Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-512/2024 01.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi ilə İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22 avqust 2023-cü il tarixli OPT-836-0039-23 saylı kredit müqaviləsinə əsasən 959.90 manat əsas kredit borcu, 75.05 manat cərimə borcu olmaqla, cəmi 1034.95 manat məbləğində pulun və ödənilmiş 30.35 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2023-cü tarixli OPT-836-0039-23 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, 980 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixinə 959.90 manat əsas kredit borcu, 75.05 manat cərimə borcu olmaqla, cəmi 1034.95 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Odur ki, iddiaçı cavabdehdən 22 avqust 2023-cü il tarixli OPT-836-0039-23 saylı kredit müqaviləsinə əsasən 959.90 manat əsas kredit borcu, 75.05 manat cərimə borcu olmaqla, cəmi 1034.95 manat məbləğində pulun və ödənilmiş 30.35 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2024-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işdə olan BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2023-cü tarixli OPT-836-0039-23 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 18 ay müddətinə, 980 manat məbləğində kredit vermişdir. Kreditin təqdim edilməsi bu müqavilənin 2.02-ci bəndinə uyğun olaraq kredit məbləğinin kreditverən tərəfindən "xxxx" MMC-nin hesabına köçürülməsi hesab edilmişdir. İşdə olan cavabdehə ünvanlanmış bildirişdən görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya olan borcu 959.90 manat əsas kredit borcu, 75.05 manat cərimə borcu olmaqla, cəmi 1034.95 manat təşkil edir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, cavabdeh verilmiş kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin edilməsi barədə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişlər vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliyi icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya cəmi 1034.95 manat borcu yaranmışdır. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında bağlanmış 22 avqust 2023-cü tarixli OPT-836-0039-23 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 18 ay müddətinə, 980 manat məbləğində kredit vermişdir. Cavabdeh əldə etdiyi pul vəsaitini müqavilədə göstərilən müddət ərzində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq, həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehdən 959.90 manat əsas borc alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən azaldılaraq, 7 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 7 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, 959.90 manat əsas, 7 manat cərimə borcu olmaqla, cəmi 966.90 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Odur ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməli və Cavabdeh ödənilmiş dövlət rüsumunun 30 manat məbləğində hissəsi alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 22 avqust 2023-cü il tarixli OPT-836-0039-23 saylı kredit müqaviləsinə əsasən 959.90 (doqquz yüz əlli doqquz manat doxsan qəpik) manat əsas, 7 (yeddi) manat cərimə borcu olmaqla, cəmi 966.90 (doqquz yüz altmış altı manat doxsan qəpik) manat məbləğində pul tutularaq iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilsin. Ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat məbləğində hissəsi Cavabdeh alınıb iddiaçı BOKT "xxxx" QSC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-512/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-512/2024
01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver