Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-442/2022 11.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: Unibank KB ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 7229 manat əsas, 314.96 manat faiz, 17.05 manat cərimə olmaqla, cəmi 7561.01 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 96.02 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, bankla cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 810nkMNG/21 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 9% ödəmək şərtilə 7229 AZN məbləğində kredit verilmişdir. Cavabdeh öhdəliyi lazımınca icra etməmiş və əldə etdiyi kredit borcunun aylıq ödənişlərini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. Belə ki, əvvəllər "xxxx" KB ASC ilə cavabdeh arasında bir neçə kredit müqavilələri mövcud olmuşdur. Cavabdehin xx.xx.2013-cü il tarixli, 10914nkMNG/13 saylı və xx.xx.2015-ci il tarixli, 2751nkMNG/15 saylı kreditlərinin ödənilməsində maddi çətinliyi yaranmış, Banka müraciət edərək ona yeni kredit verilməsini və bu kredit hesabına gecikmədə olan kreditlərin bağlanılmasını xahiş etmişdir. Cavabdehin xahişinə uyğun olaraq ona xx.xx.2021-ci il tarixli, 810nkMNG/21 saylı müqavilə üzrə yeni kredit verilmiş və verilmiş yeni kredit hesabına cavabdehin gecikmədə olan kredit borcları bağlanmışdır. Qeyd edilən prosedur, yəni əvvəlki kreditin yeni öhdəlik hesabına bağlanması müvafiq qanunvericiliyə əsasən həyata keçirilmişdir. Müqavilənin 1.3-cü bəndindən də aydın olduğu kimi xx.xx.2021-ci il tarixli, 810nkMNG/21 saylı kredit müqaviləsi xx.xx.2013-cü il tarixli, 10914nkMNG/13 saylı və xx.xx.2015-ci il tarixli, 2751nkMNG/15 saylı kredit müqavilələrinin bağlanılması (xitam olunması) şərti ilə rəsmiləşdirilmişdir. Bütün bu qeyd olunanların təsdiqi eyni zamanda hesabdan çıxarışın ilk səhifəsinin 1-ci sütununda da öz əksini tapmışdır. Belə ki, hesabdan çıxarışın ilk səhifəsinin 1-ci sütununa nəzər yetirsək görərik ki, həm yeni kredit müqaviləsinin (xx.xx.2021-ci il tarixli, 810nkMNG/21 saylı) verilməsi, həm də əvvəlki kredit müqavilələrinin (xx.xx.2013-cü il tarixli, 10914nkMNG/13 saylı və xx.xx.2015-ci il tarixli, 2751nkMNG/15 saylı) ödənilməsi barədə qeyd vardır. Nəticədə, onun 7229 manat əsas, 314.96 manat faiz, 17.05 manat cərimə olmaqla, cəmi 7561.01 manat məbləğində kredit borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmiş və kredit müqaviləsi üzrə borclarını ödəməmişdir. Nəticədə, bank əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, onunla Unibank ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 7500 manat məbləğində kredit verilmişdir. Məlum devalvasiyaya qədər o, hər ay normal ödəniş etmişdir. Belə ki, onun tərəfindən 7500 manat kredit borcundan 6100 manatı ödənilmişdir. Lakin sonradan krediti ödəyə bilməmiş və problemli kreditlər siyahısına düşmüşdür. AR Prezidentinin xx.xx.2019-ciu il tarixli sərəncamına əsasən restruktirikrizasiya nəticəsində o, təxminən 4500 manatdan artıq yenidən ödəniş etməli olduğu ona bildirilmişdir. Bundan sonra isə ailə problemləri ilə bağlı olaraq o, restrukturizasiya müqaviləsi bağlaya bilməmişdir. Yenidən Unibank ASC-yə yaxınlaşıb müqavilə bağlamaq istədiyini bildirdikdə isə ona artıq gec olduğu və Prezidentin Sərəncamindan əvvəl olan məbləğin ondan və zamin olan X1 tutulacağı bldirilmişdir. O isə həmin məbləğin zamindən tutulmaması üçün bankla yeni kredit müqaviləsi bağlamışdır. Lakin həmin müqaviləni çox ədalətsiz hesab edir. Belə ki, həmin müqavilədə onun qalıq borcu 4878 manat olduğu halda, iddiaçı bank tərəfindən 7229 manat məbləğində göstərilmiş və ona həmin müqaviləyə imza etdirmişlər. Halbuki, onun vaxtı keçmiş kredit borcu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Belə olan halda onun kredit borcunun əsas məbləğinə hesablanmış faiz və cərimə məbləği silinməlidir. Bununla bağlı Mərkəzi Banka da müraciət etmiş, lakin ona heç bir cavab verilməmişdir. Hesab edir ki, bank tərəfindən ona artıq kredit məbləği hesablandığından, xx.xx.2021-ci il tarixli, 810nkMNG/21 kredit müqaviləsi qismən etibarsız sayılmalıdır. Problemli kreditlərin kompensasiyasına dair çıxarışdan da görünür ki, restrukturizasiya nəticəsində ona 4878 manat kredit borcu hesablanmışıdır. