Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-64/2025 18.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı:"xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3894.74 manat əsas borcun, 1566.88 manat faiz borcunun, cəmi 5461.62 manat məbləğində kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 74.62 manat məbləğində dövlət rüsumunun və 0,40 (40 qəpik) manat bank xidməti haqqının əvəzinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3894.74 manat əsas borc, 1296.41 manat faiz borcu və 136.86 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla faiz borcu olmaqla, cəmi 5328.01 manat məbləğində kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 74.62 manat məbləğində dövlət rüsumunun və 0,40 (40 qəpik) manat bank xidməti haqqının əvəzinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək bildirdi ki, bankla Cavabdeh1 arasında bağlanmış BPM**********15 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 20 faiz ödənilməsi şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında BPM**********15 nömrəli xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. xx.xx.2024-ci il tarixli maliyyə arayışına uyğun olaraq göstərilən tarixə borc alan Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə əsas borc üzrə 3894.74 manat, faiz borcu üzrə 1566.88 manat, cəmi 5461.62 manat məbləğində kredit borcu mövcuddur. Lakin iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edilərək, cavabdehlərdən müştərək qaydada 3894.74 manat əsas borc, 1296.41 manat faiz borcu və 136.86 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla faiz borcu olmaqla, cəmi 5328.01 manat məbləğində kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 74.62 manat məbləğində dövlət rüsumunun və 0,40 (40 qəpik) manat bank xidməti haqqının əvəzinin iddiaçı bankın xeyrinə tutulması xahiş edilmişdir. Odur ki, iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə isə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış BPM**********15 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 20 faiz dərəcəsi ilə ödənilməsi şərtilə 5000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli BPM**********15 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İşdə olan cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixə kredit müqaviləsi üzrə banka olan 3894.74 manat əsas borc və bu borca müvafiq olaraq hesablanmış faiz borcu cavabdehlərə xatırladılaraq, onlardan borclu olduqları məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024–cü il tarixə banka olan borcu 3894.74 manat əsas borc, 1296.41 manat faiz borcu və 136.86 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla faiz borcu olmaqla, cəmi 5328.01 manat təşkil edir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən 389.14 manat məbləğində ödəniş aparılmış, həmin məbləğ də ümumilikdə cavabdehin faiz borcundan silinmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/9191 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış məlumatlar, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli, BPM**********15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixlərə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur. Ekspert qarşısında qoyulmuş birinci suala cavab olaraq qeyd edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış BPM**********15 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin şərtlərinə, o cümlədən ödəniş cədvəlinə, kreditin dövriyyəsinə və faizlərin hesablama dövriyyəsinə əsasən xx.xx.2024-cü il tarixə olan əsas borcun məbləği 3.949,84 manat təşkil edir. Ekspert qarşısında qoyulmuş ikinci suala cavab olaraq qeyd edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış BPM**********15 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı təşkilatın cavabdehlərdən tələb etdiyi əsas borca müqavilədə nəzərdə tutulmuş 20 faiz dərəcəsi ilə xx.xx.2022-ci tarixədək olan müddət ərzində hesablanmış faiz məbləği 735,11 manat təşkil edir. Ekspert qarşısında qoyulmuş üçüncü suala cavab olaraq qeyd edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış BPM**********15 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən xx.xx.2022-ci tarixdən sonra 389,14 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin də ümumilikdə cavabdehin faiz borcundan silinməsi müəyyən edildi. xx.xx.2022ci tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün əsas borca illik beş faiz dərəcəsilə hesablanmış faiz məbləği isə 370,30 manat təşkil edir, yəni xx.xx.2024-cü il tarixə Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu aşağıdakılardan ibarətdir, o cümlədən: əsas borc 3949,84 manat, faiz borcu 345,97 manat (735,11 - 389,14), xx.xx.2022-ci ildən 5% hesablanmaqla gecikdirilmiş faiz borcu 370,30 manat. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, bankla Cavabdeh1 arasında bağlanmış BPM**********15 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 20 faiz ödənilməsi şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında BPM**********15 nömrəli xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Nəticədə, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehlərə borcun ödənilməsinə dair bildiriş göndərmişdir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixdə predmeti pul məbləği olan kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 36 ay müddətinə, kreditdən istifadəyə görə illik 20 faiz ödənilməsi şərtilə 5000 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış cədvələ uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Digər Cavabdeh2 isə xx.xx.2021-ci il tarixdə zaminlik müqaviləsi əsasında kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. Lakin Cavabdeh1 öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı tərəf xx.xx.2022-ci il tarixdə borcun hissə-hissə icrasından birtərəfli qaydada imtina edərək borc məbləğini tam həcmdə ödənilməsi barədə cavabdeh tərəfə bildiriş göndərmişdir. Həmin tarixdən iddiaçı tərəfin birtərəfli iradə ifadəsini cavabdehlərə bildirməsi, kredit (borc) müqaviləsinin məhkəmədən kənar qaydada ləğv edilməsini ehtiva edir. Bununla belə iddiaçı bank xx.xx.2022-ci il tarixdə cavabdehlərə göndərdiyi bildirişdə 3894.74 manat əsas borc məbləğini göstərsə də, faiz məbləğini göstərməmişdir. Ona görə də məhkəmə öz təşəbbüsü ilə təyin etdiyi məhkəmə mühasibatlıq ekspertizasının ekspert rəyinə əsaslanaraq həmin tarixə əsas borca hesablanmış faiz və gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış illik beş faiz məbləğini müəyyən etmişdir. Bununla da iddiaçı bankın cavabdehə qarşı müqavilənin ləğvindən əvvəl gecikdirilmiş əsas məbləğin və hesablanmış faizlərin, həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Bu hal iddiaçı bankın təqdim etdiyi hesabdan çıxarış, maliyyə arayışı, həmçinin ekspert rəyi ilə müəyyən olunur. Ona görə də iddiaçı bankın cavabdehlərə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, bağlanmış zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 da bank qarşısında borcalan Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iddiaçının tələb etdiyi əsas borc məbləğinə münasibətdə qeyd edir ki, əsas borcun məbləği iddia ərizəsində və əlavə iddia ərizəsində, həmçinin maliyyə arayışında 3894.74 manat məbləğində göstərilmiş, yəni iddiaçı tərəf cavabdehlərdən həmin məbləği tələb etmişdir. Bununla belə ekspert rəyində əsas borc məbləği 3949,84 manat məbləğində müəyyən edilmişdir. Lakin iddiaçı tərəf ekspert rəyini aldıqdan sonra iddia tələbinin həcmnin artırılmasına dair əlavə ərizə ilə məhkəməyə müraciət etmədiyinə görə işə verilmiş tələb üzrə baxılmalı və iddiaçı bankın cavabdehlərdən tələb etdiyi əsas borcun məbləği iddia ərizəsində və əlavə iddia ərizəsində göstərilən məbləğdə, yəni 3894.74 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaçının tələb etdiyi əsas borca hesablanmış faiz məbləğinə münasibətdə qeyd edir ki, iddiaçı bankın iddia ərizəsində və tələbin həcminin azaldılmasına dair əlavə iddia ərizəsində tələb etdiyi əsas borca hesablanmış faiz məbləği, kredit müqaviləsinin ləğvindən sonrakı dövrü də əhatə etdiyindən, işin həqiqi hallarına uyğun deyildir. Ona görə də əsas borca hesablanmış faiz məbləği iddiaçının tələb etdiyi məbləğdə deyil, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlar əsasında müəyyən edilmiş məbləğdə qismən əsaslıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırı ki, iddiaçı bank xx.xx.2022-ci il tarixdə borcun hissə-hissə icrasından birtərəfli qaydada imtina edərək, borc məbləğinin tam həcmdə ödənilməsi barədə cavabdeh tərəfə bildiriş göndərmişdir. Bununla da iddiaçı tərəf birtərəfli iradə ifadəsini cavabdehlərə bildirmişdir. Həmin tarixdən də kredit (borc) müqaviləsi məhkəmədən kənar qaydada ləğv edilmişdir. Lakin iddiaçı bank cavabdelərə göndərdiyi bildirişdə əsas borcu göstərsə də, əsas borca hesablanmış faiz məbləğini göstərməmiş, yalnız qeyr-müəyyən ifadə ilə faiz borcunun olduğunu da xatırlatmışdır. Ona görə də məhkəmə öz təşəbbüsü ilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Ekspert rəyində isə əsas borca müqavilədə nəzərdə tutulmuş 20 faiz dərəcəsi ilə xx.xx.2022-ci tarixədək, yəni müqavilən qüvvədə olduğu müddət ərzində hesablanmış faiz məbləği 735,11 manat göstərilmiş, lakin Cavabdeh1 tərəfindən xx.xx.2022-ci tarixdən sonra 389,14 manat məbləğində ödəniş edildiyindən, həmin məbləğ də ümumilikdə cavabdehin faiz borcundan silinmiş, nəticədə əsas borca hesablanmış faiz borcu 345,97 manat (735,11-389,14) məbləğində müəyyən edilmişdir. Belə olan halda iddiaçı bankın cavabdehlərdən yalnız müqavilənin ləğvindən əvvəl əsas borca hesablanmış 345,97 manat məbləğində faiz borcunu tələb etmək hüququ yaranmışdır. Məhkəmə, həmçinin müqavilə ləğv edidikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca illik beş faiz dərəcəsi ilə hesablanmış faiz məbləğinə münasibətdə qeyd edir ki, əlavə iddia ərizəsində, həmçinin maliyyə arayışında gecikdirilmiş vaxt üçün əsas borca illik beş faiz dərəcəsi ilə hesablanmış faiz məbləği 136,86 manat göstərilmiş, yəni iddiaçı tərəf cavabdehlərdən həmin məbləği tələb etmişdir. Bununla belə ekspert rəyində xx.xx.2022-ci ildən 5% hesablanmaqla gecikdirilmiş faiz borcu 370,30 manat məbləğində müəyyən edilmişdir. Lakin iddiaçı tərəf ekspert rəyini aldıqdan sonra iddia tələbinin həcmnin artırılmasına dair əlavə ərizə ilə məhkəməyə müraciət etmədiyinə görə işə verilmiş tələb üzrə baxılmalı və iddiaçı bankın cavabdehlərdən tələb etdiyi müqavilə ləğv edidikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca illik beş faiz dərəcəsi ilə hesablanmış faiz məbləği əlavə iddia ərizəsində göstərilən məbləğdə, yəni 136,86 manat məbləğində müəyyən edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyini rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçı bankın xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfə borcun ödənilməsinə dair bildiriş göndərməsi, yəni iddiaçı bankın birtərəfli iradə ifadəsini cavabdehə bildirməsi ilə tərəflər arasında bağlanmış kredit (borc) müqaviləsi məhkəmədən kənar qaydada ləğv edilmişdir. Bununla da iddiaçı bank yalnız müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitetin (əsas məbləğin və hesablanmış faizlərin), həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, faiz məbləği iddiaçının iddia ərizəsində və əlavə ərizəsində tələb etdiyi məbləğdə deyil, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlar əsasında müəyyən edilmiş məbləğdə, yəni 345.97 manat məbləğində əsaslıdır. Ona görə də iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3894.74 manat əsas kredit borcu, 345.97 manat faiz borcu, 136.86 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla faiz borcu olmaqla, cəmi 4377.57 manat məbləğində pul alınıb iddiaçı banka verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 145 manat məhkəmə xərci iddiaçı bankdan və cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İş materialarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəməmühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri 145 manat təşkil etmişdir. AR MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun 63.78 manat məbləğində hissəsi alınıb iddiaçı "xxxx" ASC–yə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş, BPM**********15 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3894.74 (üç min səkkiz yüz doxsan dörd manat yetmiş dörd qəpik) manat əsas kredit borcu, 345.97 (üç yüz qırx beş manat doxsan yeddi qəpik) manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 136.86 (bir yüz otuz altı manat səksən altı qəpik) manat məbləğində vəsait, cəmi 4377.57 (dörd min üç yüz yetmiş yeddi manat əlli yeddi qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilsin. Ödənilmiş dövlət rüsumunun 63.78 (altmış üç manat yetmiş səkkiz qəpik) manat məbləğində hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. İddiaçı "xxxx" ASC–dən aparılmış ekspertiza tədqiqatın dəyəri olan 145 (bir yüz qırx beş) manat məbləğində məhkəmə xərcinin yarısı, yəni 72.5 (yetmiş iki manat əlli qəpik) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada aparılmış ekspertiza tədqiqatın dəyəri olan 145 (bir yüz qırx beş) manat məbləğində məhkəmə xərcinin yarısı, yəni 72.5 (yetmiş iki manat əlli qəpik) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-64/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-64/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver