Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-671/2025 11.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Oba Market” MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6659 (altı min altı yüz əlli doqquz) manat 49 (qırx doqquz) qəpik, mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat və 60 (altmış) manat məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 37 (otuz yeddi) manat məbləğində pulun Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə edilmiş dəyişiklliyə əsasən administrator vəzifəsinə işə qəbul olunmuş və onunla “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-nin “OBA İsmayıllı 4” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə yekun 6786 (altı min yeddi yüz səksən altı) manat 30 (otuz) qəpik zərər vurması müəyyən edilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 6659 (altı min altı yüz əlli doqquz) manat 49 (qırx doqquz) qəpik borcu qalmışdır. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 6659 (altı min altı yüz əlli doqquz) manat 49 (qırx doqquz) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Odur ki, Oba Market” MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6659 (altı min altı yüz əlli doqquz) manat 49 (qırx doqquz) qəpik, mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat və 60 (altmış) manat məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 37 (otuz yeddi) manat məbləğində pulun Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehə isə məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə 14 saylı Mənzil İstismar Sahəsinə məhkəmə bildirişi ünvanlanmışdır. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, İş materiallarında olan xx.xx.2023-cü il tarixli İşə qəbul etmə haqqında əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2023-cü il tarixindən etibarən Satıcı-kassir vəzifəsinə işə qəbul edilməsi haqqında əmr verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli vəzifə dəyişikliyi haqqında əmrdən çıxarışdan və əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2023-cü il tarixindən administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan Əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh Satış departamenti Satış şöbəsində satıcı kassir vəzifəsində xx.xx.2023-cü il tarixdə işə başlamışdır. Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2023-cü il tarix göstərilmişdir. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, Cavabdeh 23 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əsas iş yeri olmaqla Satış Departamenti satış şöbəsinə satıcı kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən Cəmiyyətin Satış şöbəsində Administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan X2 haqqında xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, iddiaçı tərəflə Cavabdeh arasında X2 haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “İşdən azad haqqında” əmrdən çıxarışdan və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cəmiyyəytin Satış Departamentinin Satış şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 (b) (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan İddiaçı MMC-də çalışmış Cavabdeh Aleksandr oğlunun maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Aleksandr ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023 - cü il tarixində 6786.30 (altı min yeddi yüz səksən altı manat, 30 qəpik) manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 6659.49 (altı min altı yüz əlli doqquz manat, 49 qəpik) manat borcu qalmışdır. Beləliklə, Cavabdeh Aleksandr xx.xx.2024-cü il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 6659,49 manat təşkil edir. İş materiallarında olan “Təbii itki normalarının tətbiqi haqında” xx.xx.2024-cü il tarixli 461 nömrəli əmrə əsasən İddiaçı MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin Təbii itki normaları çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator Cavabdeh Aleksandr oğlundan tələb olunması haqqında əmr imzalanmışdır. İş materiallarında olan 22 dekabr 2023-cü il tarixli 2360 nömrəli əmrə əsasən faktiki mövcud olan maddi ehtiyatların xx.xx.2023-cü il tarixinə olan vəziyyətinin yoxlamasını aparmaq məqsədi ilə “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” əmr imzalanmışdır. İş materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, OBA-İSMAYİLLİ 4 (769) mağazasında xx.xx.2023-cü il tarixdə İnventarizasiya yoxlaması aparılması və həmin yoxlamada iştirak etməsi bildirilmişdir. İş materiallarında olan aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, 22 dekabr 2023-cü il tarixli inventarizasiya siyahısı ilə növbədənkənar yoxlama tarixinə siyahıya alınmış mal material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirməsinin aparılması zamanı ümumi olaraq 6786,3 manat zərər vurulması müəyyən edilmişdir. Həmin aktda Cavabdeh Aleksandr oğlunun qarşısında “üzləşmənin nəticələri ilə tanış oldum” hissəsində onun imzası yoxdur. İş materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, “OBA MARKET" MMC-də çalışdığı OBA-İSMAYİLLİ 4 (769) mağazasında xx.xx.2023-cü il tarixdə keçirilmiş inventarizasiya yoxlamasının (Təhviltəslim) nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrini imzalaması mütləqdir. Daxili Nəzarət Departamentinə yaxınlaşması xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli imtina aktından görünür ki, "xxxx" MMC- nin İsmayıllı rayonu, Nizami küçəsi ünvanında yerləşən OBA-İsmayıllı 4 (769) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh Aleksandr oğlunun iştirakı ilə xx.xx.2023-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh Aleksandr oğlu inventarizasiyanın aparılması və nəticələrin araşdırılması üçün dəvət olunsa da, iştirak etməmiş və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-6786.30 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etdiyi aktda qeyd edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMCdə işlədiyi dövrdə müxtəlif tarixlərdə fəaliyyəti yoxlanılmış və 6659,49 manat əskikgəlmə aşkar edilmiş, 3 gün müddətində qeyd olunan borcun ödənilməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş auditor rəyindən görünür ki, Auditə təqdim olunan sənədlərə əsasən 28 iyul 2025-ci il tarixdə başlanmış və 31 iyul 2025-ci il tarixdə başa çatmışdır. Nəticə və təkliflər:
1. Audit yoxlaması nəticəsində elə müəyyən olunur ki, İddiaçı MMC-nin İsmayıllı rayonu, Nizami küçəsi ünvanında yerləşən Oba-İsmayıllı №4 mağazada administrator vəzifəsində çalışmış Cavabdeh öhdəliyində olan maddiyatdan ümumilikdə 6659.49 manat dəyərində məhsul əskikgəlmişdir. Bizim mülahizələrimizə görə əskikgəlmə faktının aşkarlanması 22 dekabr 2023-cü il tarixində keçirilən inventarizasiya yoxlamasına əsasən bütün mövcud aspektlərdə müəssisənin faktiki 6659.49 manat zərərə uğradığı əməliyyatların nəticələrinin düzgünlüyünü göstərməklə Azərbaycan Respublikasının bütün normativ və hüquqi aktlarının tələblərinə müvafiqdir.
2. Cavabdeh audit yoxlama prossesində dindirilmək üçün tərəfimizdən dəvət olunmuşdur, lakin dəvətdə iştirak etməmişdir.
3. Rəhbərliyin bu ciddi məsələ üçün hüquq-mühafizə orqanlarına müraciət edilməsi məqsədə uyğundur.
4. Rəhbərliyə tövsiyyə olunur ki, yaranmış əskik gəlmənin aradan qaldırılması istiqamətində əməli işlər görülsün. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş Cavabdeh sərhədkeçmə məlumatlarından görünür ki, görülən tədbir Keç, sərhəddən çıxma tarixi xx.xx.2023-cü il, sərhəd Çıxış, Sərhədin portu Astana, X3 Beynəlxalq Aeroportunda DSBM, görülən tədbir Keç, sərhəddən çıxma tarixi xx.xx.2024-cü il, sərhəd Giriş, Sərhədin portu Astana, X3 Beynəlxalq Aeroportunda DSBM, görülən tədbir Keç, sərhəddən çıxma tarixi xx.xx.2024cü il, sərhəd Çıxış, Sərhədin portu İstanbul, X3 Beynəlxalq Aeroportunda DSBM göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eləcə də «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən zərərin cavabdeh tərəfindən vurulmasını və zərərin dəyərini sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə işdə olan sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı hüquqi şəxslə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən cavabdeh Cəmiyyətin Satış şöbəsində administrator vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 (b) (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli X2 haqqında müqavilə bağlanmışdır. Cavabdeh isə xx.xx.2023-cü il tarixdə ölkədən çıxmış, xx.xx.2024-cü il tarixdə ölkəyə giriş etmiş, xx.xx.2024-cü il tarixdə isə yenidən ölkədən çıxmışdır. Həmin vaxtdan cavabdeh əmək vəzifələrini yerinə yetirməmişdir. İddiaçı hüquqi şəxs cavabdehin izahatını almadan faktiki mövcud olan maddi ehtiyatların xx.xx.2023-cü il tarixinə olan vəziyyətinin yoxlamasını aparmaq məqsədi ilə “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” əmr imzalanmış, “Təbii itki normalarının tətbiqi haqında” xx.xx.2024-cü il tarixli 461 nömrəli əmrə əsasən İddiaçı MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin Təbii itki normaları çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator cavabdehdən tələb olunması əmr edilmişdir. Cavabdehə OBA-İSMAYİLLİ 4 (769) mağazasında xx.xx.2023-cü il tarixdə İnventarizasiya yoxlaması aparılması və həmin yoxlamada iştirak etməsi bildirilmiş, lakin cavabdeh yoxlama aparılması zamanı iştirak etməmişdir. Bununla belə aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun akt tərtib edilmişdir. Həmin akta əsasən 22 dekabr 2023-cü il tarixli inventarizasiya siyahısı ilə növbədənkənar yoxlama tarixinə siyahıya alınmış mal material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirməsinin aparılması zamanı ümumi olaraq 6786,3 manat zərər vurulması müəyyən edilmişdir. Həmin aktla cavabdeh tanış olmamış və akta imza etməmişdir. Ona görə də cavabdehə xx.xx.2023-cü il tarixdə keçirilmiş inventarizasiya yoxlamasının (Təhvil-təslim) nəticələri ilə tanış olması üçün xəbərdarlıq məktubları göndərilmişdir. Bununla belə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş imtina aktında OBA-İsmayıllı 4 (769) mağazasında, xx.xx.2023-cü il tarixdə keçirilmiş inventarizasiya yoxlamasında həmin mağaza üzrə maddi məsul şəxs olan cavabdehin iştirak etdiyi göstərilmişdir. xx.xx.2024-cü il tarixli arayışa əsasən çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq cavabdehin 6659.49 manat borclu qaldığı göstərilmişdir. Ondan sonra cavabdehdən qeyd olunan borcun ödənilməsi tələb edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə mübahisənin predmetinin nədən ibarət olaması müəyyən edilməlidir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin predmeti İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətini müəyyən edilməsi ilə bağlı olduğundan, mübahisə əmək qanunvericiliyinin normaları və digər əlaqəli normativ hüquqi aktlar əsasında həll edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi, həmçinin işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. Həmin Məcəllənin 83–cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 3-cü hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin maddənin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Həmin Məcəllənin 191–ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192–ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194–cü maddəsinin 2-ci hissəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 200–cü maddəsinin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 203–cü maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.
2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibəti işçinin işəgötürənə vurduğu maddi ziyanın ödənilməsi ilə bağlı fərdi əmək mübahisədir və Azərbaycan Respublikası Əmək Məcəlləsinin işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçıya ziyanın həqiqətən vurulduğu aşkar olmalı, cavabdehin əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı, cavabdehin qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsində göstərilən şərtlər məcmu halında mövcud olmadığına görə iddianın rədd edilməsi üçün hüquqi əsasdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən iddiaçıya ziyanın həqiqətən vurulduğu aşkar olunmuş, cavabdehin qanunda nəzərdə tutulmuş qaydada üzürlü səbəb olmadan xx.xx.2023-cü il tarixdə ölkə ərazisini tərk etməklə əmək vəzifələrinin kobud şəkildə pozması qanuna zidd olmuş, lakin vurulmuş ziyanla cavabdehin qanuna zidd hərəkəti arasında səbəbli əlaqənin olması, yəni ziyanın məhz cavabdeh tərəfindən vurulması iddiaçının təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Məhkəmə öz qənaətini onunla əsaslandır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, cavabdeh xx.xx.2023-cü il tarixdən Cəmiyyətin Satış şöbəsində administrator vəzifəsinə keçirilmiş, əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 (b) (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixdən ölkə ərazisini tərk etmişdir. Bununla da o, üzürlü səbəb olmadan əmək vəzifələrini yerinə yetirməmişdir. OBA-İSMAYİLLİ 4 (769) mağazasında İnventarizasiya yoxlaması isə 2 aydan çox müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə aparılmışdır. İddiaçıya vurulmuş 6786,3 manat məbləğində ziyan da məhz həmin tarixdə aparılmış İnventarizasiya yoxlaması nəticəsində aşkar olunmuşdur. Göründüyü kimi əmək müqaviləsinə xitam verilərkən, həmçinin OBA-İSMAYİLLİ 4 (769) mağazasında xx.xx.2023-cü il tarixdə İnventarizasiya yoxlaması aparılarkən cavabdeh ölkə xaricində olmuş, yəni faktiki olaraq həmin tarixdən üzürlü səbəb olmadan işə gəlməmiş, lakin onun barəsində işəgötürən tərəfindən qanunda nəzərdə tutulmuş qaydada heç bir tədbir görülüməmişdir. Halbuki, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Bununla belə iddiaçı tərəfindən həmin hallara qiymət verilməmiş, nə də işin araşdırılması zamanı nəzərə alınmamışdır. Eləcə də iddiaçı ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl cavabdehin yazılı izahatını almalı olduğu halda, onu etməmiş, həmçinin cavabdehin əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla cavabdehin hərəkətləri arasındakı səbəbli əlaqəni müəyyən etməmişdir. Bununla da iddiaçı tərəfindən əmək qanunveriliciyinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuş, yəni cavabdehin iştirakı olmadan akt tərtib edilmiş, cavabdehin yazılı izahatı alınmamış, araşdırmaların (yoxlamanın) gedişində onun yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüquqları pozulmuş, iddiaçı cavabdehi yoxlamanın nəticələri ilə tanış etməmişdir. Belə olan halda iddiaçının istinad etdiyi, OBA-İSMAYİLLİ 4 (769) mağazasında aktivlər üzrə İnventarizasiya nəticələrinə dair xx.xx.2023-cü il tarixdə tərtib edilmiş yekun akt qanunda nəzərdə tutulmuş qaydada əldə edilmədiyinə görə sübut növü kimi qəbul edilə bilməz. Bu da o nəticəyə gəlmə əsas verir ki, iddiaçıya dəymiş ziyanın cavabdeh tərəfindən vurlması sübut olunmur. Ona görə də iddiaçının məhz cavabdehə qarşı ziyanın ödənilməsi ilə bağlı tələb hüququ yaranmamışdır. Bu hal isə iddianın rədd edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ:
İddia rədd edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı Oba Market” MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6659,49 manat məbləğində pulun Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nemət Paşayev