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixə Unibank ASC-yə 7229 manat əsas, 314.96 manat faiz, 17.05 manat cərimə olmaqla, 7561.01 manat borcu vardır. İşdə olan xx.xx.2021-ci il tarixli 810nkMNG/2021 saylı kredit müqaviləsindən görünür ki, xx.xx.2015-ci il və xx.xx.2013-cü il tarixli kredit müqavilələrinin bağlanması məqsədi ilə Unibank ASC tərəfindən cavabdehə 60 ay müddətinə illik 9 faiz ödəmək şərti ilə xx.xx.2026-cı il tarixədək 7229 manat məbləğində kredit verilmişdir. İşdə olan AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2164 saylı rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli 810nkMNG/2021 saylı kredit müqaviləsində qeyd edilən şərtləri nəzərə alaraq, xx.xx.2022-ci il tarixə Cavabdeh Unibank ASC-yə 7229 manayt əsas və 302.78 manat faiz borcu olmaqla, cəmi 7531.78 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. İşdə olan 10914nkMNG/13 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 7500 manat məbləğində krediti xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixədək hər ay 271 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 7229 manat məbləğində krediti xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 151 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Problemli kreditlərin kompensasiyası barədə xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh kredit borcuna 246.07 manat kompensasiya hesablanmış və onun xx.xx.2019-cu il tarixinə əsas kredit borcunun (manat ekvivavalentində) restruktruzasiya olunması təklif olunan kreditlərinin məbləği 667,58 manat və 4878,08 manat, cəmi 5545,66 manat olmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli 810nkMNG/21 saylı kredit müqavilənin 1.3-cü bəndindən görünür ki, xx.xx.2021-ci il tarixli, 810nkMNG/21 saylı kredit müqaviləsinin məqsədli təyinatı xx.xx.2013-cü il tarixli, 10914nkMNG/13 saylı və xx.xx.2015-ci il tarixli, 2751nkMNG/15 saylı kredit müqavilələrinin bağlanılması (xitam olunması) şərti ilə rəsmiləşdirilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla Cavabdeh arasında xx.xx.2013-cü il tarixli 10914nkMNG/13 nömrəli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən bank cavabdehə illik 30 faiz olmaqla 48 ay müddətinə 7500 manat məbləğində kredit vermişdir. Tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq cavabdeh hər ay krediti faizləri ilə birlikdə 271 manat qaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Bundan başqa tərəflər arasında xx.xx.2015-ci il tarixli, 2751nkMNG/15 nömrəli kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən bank cavabdehə kredit vermişdir. Cavabdeh həmin kredit üzrə də öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də bank tərəfindən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən cavabdehin hesabına 216 manat kompensasiya məbləği ödənilmişdir. Ondan sonra cavabdehin xx.xx.2019-cu il tarixinə əsas kredit borcu (manat ekvivalentində) 5554,47 manat olmaqla ondan 229,24 manat kompensasiya məbləği çıxılmış və yerdə qalan 5554.47 manat əsas kredit borcu illik 1 faiz olmaqla 5 (1 illik güzəşt müddəti ilə) illik müddətinə cavabdehə restruktrizasiya olunması təklif olunmuşdur. Cavabdeh məbləğlə razılaşmadığına görə təklifi qəbul etməmişdir. Bundan sonra iddiaçı cavabdehin iddiaçıya olan borcunu ümidsiz borc kimi balansından silmişdir. Balansdan silinmiş ümidsiz borcun ödənilməsi üçün bank əməkdaşlarının cavabdehlə aparılan söhbətləri cavabdehin borcu ödəməyə razılaşması ilə nəticələnmiş, bundan sonra iddiaçı ilə cavabdeh arasında 07 may 2021-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən bank cavabdehə illik 9 faiz olmaqla 60 ay müddətinə 7229 manat məbləğində kredit rəsmiləşdirilərək onun adına olan hesaba köçürülmüş, daha sonra razılaşdırıldığı kimi həmin məbləğ cavabdehin adına olan ümidsiz borc kimi balansdan silinmiş borcun ödənilməsinə yönləndirilmiş, yəni həmin məbləğ bankın ehtiyat fonduna köçürülmüşdür. Bank tərəfindən cavabdehin borcu hesablanarkən, onun əvvəlki müqavilələr üzrə 5547.47 manat məbləğində olan əsas borcu ilə yanaşı, 1682 manat məbləğində olan faiz borcları da nəzərə alınmış, yeni müqavilədə məbləğlər cəmlənərək əsas borc kimi rəsmiləşdirilmişdir. Lakin cavabdeh hüquqlarının pozulduğundan əmin olduğu üçün müqavilə bağladıqdan sonra həm Azərbaycan Respublikasının Mərkəzi Bankına bankın hərəkətlərindən şikayət etmiş, həm də bankın səlahiyyətli əməkdaşlarına şifahi şəkildə bu barədə bildirərək, müqavilə şərtlərini yerinə yetirməyəcəyini bəyan etmiş, bununla da müqaviləni mübahisələndirmişdir. Cavabdehin müqavilə şərtlərinə əməl etməyəcəyini bəyan etməsi, onun yeni müqavilə üzrə öhdəliklərini lazımi şəkildə icra etməməsindən də görünür. Belə ki, yeni bağlanmış müqavilə üzrə xx.xx.2021-ci il tarixdə banka 151 manat məbləğində pul ödəməli olsa da, ilk dəfə banka avqust ayında cəmi 50 manat məbləğində pul ödəmiş, ümümiyyətlə onun həmin müqavilə üzrə ödənişləri isə cəmi 140 manat olmuşdur. Bank isə cavabdehin müqaviləni mübahisələndirməsinə baxmayaraq, həmin müqavilə üzrə ödənişləri cavabdehdən tələb etmiş, cavabdeh tələbi yerinə yetirmədiyi üçün pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyində qeyd etmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Konstitusiyası Məhkəməsi Plenumu həmin Qərarın 7-ci bəndində göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, hazırki iş üzrə iddia tələbi müqaviləyə əsaslanaraq verilmişdir. Ona görə də iddianın qanuni həll edilməsi üçün ilk növbədə, iddiaçının istinad etdiyi, xx.xx.2021-ci il tarixli 810nkMNG/2021 saylı kredit müqaviləsinin etibarlı olub-olmaması müəyyən edilməlidir. Məhkəmə işin müəyyən edilmiş işin faktiki hallarına əsasən müəyyən etdi ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 810nkMNG/2021 saylı kredit müqaviləsi cavabdeh tərəfindən mübahisələndirilmişdir. Belə ki, cavabdeh həm şifahi şəkildə Bankın səlahiyyətli əməkdaşlarına krediti bu şərtlərlə ödəməyəcəyini bildirilməklə məlumat verilmiş, həm də Mərkəzi Banka yazılı şikayət etmiş, həmçinin məhkəməyə təqdim etdiyi etiraz ərizəsində və məhkəmə baxışı zamanı verdiyi izahatında da xx.xx.2021-ci il tarixli 810nkMNG/2021 saylı kredit müqaviləsini mübahisələndirmişdir. İddiaçı tərəf isə məhkəməyə təqdim etdiyi etirazında müqavilənin etibarlı olmasını israr edərək, cavabdehin müqavilə bağlandıqdan 1 il 6 ay ərzində müqaviləni mübahisələndirmədiyini və müqavilə bağlandıqdan sonra müqavilənin şərtlərinə uyğun olaraq kredit ödənişlərini həyata keçirdiyini bildirərək, bunun tərəflər arasında olan müqavilənin real olmasını göstərdiyini qeyd etmişdir. Bu hal isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfin verdiyi iddianın əsaslandığı müqavilə cavabdeh tərəfindən mübahisələndirilmişdir. İş materiallarından görünür ki, cavabdeh bağlanmış kredit müqaviləsinə əsasən banka hər ayın 7-ci günü 151 manat məbləğində pul ödəməyi öhdəsinə götürsə də, o, ilk dəfə xx.xx.2021-ci il tarixdə banka cəmi 50 manat, ümumilikdə isə cəmi 140 manat məbləğində pul ödəmiş, 2021-ci ilin sentyabr ayından sonra isə banka heç bir ödəniş etməmişdir. Ümumiyyətlə, Cavabdeh Banka əsas borcundan pul ödəməmiş, onun əsas borcu olduğu kimi qalmışdır. Bundan başqa Cavabdeh Mərkəzi Banka ünvanladığı şikayətdən Unibankın məlumatlı olmamasını və kredit müqaviləsi bağlandıqdan sonra Bankın əməkdaşları tərəfindən Cavabdehla kredit ödənişi ilə bağlı danışıqların aparılmamasını Məhkəmə inandırıcı hesab etmir. Belə ki, bir qayda olaraq Banklarda həm kredit mütəxəssisləri, həm də problemli kreditlər üzrə mütəxəssislər fəaliyyət göstərir ki, onlar kredit ödənişini gecikdirən müştərilərlə mütəmadi olaraq əlaqə saxlayırlar. Mülki Məcəllənin 337.2-ci maddəsində göstərilir ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Həmin qərarda müəyyən edilən hüquqi mövqeyə görə əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh müqavilənin tərəfi kimi müqaviləni mübahisələndirmək hüququna malik olmaqla, müqaviləni həm şifahi şəkildə mübahisələndirmiş, həm də müqavilə üzrə müəyyən edilmş öhdəliklərini icra etməməklə müqaviləni mübahisələndirməkdə israrlı olduğunu, müqavilə şərtlərini qəbul etmədiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin qərarında Mülki Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsasları zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallar olduğunu göstərməklə mübahisə edilən əqdlərin dairəsini göstərmişdir. Mülki Məcəllənin 339.1-ci maddəsində qeyd olunur ki, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən qərarında göstərmişdir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh müqavilə bağlayarkən, xx.xx.2013-cü il tarixli 10914nkMNG/13 nömrəli və xx.xx.2015-ci il tarixli 2751nkMNG/15 nömrəli kredit müqavilələrin borcun zamindən tələb edilməsini dayandırmaq üçün iddiaçı bankın təklif etdiyi müqavilə şərtlərini qəbul etməyə məcbur olmuşdur. Bununla belə cavabdeh xx.xx.2013-cü il tarixli 10914nkMNG/13 nömrəli və xx.xx.2015-ci il tarixli 2751nkMNG/15 nömrəli kredit müqavilələri üzrə xx.xx.2019-cu il tarixinə əsas kredit borcunun (manat ekvivavalentində) restruktruzasiya olunması təklif olunan kredit məbləğlinin 667,58 manat və 4878,08 manat, cəmi 5545,66 manat məbləğində hissəsinə münasibətdə müqavilə bağladığını arzu etmişdir. Lakin iddiaçı bank üstün mövqeyindən və cavabdehin çıxılmaz vəziyyətə düşməsindən sui-istifadə edərək, həmin müqavilələr üzrə əsas borca hesablanmış faiz və cəriməni əlavə edərək,cavabdehlə 7229 manat məbləğində kredit müqaviləsini bağlamışdır. Göründüyü kimi tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 810nkMNG/2021 saylı kredit müqaviləsi cavabdehin arzu etdiyi hüquqi nəticəyə səbəb olmamışdır. Çünki müqavilənin predmeti olan 7229 manat məbləğində kredit, cavabdehin Unibanka olan balansdan silinmiş ümidsiz borcunun ödənilməsinə yönəlmişdir. Həmin kredit məbləğindən cavabdeh heç bir məbləğ almamışdır. Bununla belə cavabdeh müqavilədə restruktruzasiya olunması təklif olunan 5545,66 manat kredit borcunun ödənildiyini və müqavilənin həmin məbləğdə bağlandığına münasibətdə iradəsini ifadə etmişdir. xx.xx.2021-ci il tarixli 810nkMNG/2021 saylı kredit müqaviləsi bağlanarkən cavabdehin iradə ifadəsinin vahidliyi mövcud olmamışdır. Ona görə də məhkəmə iddiaçının cavabdehə təklif etdiyi kredit şərtlərini qanunvericiliyə zidd hesab edir və mövcud vəziyyəti cavabdehin müqaviləni əlverişsiz şərtlərlə bağlamağa məcbur olması kimi qəbul edir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, iddiaçı zaminin öhdəliyinə xitam verilməsinin əvəzində cavabdehə qanunvericiliyin tələbinə əsasən silinməli olan faizləri əsas borc kimi yenidən rəsmiləşdirmişdir. Balansdan silinmiş ümidsiz borclar üzrə ödənişlərin bankın ehtiyat fonduna yönəldildiyi nəzərə alındıqda, görünür ki, iddiaçı tərəfindən cavabdehə bu borcu ödəməsi üçün əsas hesabından yenidən borc verilmişdir. Bu hal isə etimad və vicdanlılıq prinsiplərinə zidd olduğu üçün hüquqdan sui-istifadəni ehtiva edir. Belə ki, kredit verən Unibank ona boclu olan fiziki şəxsə münasibətdə üstün tərəfdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Məhkəmə iddiaçı tərəfin hüquqdan sui-istifadə etməsi ilə bağlı öz qənaətini onunla əsaslandırı ki, iddiaçı bank xx.xx.2013-cü il tarixli 10914nkMNG/13 nömrəli və xx.xx.2015ci il tarixli 2751nkMNG/15 nömrəli kredit müqavilələri üzrə xx.xx.2019-cu il tarixinə cavabdehin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmana əsasən faiz və cərimənin silinməsinə, həmçinin 246.07 manat məbləğində kompensasiya hesablanmasını və o əsasla da restruktruzasiya olunması təklif olunan kredit məbləğlinin 5545,66 manat olmasını nəzərə almayaraq, cavabdehə 7229 manat kredit ayrılmasına xx.xx.2021-ci il tarixdə 810nkMNG/2021 saylı həmin müqavilə bağlamışdır. Məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixli 10914nkMNG/13 nömrəli və xx.xx.2015-ci il tarixli 2751nkMNG/15 nömrəli kredit müqavilələri üzrə iddiaçının cavabdehdən silinmiş faiz borcunu tələb etməsi, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanında qarşıya qoyulan məqsədə zidddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının məqsədi, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etməkdən ibarət olmuşdur. Həmin Fərmanın xx.xx.2019-cu il tarixli Fərmanının 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi tapşırılmışdır. Həmin Fərmanın 6.1-ci bəninə əsasən Banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri tövsiyyə edilmişdir. Həmin Fərmanın 6.2-ci bəndində əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklara bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görmələri tövsiyyə edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin əsas kredit borcuna hesablanmış faiz borcu əsaslı deyildir. Məhkəmə qeyd edir ki, həmin Fərmandan faydalanmış bank borcludan faiz borcunu tələb edə bilməz. Fərmanda isə güzəştli şərtlərlə müqavilənin bağlanması üçün son müddət müəyyən edilməmişdir. Ona görə də məhkəmə, hər bir halda bankın borclu ilə borcun ödənilməsi barədə yeni razılaşmasında ondan faiz borcunun tələb edilməsini Fərmanın məqsədlərinə zidd hesab edir. Bununla belə məhkəmə 07 may 2021-ci il tarixli müqavilənin bütövlükdə etibarsız sayılması qənaətinə gəlmir. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına görə cavabdeh tərəf xx.xx.2013-cü il tarixli 10914nkMNG/13 nömrəli və xx.xx.2015-ci il tarixli 2751nkMNG/15 nömrəli kredit müqavilələri üzrə xx.xx.2019-cu il tarixinə əsas kredit borcunun (manat ekvivavalentində) restruktruzasiya olunması təklif olunan kredit məbləğlinin 667,58 manat və 4878,08 manat, cəmi 5545,66 manat məbləğində hissəsi üzrə müqavilə bağlamaq iradəsini ifadə etmiş, yəni müqavilə həmin məbləğdə bağlansaydı, cavabdehin arzu etdiyi hüquqi nəticəyə səbəb olardı. Belə olan halda mübahisələndirilən müqavilə 5545,66 manat məbləğindən artıq hesablanmış hissədə etibarsız sayılsa da, qalan hissədə tərflərin iradəsini ifadə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Ona görə də məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı pul tələbində qismən haqlıdır. Belə ki, iddiaçının cavabdehdən pul tələb etmək hüququ onlar arasında bağlanmış xx.xx.2013-cü il tarixli 10914nkMNG/13 nömrəli və xx.xx.2015-ci il tarixli 2751nkMNG/15 nömrəli kredit müqavilələri üzrə xx.xx.2019-cu il tarixinə əsas kredit borcunun (manat ekvivavalentində) restruktruzasiya olunması təklif olunan kredit məbləğlinin 5545,66 manat məbləğindən irəli gəlmişdir. Tərəflər arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin bağlanmasına səbəb də xx.xx.2013-cü il tarixli 10914nkMNG/13 nömrəli və xx.xx.2015-ci il tarixli 2751nkMNG/15 nömrəli müqavilələrə əsasən cavabdehin iddiaçıya olan borcunu vaxtında ödəməməsi olmuşdur. Məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 10914nkMNG/13 nömrəli və xx.xx.2015-ci il tarixli 2751nkMNG/15 nömrəli kredit müqavilələrinin xx.xx.2019cu il tarixinə əsas kredit borcunun (manat ekvivavalentində) restruktruzasiya olunması təklif olunan kredit məbləğlinin 5545,66 manat hissəsinə münasibətdə xx.xx.2021-ci il tarixli 810nkMNG/2021 saylı kredit müqaviləsini qismən etibarlı hesab etməsini nəzərə alaraq, hesab edir ki, iddiaçı cavabdehdən pul tələb etməkdə qismən haqlı olmuşdur. Cavabdeh məhkəmə icraatı zamanı da iddiaçı ilə əvvələr bağlamış olduğu kredit müqavilələrinə əsasən iddiaçıya olan kredit borclarının əsas hissəsini, yəni xx.xx.2019-cu il tarixinə əsas kredit borcunun (manat ekvivavalentində) restruktruzasiya olunması təklif olunan kredit məbləğinin 667,58 manat və 4878,08 manat, cəmi 5545,66 manat hissəsini ödəmək istədiyini bildirmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla cavabdeh arasında xx.xx.2013-cü il tarixli 10914nkMNG/13 nömrəli və xx.xx.2015-ci il tarixli 2751nkMNG/15 nömrəli kredit müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən bank cavabdehə illik 30 faiz olmaqla 48 ay müddətinə 7500 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay 271 manat olmaqla hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də cavabdehə həmin müqavilələr üzrə xx.xx.2019-cu il tarixinə əsas kredit borcunun (manat ekvivavalentində) kredit məbləğlinin 5545,66 manat məbləğində hissəsinin restruktruzasiya olunması təklif olunmuş, lakin cavabdeh vaxtında təklifi cavablandırmadığına görə bank tərəfindən ona xx.xx.2021-ci il tarixdə 810nkMNG/2021 saylı yeni müqavilə bağlamaq təklif olunmuşdur. Hazırda məhkəmə tərəfindən həmin müqavilə qismən, yəni restruktruzasiya olunması təklif olunan 5545,66 manat məbləğində hissədə etibarlı hesab edildiyindən, iddiaçı bankın cavabdehə qarşı borcun həmin məbləğdə ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanını tələblərini əsasən hesab edir ki, iddiaçının cavabdehdən əsas kredit borcuna hesablanmış faiz borcunu tələb etmək hüququ olmamışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı bankın tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli 810nkMNG/2021 saylı kredit müqaviləsinə əsasən Cavabdeh cəmi 5545.66 manat məbləğində pul alınıb iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, ödənilmiş tələbin məbləğinə münasib olaraq iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 96.02 manat məbləğində dövlət rüsumunun 75.47 manat məbləğində hissəsi müştərək qaydada cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, Cavabdeh vəsatəti əsasında təyin edilmiş xx.xx.2022-ci il tarixli məhkəmə–mühasibatlıq ekspertizası tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İş materialarında olan xx.xx.2022-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə–mühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatların dəyəri 100 manat təşkil etmişdir. Odur ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 810nkMNG/2021 saylı kredit müqaviləsinə əsasən 5545.66 (beş min beş yüz qırx beş manat altmış altı qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 75.47 (yetmiş beş manat qırx yeddi qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh ekspertiza tədqiqatın dəyəri olan 100 (yüz) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-442/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-442/2022
11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver