Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-68/2023 10.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, borclular Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixə kredit öhdəliyi üzrə qalan 1669.42 manat əsas borcu, 2,554,87 manat faiz borcu, 1161.06 manat cərimə borcu, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 596.39 manat faiz məbləği olmaqla, cəmi 5981.74 manat məbləğində pulun və ödənilmiş 80 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdi ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30 oktyabr 2013-cü il tarixli 722 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətinə, illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 2600 (iki min altı yüz manat) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 30 oktyabr 2013-cü il tarixli, 722/1 saylıZaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Nəticədə, onların xx.xx.2022-ci il tarixə kredit öhdəliyi üzrə qalan 1669.42 manat əsas borcu, 2,554,87 manat faiz borcu, 1161.06 manat cərimə borcu, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 596.39 manat faiz məbləği olmaqla, cəmi 5981.74 manat məbləğində kredit borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmiş və kredit müqaviləsi üzrə borclarını ödəməmişdir. Nəticədə, təmsil etdiyi bank əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, cavabdehlər gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir, iddiaçı isə məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini tam müdafiə etdiyini bildirərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 722 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 26 faiz olmaqla 18 ay müddətinə 2600 manat məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, 722/1 saylızaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə "xxxx" ASC ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan cavabdehlərə ünvanlanmış xəbərdarlıqdan görünür ki, banka olan borcu cavabdehlərə xatırladılaraq, onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan "xxxx" ASC-yə aid maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh1 banka olan borcu xx.xx.2022-ci il tarixə kredit öhdəliyi üzrə qalan 1669.42 manat əsas borcu, 2,554,87 manat faiz borcu, 1161.06 manat cərimə borcu, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 596.39 manat faiz məbləği olmaqla, cəmi 5981.74 manat təşkil edir. İşdə olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7929 saylı ekspert rəyindən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixə, yəni müqavilənin bitmə tarixinə banka olan borcu 1688.44 manat əsas, 303.64 manat faiz borcu, xx.xx.2022-ci il tarixə, yəni sualda qeyd edilən tarixə isə 1688.44 manat əsas, 727.89 manat faiz, 424.25 manat 5% ilə faiz borcu təşkil edir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü tarixli, 722 saylı kredit müqaviləsinə əsasən, bank cavabdehə 18 (on səkkiz) ay müddətinə, illik 26(iyirmi altı) faiz dərəcəsi ilə 2600 (iki min altı yüz manat) məbləğində kredit vermişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq Cavabdeh1 hər ay krediti faizləri ilə birlikdə qaytarmasına dair öhdəlik götürməsinə baxmayaraq, öhdəliyinə əməl etməmişdir. Nəticədə, onun xx.xx.2022-ci il tarixədək 1669.42 manat kredit borcu, 2554,87 manat faiz borcu, 1161.06 manat cərimə borcu, illik 5 faizlə hesablanmış 596.39 manat faiz borcu olmaqla, cəmi 5981.7 manat borcu yaranmışdır. Məhkəmə, həmçinin iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/7929 nömrəli ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, o nəticəyə gəlir ki, ekspert rəyi kifayət qədər aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həm də təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəldiyindən, işin qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edilməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış kredit (borc müqaviləsinə görə ) bank cavabdehə illik 26 faiz olmaqla 18 ay müddətinə 2600 manat məbləğində pul (kredit) vermişdir. Cavabdeh tərəf müqavilə öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Belə olan halda Cavabdeh1 xx.xx.2015-ci il tarixə, yəni müqavilənin bitmə tarixinə banka olan borcu 1688.44 manat əsas, 303.64 manat faiz borcu, xx.xx.2022-ci il tarixə, yəni sualda qeyd edilən tarixə isə 1688.44 manat əsas, 727.89 manat faiz, 424.25 manat 5% ilə faiz borcu olması xx.xx.2023-cü il tarixli 9/7929 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Ekspert öz rəyini iddiaçı bankın təqdim etdiyi kredit müqaviləsi və ona əlavə edilmiş sənədlər əsasında vermişdir. Bu da onu deməyə əsas verir ki, ekspert rəyində göstərilən məbləğlər kredit borcundan faiz borcu 303.64 və illik 5 faizlə hesablanmış 424.25 manat faiz borcu, iş materiallarına və işin həqiqi hallarına daha uyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1–ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə, həmçinin iddianın Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 da zamin olaraq bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Belə ki, məhkəmə iddiaçı tərəfindən hesablanmış 1161,06 manat dəbbə pulunu tənasübsüz surətdə yüksək dəbbə pulu hesab edir, ona görə də, dəbbə pulu azaldılmalı 100 manat miqdarında saxlanılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixli 722 saylı kredit müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada 1669.42 manat əsas borcu, 100 manat cərimə borcu, 303,64 manat faiz borcu, illik 5 faizlə hesablanmış 425.25 manat faiz borcu olmaqla, cəmi 2498,31 manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, ödənilmiş tələbin məbləğinə münasib olaraq iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 80 manat məbləğində dövlət rüsumunun 44,17 manat məbləğində hissəsi müştərək qaydada cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin öz təşəbbüsü əsasında təyin edilmiş xx.xx.2023-cü il tarixli məhkəmə– mühasibatlıq ekspertizası tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci iddiaçı və cavabdehlərdən bərabər qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İş materialarında olan xx.xx.2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə–mühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatların dəyəri ümumilikdə 100 manat təşkil etmişdir. Odur ki, iddia qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il tarixli 722 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1669.44 (bir min altı yüz altmış doqquz manat, qırx dörd) manat əsas borcu, 100 (bir yüz) manat cərimə borcu, 303,64 (üç yüz üç manat, altmış dörd) manat faiz borcu, illik 5 faizlə hesablanmış 424.25 (dörd yüz iyirmi dörd manat, iyirmi beş qəpik ) manat faiz borcu, olmaqla, cəmi 2498,31 (iki min dörd yüz doxsan səkkiz manat, otuz bir qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44,17 (qırx dörd manat, on yeddi qəpik) manat pul alınıb "xxxx" ASC–yə verilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən ekspertiza tədqiqatın dəyəri olan 50 (əlli) manat və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50 (əlli) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-68/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-68/2023
10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver