Məhkəmə qərarları › İş №e-2(051)-604/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-604/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-604/2024 13.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh: Cavabdeh1 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 13087,44 manat əsas kredit borcu, 1211,83 manat faiz borcu olmaqla, cəmi 14299,27 manat məbləğində pulun və ödənilmiş 132,90 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 13087,44 manat əsas kredit borcu, 1708,06 manat faiz borcu olmaqla, cəmi 14795,5 manat məbləğində pulun, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək Mərkəzi bankın uçot faiz dərəcəsini keçməməklə faiz borcu 496,23 borcu olmaqla ödənilmiş 132,90 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 600804-785676/2 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 17.5 % dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda “Kredit müqaviləsi”-nin təminatı olaraq digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli 600804-785676/2 zaminlik müqaviləsi bağlanmışdır. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, kredit müqaviləsinin şərtləri Cavabdeh3 tərəfindən pozulmuşdur. Cavabdehlərin 13087,44 manat əsas kredit borcu, 1708,06 manat faiz borcu olmaqla, cəmi 14795,5 manat kredit borcu yaranmışdır. Həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 132.90 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsini xahiş edir. İddiaçı ASC –nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, eyni zamanda iddia tələbinin həcminin atrırılaraq əlavə olaraq Mərkəzi Bankın uçot faiz dərəcəsini keçməməklə 496.23 manat faiz borcunun da tutulmasına dair iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı iddia tələbini qismən qəbul etdi və göstərdi ki, oğlu Cavabdeh3 İddiaçı ASC-dən kredit pul götürmüşdür. Əvvəllər hərbi hissədə işləyirdi, lakin travma aldığı üçün işdən çıxarılmışdır. Hazırda oğlu xəstədir, işləmir və maddi imkanı yoxdur ki, kredit bocunu ödəsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə məlumat verməmişlər. Lakin əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qismən qəbul etdi və göstərdi ki, İddiaçı ASC-dən kredit pul götürmüşdür. Əvvəllər hərbi hissədə işləyirdi, lakin travma aldığı üçün işdən çıxarılmışdır. Hazırda xəstədir, işləmir və maddi imkanı yoxdur ki, kredit bocunu ödəsin. Qeyd olunanların nəzərə alınaraq məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 600804-785676/2 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 17,5 faiz olmaqla 48 ay müddətinə 15000 manat məbləğində kredit vermişdir. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər borcalanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşlər. İşdə olan kassa məxaric orderindən görünür ki, Cavabdeh3 iddiaçı bankın Mingəçevir filialından 15000 manat məbləğində pulu şəxsən almışdır. İşdə olan cavabdehlərə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərdən 13087,44 manat əsas kredit borcu, 173,81 manat faiz borcu olmaqla, cəmi 13261,25 manat məbləğində borc məbləğini qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh3 banka olan borcu 13087,44 manat əsas kredit borcu, 1211,83 manat faiz borcu, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək Mərkəzi bankın uçot faiz dərəcəsini keçməməklə faiz borcu 496,23 (13.087.44 manat əsas borc üzrə: 13.087.44*5%/360*273=496.23 ) manat məbləğində hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı bankla Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 600804-785676/2 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 21 faiz olmaqla 48 ay müddətinə 15000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlər Cavabdeh1 və Cavabdeh2 borcalan Cavabdeh3 kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşlər. Tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq cavabdeh hər ay krediti faizləri ilə birlikdə qaytarmalı olmasına baxmayaraq, öhdəliyinə əməl etməmişdir. Nəticədə, iddiaçı bank xx.xx.2023-cü il tarixdə cavabdehlərə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən, məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh3 arasında kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə illik 21 faiz olmaqla 48 ay müddətinə 15000 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış cədvələ uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşlər. Lakin Cavabdeh3 öhdəliyini lazımi qaydada icra etməmişdir. Ona görə də iddiaçı tərəf cavabdehlərə xəbərdarlıq məktubu (bildiriş) göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 439.3–ci maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh3 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, bağlanmış zaminlik müqaviləsinə əsasən zaminlər Cavabdeh1 və Cavabdeh2 da bank qarşısında borcalan Cavabdeh3 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubuna əsasən, cavabdehlərdən müştərək qaydada 13087,44 manat əsas kredit borcu, 173,81 manat faiz, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək Mərkəzi bankın uçot faiz dərəcəsini keçməməklə faiz borcu 496,23 borcu olmaqla, cəmi 13,757.48 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyini rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçı bankın xx.xx.2023-cü il tarixdə cavabdehlərə 173,81 manat faiz borcu göstərilməklə, borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərməsi, yəni iddiaçı bankın birtərəfli iradə ifadəsini cavabdehə bildirməsi ilə tərəflər arasında bağlanmış kredit (borc) müqaviləsi məhkəmədən kənar qaydada ləğv edilmiş hesab edilməlidir. Bununla da iddiaçı bank yalnız müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitetin (əsas məbləğin və hesablanmış faizlərin), həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, faiz məbləği iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğdə deyil, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubunda qeyd edilmiş məbləğdə, yəni 173,81 manat məbləğində əsaslıdır. Ona görə də iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli və cavabdehlərdən müştərək qaydada 13087,44 manat əsas kredit borcu, 173,81 manat faiz və xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək Mərkəzi bankın uçot faiz dərəcəsini keçməməklə faiz borcu 496,23 borcu olmaqla, cəmi 13,757.48 manat məbləğində pul alınıb iddiaçı banka verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilməli və cavabdehlərdən müştərək qaydada ödənilmiş dövlət rüsumunun 131,27 manat məbləğində hissəsi alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 600804-785676/2 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 13087,44 manat əsas kredit borcu, 173,81 manat faiz borcu olmaqla, Mərkəzi bankın uçot faiz dərəcəsi 496,23 manat, cəmi 13,757,48 manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ödənilmiş dövlət rüsumunun 129.79 manat məbləğində hissəsi alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar