Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-608/2023 27.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(051)-608/2023 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT "xxxx" QSC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2020-ci il tarixli, 016-EMB-1986-20 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə 3485 manat məbləğində kredit verilmişdir. Müqaviləyə görə Cavabdeh kreditin əsas məbləğini ödəməli idi. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdehin 06 noyabr 2020-ci il tarixli, 016-EMB-1986-20 saylı kredit müqaviləsi üzrə 187.62 manat əsas borc, 28.14 manat cərimə olmaqla cəmi 215.76 manat kredit borcu yaranmışdır. Həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 30.4 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2020-ci il tarixli, 016-EMB-1986-20 №li kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 18 ay müddətinə 3485 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 06 noyabr 2020-ci il tarixli, 016- EMB-1986-20 №li kredit müqaviləsinə əsasən 187.62 manat əsas borc, 28.14 manat cərimə olmaqla cəmi 215.76 manat kredit borcu mövcuddur. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə 06 noyabr 2020-ci il tarixli, 016-EMB-1986-20 saylı kredit müqaviləsi üzrə 28.14 manat məbləğində cərimə hesablamışdır. Lakin məhkəmə hesab edir ki, cavabdehə hesablanmış cərimənin məbləği azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır”. İş materiallarından göründüyü kimi iddiaçı cavabdehə 06 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 28.14 manat cərimə hesablamışdır. Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə, cavabdehin maddi imkanını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində 06 noyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2 manat məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, 06 noyabr 2020-ci il tarixli, 016-EMB-1986-20 saylı kredit müqaviləsinə əsasən 187.62 manat əsas borc, 2 manat cərimə olmaqla, cəmi 189.62 manat kredit borcu cavabdehdən alınıb iddiaçı BOKT "xxxx" QSC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30.4 manat alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia qismən təmin olunsun. İddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2020-ci il tarixli, 016- EMB-1986-20 saylı kredit müqaviləsinə əsasən 187.62 (bir yüz səksən yeddi manat altmış iki qəpik) manat əsas borc, 2 (iki) manat cərimə olmaqla, cəmi 189.62 (bir yüz səksən doqquz manat altmış iki qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat alınıb iddiaçı BOKT "xxxx" QSC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №e-2(051)-608/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-608/2023
27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver