın cavabdehə qarşı müqavilənin ləğvindən əvvəl gecikdirilmiş əsas məbləğin və hesablanmış faizlərin, ödənilməsini tələb etmək hüququ yaranmışdır. Bu hal iddiaçı bankın təqdim etdiyi hesabdan çıxarış, maliyyə arayışı, həmçinin ekspert rəyi ilə müəyyən olunur. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 741.1-ci maddəsinə əsasən Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 742.1-cü maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Həmin Məcəllənin 743.1-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iddiaçının tələb etdiyi əsas borc və faiz məbləğinə münasibətdə qeyd edir ki, əsas borcun və faiz borcun məbləği iddia ərizəsində və həmçinin maliyyə arayışında 10811,93 manat əsas məbləğ üzrə, 1951,7 AZN faiz və 218,64 manat cərimə olmaqla, cəmi 12982,27 manat məbləğində göstərilmiş, yəni iddiaçı tərəf cavabdehdən həmin məbləği tələb etmişdir. Bununla belə ekspert rəyində əsas borc məbləği 10811,57 manat əsas, 1688,53 manat məbləğində müəyyən edilmişdir. Ona görə də iddiaçı bankın cavabdehdən tələb etdiyi əsas borcun məbləği və faiz borcunun məbləği iddia ərizəsində ərizəsində göstərilən məbləğdə deyil, ekspert rəyində qeyd olunan məbləğdə yəni 10811,57 manat əsas, 1688,53 manat faiz məbləğində müəyyən edilməlidir. AR MPM-in 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Məhkəmə iddiaçının tələb etdiyi əsas borc məbləğinə münasibətdə qeyd edir ki, iddiaçı bankın iddia ərizəsində tələb etdiyi əsas borc məbləği, iddiaçının tələb etdiyi məbləğdə deyil, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlar əsasında, yəni ekspert rəyi ilə müəyyən edilmiş müəyyən edilmiş məbləğdə - 10811,57 manat əsas, 1688,53 manat faiz məbləğində manat hissəsində əsaslıdır. AR MPM-in 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Belə ki, məhkəmə iddiaçı tərəfindən hesablanmış 218,64 manat dəbbə pulunu tənasübsüz surətdə yüksək dəbbə pulu hesab edir, ona görə də, dəbbə pulu azaldılmalı 21 manat miqdarında saxlanılmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, əsas borc məbləği iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğdə deyil, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlar əsasında müəyyən edilmiş məbləğdə, yəni 10811,57 manat əsas, 1688,53 manat faiz borcu məbləğində əsaslıdır. Ona görə də iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 10811,57 manat əsas, 1688,53 manat faiz, 22 manat cərimə borcu olmaqla, cəmi 12521,1 manat məbləğində pul alınıb iddiaçı banka verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 150 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. İş materialarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəməmühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri 150 manat təşkil etmişdir. AR MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməli və cavabdehdən ödənilmiş dövlət rüsumunun 127,57 manat məbləğində hissəsi alınıb iddiaçı «Bank of Baku” Kommersiya Bankı ASC–yə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10811,57 manat əsas, 1688,53 manat faiz, 21 manat cərimə borcu olmaqla, cəmi 12521,1 manat məbləğində pul alınıb iddiaçı «Bank of Baku” Kommersiya Bankı ASC–yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilsin. Ödənilmiş dövlət rüsumunun 127,56 (bir yüz iyirmi yeddi manat, əlli altı qəpik) manat məbləğində hissəsi Cavabdeh alınıb iddiaçı «Bank of Baku” Kommersiya Bankı ASC–yə verilsin. Cavabdeh aparılmış ekspertiza tədqiqatın dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar