Məhkəmə qərarları › İş №e-2(051)-626/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-626/2025

19.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-626/2025 19.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2664,08 manat məbləğində əsas borcun və ödənilmiş 110 manat məbləğində mediasiya xərcinin alınıb iddiaçıya verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixdə baş satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixli əmrlə administrator vəzifəsinə keçirilmiş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixində İddiaçı MMC-nin - OBA Zabrat 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4243 (dörd min iki yüz qırx üç) manat 16 (on altı) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmişdir. İş materiallarına əlavə edilmiş iltizamnamədən də görünür ki, Cavabdeh İddiaçı MMC-yə vurduğu ziyana heç bir etiraz bildirməmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2664,08 manat borcu qalmışdır. Cavabdeh tərəfindən həmin borcdan hazırki tarixədək heç bir məbləğ ödənilməmişdir. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddiaçı cavabdehdən 2664,08 manat məbləğində əsas borcun və ödənilmiş 110 manat məbləğində mediasiya xərcinin alınıb iddiaçıya verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, İşdə olan cavabdehə ünvanlanmış borcun ödənilməsi tələbinə dair pretenziya məktubundan görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4243,16 manat təşkil edir. İşdə olan iltizamnamədən də görünür ki, Cavabdeh İddiaçı MMC-yə vurduğu ziyana heç bir etiraz bildirməmişdir. İşdə olan maliyyə arayışından görünür ki, cavabdehin çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2664,08 manat borcu qalmışdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, cavabdeh İddiaçı MMC-yə 4243,16 manat borcunun olduğuna etiraz etməmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam icra etməmişdir. Nəticədə, cavabdehin 2664,08 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçıya 2664,08 manat borcu qalmışdır. Odur ki, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2664,08 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi 60 manat mediasiya xərcinə münasibətdə qeyd edir ki, ilkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 2664,08 (iki min altı yüz altmış dörd manat, səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı OBA Market” MMC-nin xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi olan 60 manat məbləğində pul alınıb iddiaçı OBA Market” MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar