Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-710/2022 15.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27.02.2021-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə hissə-hissə ödəniş şərti ilə 12 ay müddətinə, aylıq 142 manat olmaqla, 1692.3 manat dəyərində “SAMSUNG G780” markalı mobil telefon vermişdir. Nisyə alqısatqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 faiz dərəcəsi minimum 50 qəpik gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. Hazırda cavabdehin 1124.3 manat əsas borc və 168.6 manat cərimə olmaqla, cəmi 1292.9 manat borcu qalmışdır. Həmin borcun və dövlət rüsumu kimi ödənilmiş 32.93 manat pulun cavabdehdən alınaraq "xxxx" MMC ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27.02.2021-ci il tarixli ********* saylı nisyə alqı-satqı müqavilədən görünür ki, iddiaçı hissə-hissə, hər ay 142 manat olmaqla, 12 ay müddətində ödəmək şərti ilə dəyəri 1692.3 manat olan “SAMSUNG G780” markalı mobil telefon cavabdehə verməyi, cavabdeh isə əşyanın dəyərini müqavilədə göstərilən şərtlərlə ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 1124.3 manat əsas borc və 168.6 manat cərimə olmaqla, cəmi 1292.9 manat borcu vardır. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsində göstərilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə 168.6 manat cərimə hesablanmışdır. Lakin məhkəmə hesab edir ki, borcluya hesablanmış cərimənin məbləği yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır” Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə, borcalanın maddi imkanını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində müvafiq olaraq 16 manat məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları ilə müəyyən edilir ki, aralarında bağlanmış 25.02.2021-ci il tarixli ********* №li müqaviləyə əsasən iddiaçı qiymətini hissə-hissə ödəmək şərti ilə cavabdehə 1692.3 manat dəyərində olan “SAMSUNG G780” markalı mobil telefon vermişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 1124.3 manat əsas borc və 16 manat cərimə olmaqla, cəmi 1140.3 manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 32.93 manat alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh 1124.3 (bir min yüz iyirmi dörd manat otuz qəpik) manat əsas borc və 16 (on altı) manat cərimə olmaqla, cəmi 1140.3 (bir min yüz qırx manat otuz qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 32.93 (otuz iki manat doxsan üç qəpik) manat alınıb iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №e-2(051)-710/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-710/2022
15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver