Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-647/2022 18.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: BOKT Aqrarkredit QSC-nin nümayəndəsi X1 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı BOKT Aqrarkredit QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun alınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT Aqrarkredit QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun alınması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən əsas kredit borcu üzrə 2225.25 manat, faiz borcu üzrə 1123.96 manat olmaqla, cəmi 3349.21 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh qarşı 2225,25 manat əsas borc,1123,96 manat faiz borcu olmaqla, cəmi 3349,21 (üç min üç yüz qırx doqquz manat iyirmi bir qəpik) manat məbləğində problemli borcu üzrə tələb hüququ 23.08.2017-ci il tarixli S-FK-MİN-27 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. "xxxx" ASC-nin Mingəcevir filialı ilə Cavabdeh arasında bağlanmış 06 noyabr 2013-cü il tarixli M-320-AZN saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik 24 %-lə 2400 (iki min dörd yüz ) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin hesablanması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh iddiaçıya olan ödənilməmiş əsas borcu 2225,25 manat, faiz borcu 1123,96 manat olmaqla, cəmi borcu 3349,21(üç min üç yüz qırx doqquz manat iyirmi bir qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh borcunu ödəməmişdir. Ona görə də görülmüş tədbirlər üzrə lazimi nəticə əldə olunmamışdır. Cavabdehə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Hesab edir ki, Cavabdeh iddiaçı ilə bağlanmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün 3349,21 manat məbləğində borc cavabdeh tərəfindən ödənilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə uyğun olaraq məhkəmə iclası zamanı izahatında göstərdi ki, Azərbaycan Beynəlxalq Bankından krediti 2013-cü ildə götürmüş, 2014-2015-ci illərdə ödənişlər etmişdir. Onu icra məmuru dəvət etdikdən sonra kredit borcu ilə bağlı qətnamə olduğunu bilmişdir. Bank ona borcu qalması barədə heç bir məlumat vermədiyi üçün borcunu bağlanmış hesab etmişdir. Çünki o, həmin krediti qohumu üçün götürmüşdür. Qohumu da hər ay krediti vaxtında ödədiyini bildirmişdir. Ona görə də hesab etmişdir ki, onun borcu bağlanmışdır. Hazırkı vaxta qədər də bank tərəfindən ona borclu olması ilə bağlı heç bir pretenziya irəli sürülməmişdir. Hesab edir ki, onun banka olan kredit borcu tam şəkildə ödənilmişdir. Göründüyü kimi iddiaçı tərəf müqavilə müddəti başa çatdıqdan 6-7 il sonra iddia irəli sürmüşdür. Bununla da iddiaçı tərəf iddia müddətini ötürmüşdür. Odur ki, məhkəmədən iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin və cavabdehin izahatını, cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia ərizəsi, iddia müddətinin keçməsinə görə təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Beynəlxalq Bankı ilə Cavabdeh arasında bağlanmış 06.11.2013-cü il tarixli M-320-AZN saylı kredit müqaviləsindən görünür ki, bank müştəriyə illik 24 faiz olmaqla 24 ay müddətinə 2400 manat məbləğində kredit vermişdir. İşdə olan tərəflər arasında razılaşdırılmış ödəmə qrafikinə əsasən borclu Cavabdeh götürdüyü kredit üzrə hər ay müxtəlif məbləğlərdə olmaqla, 06.12.2013-27.10.2015-ci il ərzində kreditin əsas məbləği və onun faizləri ilə birlikdə cəmi 3000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Aqrarkredit QSC-yə aid 02.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka olan əsas borcu 2225.25 manat, faiz borcu 1123.96 manat olmaqla, cəmi 3349.21 manat təşkil edir. İşdə olan 23.08.2017-ci il tarixli S-FK-MİN-27 saylı təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli 101s saylı sərəncamının icrası ilə əlaqədar Aqrarkredit QSC tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC-dən problemli aktivlər satın alınmışdır. İşdə olan Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən məhkəməyə göndərilmiş 05.05.2022-ci il tarixli 233 saylı məktubdan görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 06.11.2013-cü il tarixli M-320-AZN saylı kredit müqaviləsi üzrə bankın tələb hüququ Aqrarkredit QSC-yə ötürülmüşdür. Aqrarkredit həmin kredit müqaviləsi üzrə bankın hüquq və vəzifələrini daşıdığına görə bankın Cavabdeh qarşı hər hansı tələbinin olmadığı bildirilmişdir. Məhkəmə iş materiallarının müqayisəli təhlili nəticəsində müəyyən etdi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra müddəti 06.11.2015-ci il tarixə qədər müəyyən edilmişdir. Həmin müddət bitdikdən sonrakı gündən iddia müddətinin axımı başlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarında olan cavabdehin 06.05.2022-ci il tarixli ərizəsindən görünür ki, o, iddiaçı təşkilatın iddia müddətini keçirməsinə əsaslanaraq, iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mübahisənin müqavilə münasibətlərindən yaranan tələb olduğu qənaətinə gələrək, hesab edir ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti şamil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsi”nə dair 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Beləliklə, məhkəmə müəyyən etdi ki, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh oğlu arasında bağlanmış və sonradan tələb hüququ Aqrarkredit QSC-yə ötürülmüş 06.11.2013-cü il tarixli M-320-AZN saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti 06.1.2015-ci il tarixdə bitmişdir. Hazırkı mübahisə müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə iddia müddəti şamil edilir. İddiaçı Aqrarkredit QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas və faiz borcunun alınması tələbinə dair iddianı, həmin tələb üzrə qanunda göstərilmiş üç illik iddia müddəti keçdikdən sonra vermişdir. Cavabdeh isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir. Azərbaycan Respublikası mülki Məcəlləsinin 378-ci maddəsinə əsasən öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia müddətinin keçməsinə görə iddiaçı Aqrarkredit QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun alınması tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Aqrarkredit QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcu alınması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-647/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-647/2022
18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver