Məhkəmə qərarları › İş №e-2(051)-781/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-781/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-781/2025 12.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4600 manat əsas borcun və ödənilmiş 66 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun tanışıdır. O, 2020ci ilin may ayının 15-də ona müraciət edərək pul lazım olduğunu bildirmiş və hərbi biletini girov qoyaraq Sumqayıt şəhərində ondan 2077 manat məbləğində borc pul almışdır. 2020-ci ilin iyun ayında ona müraciət edərək daha 4200 manat pul lazım olduğunu bildirmiş və onun adına olan 4169xxx3287, 4169xxx9089 və 4269xxx1708 saylı kart hesab nömrələrinə 2020-ci ilin may ayından 2020-ci ilin sentyabr ayına kimi hissə-hissə olmaqla ümumilikdə 4173 manat vəsait göndərmiş, cavabdehə ümumilikdə 6250 manat məbləğində vəsait göndərmiş və cavabdeh həmin puldan ona hissə-hissə geri ödəmələr etmiş və sonuncu dəfə xx.xx.2022-ci ildə 200 manat pulu kart hesabına qaytarmaqla cəmi 1650 manat vermiş, onun qalan borcu 4600 manat təşkil edir. Cavabdeh ondan borc aldığı bu pulları qaytarmadığı üçün onun barəsində şikayət etmiş və lakin verdiyi pulları geri ala bilməmişdir. O, cavabdehdən həmin pulu qaytarmasını tələb etmiş və ona pretenziya qaydasında xx.xx.2024-cü ildə məktub göndərmiş, bir ay ərzində həmin vəsaiti qaytarmasını bildirmiş, lakin cavabdeh məktubu alsa da cavab belə verməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçının vəkili və nümayəndəsi Vəkil izahat verərək, iddianın əsaslı olduğunu və təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı 2077 manat pulu faiz kimi götürdüyünü və ona 2523 manat borcunun qalmasını qeyd etmiş, müalicə almağına görə ölkə xaricində olacağından məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddia tələbinə müddət tətbiq edilərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2025-ci il tarixli **********32 №li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 66 manat dövlət rüsumu ödənilmişdir. Cavabdehə məxsus +**********76 mobil nömrəsi ilə olan yazışmalardan görünür ki, cavabdeh sonuncu dəfə xx.xx.2022-ci il tarixdə iddiaçıya olan borcundan 200 manat göndərmişdir. İşin müəyyən olunmuş halı Cavabdehin iddiaçıya 2523 manat borcu vardır. Cavabdeh sonuncu ödənişləri xx.xx.2022-ci ildə etmişdir. İddiaçı xx.xx.2025-ci ildə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə ünvanlandığı ərizədə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, məhkəmə iclasında iştirak etməmiş, onun tərəfindən ödənildiyi iddia edilən sonuncu ödənişlərə münasibət bildirməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Cavabdeh iddiaçıya qalan borcunun 2523 manat olmasını etiraf etmişdir. İddiaçı tələb etdiyi 4600 manat borc məbləğinin qalan hissəsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı cavabdehdən borcun qaytarılmasını tələb etmişdir. Cavabdeh qeyd olunan borcla bağlı məhkəmədən iddia müddətini tətbiq edərək iddianın rədd edilməsini xahiş etsə də iddiaçının təqdim etdiyi yazışmalarda cavabdehin 3 illik müddət ərzində borcundan müəyyən məbləğ ödədiyi göstərilmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bununla bağlı etirazını məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli və Cavabdeh 2523 manat pul alınaraq İddiaçı verilməlidir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi 36 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 2523 (iki min beş yüz iyirmi üç) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilən dövlət rüsumunun əvəzi 36 (otuz altı) manat Cavabdeh tutulub İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar