Məhkəmə qərarları › İş №e-2(051)-54/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-54/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-54/2025 17.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 9624,53 manat əsas borc və 1188,47 manat faiz borcu olmaqla, cəmi 10813 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 122,84 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalanCavabdeharasında bağlanmış 26 oktyabr 2022 il tarixli, 600804-56325/4 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 12000 (On ikimin (.00)) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 24 may 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 9624.53 manat məbləğində əsas borc və 1188.47 manat faiz borcu olmaqla, cəmi 10813 (On min səkkiz yüz on üç (.00)) manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, iddia tələbini qismən qəbul edir. Lakin maddi imkanı yaxşı olmadığı üçün borcunu vaxtında ödəyə bilməmişdir. Maddi vəziyyəti düzələrsə borcunu ödəyəcəkdir. Ekspertizanın rəyi ilə razıdır. Ona görə də məhkəmədən izahatında qeyd olunanların nəzərə alınmasını xahiş edir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 oktyabr 2022 il tarixli, 600804-56325/4 nömrəli istehlak kredit müqaviləsindən görünür ki, bank cavabdehə 48 ay müddətinə, illik 20% ödəmək şərtilə 12000 manat məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 26 oktyabr 2022 il tarixli, 600804-56325/4 saylı istehlak kredit müqaviləsi üzrə banka 9624,53 manat əsas borc və 1188,47 manat faiz borcu olmaqla, cəmi 10813 manat məbləğində borcu vardır. İşdə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 26 oktyabr 2022-cı il tarixli, 600804-56325/4 saylı istehlak kredit müqaviləsi üzrə banka hər ay 365,16 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan cavabdehlərə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borclu olduğu 9624,53 manat əsas borc, 1047,73 manat faiz borcu olmaqla, cəmi 10672,26 manat məbləğində vəsait xatırladılaraq, onlardan borc məbləğini qaytarmaq tələb olunmuşdur. İşdə olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8543 saylı ekspert rəyindən görünür ki, Cavabdeh banka olan borcu 9578,36 manat əsas, 665,16 manat faiz borcu təşkil edir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, bankla Cavabdeh arasında bağlanmış 26 oktyabr 2022-ci il tarixli, 600804-56325/4 saylı kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 20 faiz ödənilməsi şərtilə 12000 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Nəticədə, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehlərə borcun ödənilməsinə dair bildiriş göndərmişdir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh arasında 26 oktyabr 2022-ci il tarixdə predmeti pul məbləği olan kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 20 faiz ödənilməsi şərtilə 12000 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış cədvələ uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı tərəf xx.xx.2024-ci il tarixdə borc məbləğini tam həcmdə ödənilməsi barədə cavabdeh tərəfə bildiriş göndərmişdir. Həmin tarixdən iddiaçı tərəfin birtərəfli iradə ifadəsini cavabdehlərə bildirməsi, kredit (borc) müqaviləsinin məhkəmədən kənar qaydada ləğv edilməsini ehtiva edir. Məhkəmə öz təşəbbüsü ilə təyin etdiyi məhkəmə mühasibatlıq ekspertizasının ekspert rəyinə əsaslanaraq həmin tarixə əsas borc və hesablanmış faiz məbləğini müəyyən etmişdir. Bununla da iddiaçı bankın cavabdehə qarşı müqavilənin ləğvindən əvvəl gecikdirilmiş əsas məbləğin və hesablanmış faizlərin, ödənilməsini tələb etmək hüququ yaranmışdır. Bu hal iddiaçı bankın təqdim etdiyi hesabdan çıxarış, maliyyə arayışı, həmçinin ekspert rəyi ilə müəyyən olunur. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iddiaçının tələb etdiyi əsas borc və faiz məbləğinə münasibətdə qeyd edir ki, əsas borcun və faiz borcun məbləği iddia ərizəsində və həmçinin maliyyə arayışında əsas borc 9624,53 manat faiz borcu isə 1188,47 manat məbləğində göstərilmiş, yəni iddiaçı tərəf cavabdehlərdən həmin məbləği tələb etmişdir. Bununla belə ekspert rəyində əsas borc məbləği 9578,36 manat faiz məbləği isə 665,16 manat məbləğində müəyyən edilmişdir. Ona görə də iddiaçı bankın cavabdehlərdən tələb etdiyi əsas borcun məbləği və faiz borcunun məbləği iddia ərizəsində ərizəsində göstərilən məbləğdə deyil, ekspert rəyində qeyd olunan məbləğdə yəni 9578,36 manat əsas borc 665,16 manat faiz məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaçının tələb etdiyi əsas borca hesablanmış faiz məbləğinə münasibətdə qeyd edir ki, iddiaçı bankın iddia ərizəsində tələb etdiyi əsas borca hesablanmış faiz məbləği, kredit müqaviləsinin ləğvindən sonrakı dövrü də əhatə etdiyindən, işin həqiqi hallarına uyğun deyildir. Ona görə də əsas borca hesablanmış faiz məbləği iddiaçının tələb etdiyi məbləğdə deyil, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlar əsasında müəyyən edilmiş məbləğdə qismən əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, əsas borc və faiz məbləği iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğdə deyil, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlar əsasında müəyyən edilmiş məbləğdə, yəni 9578,36 manat əsas borc və 665,16 manat faiz borcu məbləğində əsaslıdır. Ona görə də iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 9578,36 manat əsas kredit borcu, 665,16 manat faiz borcu olmaqla, cəmi 10243,52 manat məbləğində pul alınıb iddiaçı banka verilməlidir. AR MPM-in 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci iddiaçı bankdan və cavabdehdən tutulmalıdır. İş materialarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəməmühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. AR MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməli və cavabdehdən ödənilmiş dövlət rüsumunun 120,73 manat məbləğində hissəsi alınıb İddiaçı ASC–yə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9573,36 (doqquz min beş yüz yetmiş üç manat otuz altı qəpik) manat əsas kredit borcu, 665,16 (altı yüz altmış beş manat on altı qəpik) manat faiz borcu, cəmi 10243,16 (on min iki yüz qırx üç manat on altı qəpik) manat məbləğində pul alınıb İddiaçı ASC–yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilsin. Ödənilmiş dövlət rüsumunun 120,73 (bir yüz iyirmi manat yetmiş üç qəpik) manat məbləğində hissəsi Cavabdeh alınıb İddiaçı ASC–yə verilsin. Cavabdeh aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar