Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-520/2025 07.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi : İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış “borcun qaytarılması” tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5566.67 manat əsas borc, 586.69 manat faiz borcu olmaqla, cəmi 6153.36 manat kredit borcunun və ödənilmiş 81.53 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, GTKR2261145B129 nömrəli kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 22% dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Kredit onlayn qaydada rəsmiləşdirilməsinə baxmayaraq vəsait filialdan əldə edilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. xx.xx.2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 5566.67 manat əsas borc, 586.69 manat faiz borcu olmaqla, cəmi 6153.36 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən yayınmışdır. Odur ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, GTKR2261145B129 nömrəli kredit müqaviləsi üzrə 5566.67 manat əsas borc, 586.69 manat faiz borcu olmaqla, cəmi 6153.36 manat kredit borcun və ödənilmiş 81.53 manat dövlət rüsumunu alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları : İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmədə iştirak etməmiş, heç bir üzrlü səbəb göstərməmişdir. İş materialları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, GTKR2261145B129 nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh illik 22% faiz olmaqla, 48 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, GTKR2261145B129 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 5566.67 manat əsas borc və 586.69 manat faiz borcu olmaqla, cəmi 6153.36 manat kredit borcu yaranmışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, GTKR2261145B129 nömrəli istehlak kredit müqaviləsi üzrə banka xx.xx.2023-cü il tarixdən hər ay 220.54 manat, sonuncu ay 224.82 manat olmaqla xx.xx.2027-ci il tarixinədək ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzindən görünür ki iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 81.53 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödənilmişdir. İşin faktiki halı : İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, GTKR2261145B129 nömrəli kart kredit müqaviləsinə əsasən Cavabdeh illik 22 faiz hesablanması şərti ilə, 48 ay müddətinə 7000 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmişdir. Cavabdehin 5566.67 manat əsas borc və 586.69 manat faiz borcu olmaqla, cəmi 6153.36 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; (həmin vaxt qüvvədə olan) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3. öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanununun 3.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi İşin faktiki halları ilə müəyyən edilir ki, bank ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. İddiaçı bank tərəfindən xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürülən öhdəlik yerinə yetirilərək cavabdehə 48 ay müddətinə, illik 22% dərəcəsi ilə ödəmək şərtilə 7000 manat məbləğində kredit verilmiş və cavabdeh tərəfindən kredit vəsaitindən istifadə edilmişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir. Ona görə də iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixli, GTKR2261145B129 nömrəli kredit müqaviləsi üzrə 5566.67 manat əsas borc, 586.67 manat faiz borcu olmaqla, cəmi 6153.36 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 81.53 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, GTKR2261145B129 saylı kredit müqaviləsi üzrə 5566.67 (beş min beş yüz altmış altı manat altmış yeddi qəpik) manat əsas borc və 586.69 (beş yüz səksən altı manat altmış doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 6153.36 (altı min bir yüz əlli üç manat otuz altı qəpik) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 81.53 (səksən bir manat əlli üç qəpik) manat pul alınıb İddiaçı ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Güləndam Quliyeva