Məhkəmə qərarları › İş №e-2(051)-702/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-702/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-702/2023 06.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən cavabdehlə xx.xx.2021-ci il tarixli 227-GEM-0521-21 nömrəli kredit müqavilə üzrə cavabdehdən 718.17 manat əsas kredit borcu, 159.34 manat faiz borcu, 107.73 manat cərimə borcu və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1015.64 manat məbləğində pulun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-702/2023 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, bankla Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 227-GEM-0521-21 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə, 18 ay müddətinə, hissə-hissə qaytarmaq şərti ilə 1385 manat məbləğində kredit vermişdir. Cavabdeh əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdeh ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Nəticədə, cavabdehin kredit müqavilə üzrə 718.17 manat əsas kredit borcu, 159.34 manat faiz borcu, 107.73 manat cərimə borcu olmaqla, cəmi 985.24 manat ödənilməmiş borcu qalmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, məhkəmədən xx.xx.2021-ci il tarixli 227-GEM-0521-21 nömrəli kredit müqavilə üzrə cavabdehdən 718.17 manat əsas kredit borcu, 159.34 manat faiz borcu, 107.73 manat cərimə borcu və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1015.64 manat pulun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul edərək izahatında göstərdi ki, həqiqətən o, xx.xx.2021-ci il tarixli 227-GEM-0521-21 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 18 ay müddətinə 1385 manat məbləğində kredit götürmüşdür. İddiaçıya olan borcun ödənilməli olduğunu bilir, lakin buna imkanı olmamışdır. Hesab edir ki, bank dəbbə pulunu artıq hesablamışdır. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 227-GEM-0521-21 nömrəli kredit müqaviləsinə əsasən 18 ay müddətinə 1285 manat məbləğində kredit kredit vermişdir İşdə olan tərəflər arasında razılaşdırılmış ödəniş planına əsasən, borclu Cavabdeh xx.xx.2021-ci il tarixli 227-GEM-0521-21 saylı kredit müqaviləsi ilə götürdüyü krediti hər ay 99 manat məbləğində olmaqla, xx.xx.2021-19.1 2.2022-ci il ərzində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli 227-GEM-0521-21 nömrəli kredit müqavilə üzrə 718.17 manat əsas kredit borcu, 159.34 manat faiz borcu, 107.73 manat cərimə borcu olmaqla, cəmi 985.24 manat ödənilməmiş borcu yaranmışdır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla cavabdeh arasında xx.xx.2021-ci il tarixli 227-GEM-0521-21 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı bank cavabdehə 18 ay müddətinə 1385 manat məbləğində kredit vermişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən, cavabdeh krediti qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun xx.xx.2021-ci il tarixli 227-GEM-0521-21 nömrəli kredit müqavilə üzrə 718.17 manat əsas kredit borcu, 159.34 manat faiz borcu, 107.73 manat cərimə borcu olmaqla, cəmi 985.24 manat borcu yaranmışdır. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında predmeti pul məbləği olan yazılı kredit (borc) müqavilələri bağlanmış, cavabdeh iddiaçıdan xx.xx.2021-ci il tarixli 227-GEM-0521-21 nömrəli kredit müqaviləsinə əsasən 18 ay müddətinə 34 faiz dərəcəsi ilə 1385 manat məbləğində borc pul almışdır. Cavabdeh həmin pulu müqavilədə göstərilən müddət ərzində hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu ödəməmiş və iddiaçı bank əlverişsiz vəziyyətdə düşmüşdür. Ona görə də iddiaçı bankın cavabdehdən borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçı bankın borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2021-ci il tarixli 227-GEM-0521-21 nömrəli kredit müqavilə üzrə 718.17 manat əsas kredit borcu, 159.34 manat faiz borcu alınmalı, lakin hesablanmış 107.73 manat dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq, 7 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, hesablanmış 107.73 manat dəbbə pulunun azaldılaraq 7 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, cavabdehdən 718.17 manat əsas kredit borcu, 159.34 manat faiz borcu və 7 manat dəbbə pulu cavabdehdən alınıb iddiaçı banka verilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq, nəticəyə gəlir ki, xx.xx.2021-ci il tarixli 227-GEM-0521-21 nömrəli kredit müqavilə üzrə 718.17 manat əsas kredit borcu, 159.34 manat faiz borcu və 7 manat dəbbə pulu olmaqla, cəmi 884.51 manat məbləğində pul alınıb iddiaçıya verilsin. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 227-GEM-0521-21 nömrəli kredit müqavilə üzrə 718.17 (yeddi yüz on səkkiz manat, on yeddi qəpik) manat əsas kredit borcu, 159.34 (bir yüz əlli doqquz manat, otuz dörd qəpik) manat faiz borcu və 7 (yeddi) manat dəbbə pulu olmaqla, cəmi 884.51 (səkkiz yüz səksən dörd manat, əlli bir qəpik) manat məbləğində pul alınıb "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 30.40 (otuz manat qırx qəpik) manat pul alınıb iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar