Məhkəmə qərarları › İş №e-2(051)-716/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-716/2025

19.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-716/2025 19.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Quliyeva Güləndam Gündüz qızı İddiaçı «X1» ASC-nin Cavabdeh qarşı borc tələbi barədə ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı «X1» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1015.68 manat əsas, 188.56 manat faiz borcu və 60.17 manat cərimə olmaqla, cəmi 1264.41 manat borcun və 33.05 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 28 dekabr 2021-ci il tarixli bank xidmətlərinə dair ümumi ofertası əsasında bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək illik 26% ödəmək şərtilə 1100 manat məbləğində kredit xətti ayrılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən bankın rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdehin 1015.68 manat əsas, 188.56 manat faiz borcu və 60.17 manat cərimə olmaqla, cəmi 1264.41 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddiaçı cavabdehdən 1015.68 manat əsas, 188.56 manat faiz borcu və 60.17 manat cərimə olmaqla, cəmi 1264.41 manat məbləğində pulun və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmişdir. İşə əlavə edilmiş 7 saylı MİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məlumata əsasən Cavabdeh çatdırılmamışdır. Cavabdeh hal-hazırda qeyd edilmiş ünvanda yaşamır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki Cavabdeh xx.xx.2023-cü il tarixində ərizə-anket və imza nümunəsini (aksepti) imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Eyni zamanda həmin ərizədə cavabdeh ona təqdim edilən kartın növündən asılı olaraq hesab açılmasının təmin edilməsini xahiş etmişdir. «X1» ASC-i Cavabdeh ümumi oferta çərçivəsində bağlanmış xx.xx.2023-cü il tarixli 543sMNGb/23 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixində xx.xx.2026-cı il tarixinədək illik 26% ödəmək şərti ilə 1100 manat kredit xətti açılmışdır. Müqavilə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildiriş göndərilmişdir. Bildirişdə Cavabdeh xx.xx.2024-cü il tarixə Unibank KB ASC-yə 1015.68 manat əsas, 110.03 manat faiz, 20.11 manat cərimə olmaqla, cəmi 1145.82 manat borcunun olduğu bildirilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 543sMNGb/23 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 1015.68 manat əsas, 188.56 manat faiz borcu və 60.17 manat cərimə olmaqla, cəmi 1264.41 manat borcunun olmasına dair xx.xx.2025-ci il tarixli maliyyə cədvəli tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 32.65 manat dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqı ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2022-ci il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (Həmin vaxt qüvvədə olan): 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Cavabdehdən tutulmalı olan faiz borcuna və cərimə məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı «X1» ASC-i xx.xx.2024cü il tarixdə Cavabdeh məktub ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi ilə əlaqədar kredit müqaviləsi üzrə borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması ilə bağlı müqavilədən imtina etməsini qarşı tərəfə bildirmişdir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarı). Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri və cəriməni (xx.xx.2024-cü il tarixli məktubda göstərilən məbləğdə) tələb edə bilər. Belə olan halda məhkəmə Cavabdeh iddiaçı «X1» ASC-i qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcunun yarandığını, iddiaçının isə həmin öhdəliyinin icra edilməsini – kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı «X1» ASC-i Cavabdeh xx.xx.2023-cü il tarixli 543sMNGb/23 saylı müqaviləsi üzrə 1015.68 manat əsas, 110.03 manat faiz və 20.11 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 32.65 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının cavabdehə aid edilməlidir. Nəticə: Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 543sMNGb/23 saylı kredit müqaviləsi üzrə 1015.68 (bir min on beş manat altmış səkkiz qəpik) manat əsas, 110.03 (bir yüz on manat üç qəpik) manat faiz və 20.11 (iyirmi manat on bir qəpik) manat cərimə olmaqla, cəmi 1145.82 (bir min bir yüz qırx beş manat səksən iki qəpik) manat məbləğində pul alınıb iddiaçı «X1» ASC-yə verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 32.65 (otuz iki manat altmış beş qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı alınaraq iddiaçı «X1» ASC-yə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar