Məhkəmə qərarları › İş №e-2(051)-435/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-435/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-435/2025 10.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Quliyeva Güləndam Gündüz qızı İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə icraat qaydasında iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2022-ci il tarixli, 015A********** nömrəli kredit müqaviləsinə əsasən 1567.68 manat əsas, 194.82 manat faiz və 50.02 manat cərimə borcu olmaqla, cəmi 1812.52 manat borcu cavabdehlərdən müştərək qaydada, xx.xx.2022-ci il tarixli 015KK**********01 saylı müqavilə üzrə 499.40 manat əsas, 39.54 manat faiz və 84.15 manat cərimə borcu olmaqla, cəmi 623.09 manat borcun Cavabdeh2 tutulmasını, ümumilikdə 2 müqavilə üzrə 2453.61 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44.54 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 015A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 2432.32 manat ödəniş etmiş və оnun iddiaçıya 1567.68 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 350 gün üçün hesablanmış faiz borcu 194.82 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 350 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 50.02 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Bundan başqa Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 015KK**********01 saylı kart kredit müqaviləsi əsasında cavabdehə “X2 Cards” növlü kart hesabı və 36 ay müddətinə 500 manat məbləğində kredit limiti açılmışdır. Cavabdeh2 əsas borcu üzrə 499.40 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 2.5-ci bəndinə müvafiq olaraq xx.xx.2024cü il tarixə 284 gün üçün hesablanmış faiz borcu 39.54 manat, 3.7-ci bəndinə müvafiq olaraq isə cərimə borcu 84.15 manat təşkil edir. Cavabdehə yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Odur ki, iddiaçı cavabdehdən iki müqavilə üzrə ümumilikdə 2453 manat borcun və ödənilmiş 44.54 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdeh X1 iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmişdir. İşə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xx.xx.2024-cü il tarixli xəbərnaməyə əsasən cavabdeh X1 təqdim edilmişdir. Cavabdehin bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. İşin faktiki halları : xx.xx.2022-ci il tarixdə bağladığı 015A********** saylı kredit müqaviləsi və xx.xx.2022-ci il tarixli 015KK**********01 saylı kart kredit müqaviləsi üzrə İddiaçı QSC öz üzərinə düşən öhdəliyi yerinə yetirməsinə baxmayaraq Cavabdeh2 və Cavabdeh1 tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımi qaydada icra edilməmiş, nəticədə cavabdehlərin banka əsas və faiz borcu yaranmışdır. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 015A********** nömrəli ərizə-kredit müqaviləsindən görünür ki, cavabdehə 24 ay müddətinə illik 25% dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. 015G**********01 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixli 015A221670009 saylı kredit müqaviləsi ilə bağlı öhdəliklərin icrasını təmin etmək məqsədilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli 015KK**********01 saylı kart krediti müqaviləsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı QSC arasında müqavilə bağlanmış və cavabdehə 36 ay müddətinə 500 manat kredit limiti olmaqla plastik kart verilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsini Cavabdeh2 tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsini Cavabdeh1 tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 banka 1567.68 manat əsas, 194.82 manat faiz, 50.02 manat cərimə borcu olmaqla, ümumilikdə 1812.52 manat məbləğində kredit borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 banka 499.40 manat əsas, 39.54 manat faiz, 84.15 manat cərimə borcu olmaqla, ümumilikdə 623.09 manat məbləğində kredit borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəməyə müraciət etmək üçün 44.54 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. (həmin vaxt qüvvədə olan) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmənin mövqeyi : Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixdə bağladığı 015A********** saylıkredit müqaviləsi və Cavabdeh2 xx.xx.2022-ci il tarixli 015KK**********01 saylı kart kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından xx.xx.2022-ci il tarixli 015A********** saylıkredit müqaviləsinə əsasən iddiaçının əsas borca görə 1567.68 manat və faiz borcu qismində 194.82 manat, xx.xx.2022-ci il tarixli 015KK**********01 saylı kart kredit müqaviləsinə əsasən 499.40 manat əsas və 39.54 manat faiz borcunun ödənilməsi tələbini əsaslı hesab edir. Həmçinin cavabdehin kredit müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə cərimənin ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə cərimənin tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə hesablanmış cərimə məbləğinin yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixli 015A********** saylıkredit müqaviləsi üzrə iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 5 manat, xx.xx.2022-ci il tarixli 015KK**********01 saylı kart kredit müqaviləsi üzrə 8 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2022-ci il tarixli 015A********** saylıkredit müqaviləsi üzrə 1567.68 manat əsas borc, 194.82 manat faiz, 5 manat cərimə borcu olmaqla, cəmi 1767.50 manat pul vəsaiti Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, xx.xx.2022-ci il tarixli 015KK**********01 saylı kart kredit müqaviləsi üzrə 499.40 manat əsas, 39.54 manat faiz, 8 manat cərimə borcu olmaqla, cəmi 546.94 manat pulun Cavabdeh2 tutularaq İddiaçı QSCnin hesabına ödənilməlidir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 44.54 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli 015A********** saylıkredit müqaviləsi üzrə 1567.68 (bir min beş yüz altmış yeddi manat altmış səkkiz qəpik) manat əsas borc, 194.82 (bir yüz doxsan dörd manat səksən iki qəpik) manat faiz, 5 (beş manat) manat cərimə borcu olmaqla, cəmi 1767.50 (bir min yeddi yüz altmış yeddi manat əlli qəpik) manat pul vəsaiti tutularaq İddiaçı QSC-nin hesabına ödənilsin. Cavabdeh2 xx.xx.2022-ci il tarixli 015KK**********01 saylı kart kredit müqaviləsi üzrə 499.40 (dörd yüz doxsan doqquz manat qırx qəpik) manat əsas, 39.54 (otuz doqquz manat əlli dörd qəpik) manat faiz, 8 (səkkiz manat) manat cərimə borcu olmaqla, cəmi 546.94 (beş yüz qırx altı manat doxsan dörd qəpik) pul vəsaiti tutularaq İddiaçı QSC-nin hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44.54 (qırx dörd manat əlli dörd qəpik) manat Cavabdeh2 və Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar