Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-712/2022 06.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi ilə, iddiaçı: "xxxx" ASC-nin cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 500 manat məbləğdə pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun alınıb "xxxx" ASC-nə verilməsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 19 may 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Lexus” markalı 90HC852 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 16 sentyabr 2021-ci il tarixdə Mingəçevir şəhərində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X6 tərəfindən idarə olunan “Vaz 21074” markalı 10NF535 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Mingəçevir ŞPŞ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Zərərçəkən avtomobilinin zədələnməsi ilə bağlı 500 manat məbləğində sığorta ödənişi verilmişdir. “Lexus” markalı 90HC852 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olduğundan, avtomobili sürücülük hüququ olmadan Cavabdeh1 idarə etdiyindən, zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 500 manat məbləğdə pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun alınıb "xxxx" ASC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə olunmuş İcbari Sığorta Müqaviləsinə dair Məlumatdan görünür ki, "xxxx" ASC-də bağlanmış 19 may 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən “Lexus” markalı 90HC852 dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 12 ay müddətinə sığortalanmışdır. İşə əlavə olunmuş Sığorta ödənişi ilə bağlı 15.11.2021-ci il tarixli, PGU- 213374saylı aktın surətindən görünür ki, 16 sentyabr 2021-ci il tarixdə Mingəçevir şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «VAZ 21074» markalı 10NF535 dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyan 500 manat təşkil edir. Ödənişin verilmə üsulu köçürmə yolu. İşə əlavə olunmuş nəqliyyat vasitəsinə dair etibarnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh2 15.01.2010-cu il tarixli, AB №347852 qeydiyyat şəhadətnaməsi əsasında ona məxsus LEXUS RX300 minik markalı, 90NC852 dövlət qeydiyyat nişanlı avtomobili ünvan 2 ünvanda yaşayan Müseyib Manaflıya 30 il müddətinə idarə etməyi etibar etmişdir. İşə əlavə olunmuş nəqliyyat vasitəsinə dair etibarnamənin surətindən görünür ki, ünvan 3 ünvanında yaşayan X5 05.10.2004-cü il tarixli, AA №605535 qeydiyyat şəhadətnaməsi əsasında ona məxsus VAZ-21074 minik markalı, 10NF535 dövlət qeydiyyat nişanlı avtomobili ünvan 4 ünvanda yaşayan X4 17.04.2030-cu il tarixədək idarə etməyi etibar etmişdir. İşə əlavə olunmuş 06.10.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “VAZ 21074” markalı, ** NF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan təmir işləri ilə birlikdə 500 manat təşkil edir. İşdə olan 22.11.2021-ci il tarixli 108404 №li ödəniş tapşırığından görünür ki, ödəyici "xxxx" ASC tərəfindən vəsaiti alan X2 hesabına 500 manat köçürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı vurulmuş zərərin ödənilməsi tələbində haqlıdır. Məhkəmə, həmçinin, hesab edir ki, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsində göstərilir ki, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a)sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Cavabdeh2 məhkəməyə göndərdiyi bildirişdə göstərmişdir ki, LEXUS RX300 minik markalı, 90NC852 dövlət qeydiyyat nişanlı avtomobili 10 il bundan əvvəl etibarnamə vasitəsi ilə satmışdır, həmin vaxtdan əlaqəsi yoxdur. İşdə olan 25 fevral 2010-cu il tarixdə X3 tərəfindən verilmiş etibarnamədən görünür ki, o, özünə məxsus LEXUS RX300 minik markalı, 90NC852 dövlət qeydiyyat nişanlı avtomobili X1 idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, üzərində sərəncam verməyi və digər hərəkətləri etməyi X1 etibar edir. Etibarnamə 23 fevral 2040-cı il tarixə kimi verilmişdir. Etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. Göründüyü kimi yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobil Cavabdeh2 deyil, qanuni əsasla digər şəxsin səlahiyyətində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30,40 manat məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 500 (beş yüz) manat pul alınıb "xxxx" ASC-nə verilsin. İddia tələbi Cavabdeh2 münasibətdə təmin olunmasın. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30,40 manat pul Cavabdeh1 tutulub "xxxx" ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №e-2(051)-712/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-712/2022
06.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver