Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-784/2022 03.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Cavabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçı “Expressbank» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “Expressbank» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, müştərək qaydada 4046.23 manat əsas və 2501.98 manat faiz borcu olmaqla, cəmi 6548.21 manat borcun və 85.88 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı mülki işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 4046.23 manat əsas, 4974.56 manat faiz borcu olmaqla, cəmi 9020.79 manat borcun və 110.61 manat dövlət rüsumunun alınaraq iddiaçı banka verilməsi xahiş edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 900804-826436/2 nömrəli kredit müqaviləsinə əsasən, bank cavabdehə illik 24 faiz olmaqla 24 ay müddətinə 4500 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh1 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Nəticədə, onların xx.xx.2022-ci il tarixə 4046.23 manat əsas kredit borcu, 4974.56 manat faiz borcu olmaqla, cəmi 9020.79 manat məbləğində kredit borcları yaranmışdır. Cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmiş və kredit müqaviləsi üzrə borclarını ödəməmişdir. Nəticədə, təmsil etdiyi bank əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qismən qəbul etdi və göstərdi ki, o, zamin kimi xx.xx.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh2 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Kredit götürülən zaman Cavabdeh2 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi o, isə Avromed Company-də anbardar olaraq işləmişdir. Cavabdeh2 2-ci Qarabağ müharibəsinin iştirakçısı olduğu üçün döyüş gedən ərəfədə kredit ödənişlərini ödəyə bilməmişdir. Döyüşlər bitdikdən sonra isə əmək haqqının azaldılması və ailə vəziyyəti ilə əlaqədar olaraq ödəniş edə bilməmişdir. Hazırda iddiaçı tərəfin hesabladığı gecikmə faizləri ilə razı deyildir. Çünki iddiaçı dəbbə pulunu faiz kimi göstərməklə hüquqdan sui-istifadə etmişdir. Hesab edir ki, ekspert rəyində göstərilən məbləğlər işin hallarına daha uyğundur. Ona görə də iddiaçı tərəfin əsassız hesabladığı cərimə faizləri nəzərə alınmamalıdır. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı bankın nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 900804-826436/2 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 24 faiz olmaqla 24 ay müddətinə 4500 manat məbləğində kredit vermişdir. İşdə olan İddiaçı ASC–yə aid xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, həmin tarixdə Cavabdeh2 iddiaçı bankın Mingəçevir filialından 4500 manat məbləğində pulu şəxsən almışdır. İşdə olan ödəmə qrafikindən görünür ki, Cavabdeh2 xx.xx.2020-xx.xx.2022-ci il ərzində kredit borcu üzrə hər ay 237.92 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli 900804-826436/2 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 900804-826436/2 nömrəli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan cavabdehlərə ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, banka olan borcu cavabdehlərə xatırladılaraq, onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan İddiaçı ASC-yə aid maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh2 banka olan borcu 4046.23 manat əsas, 4974.56 manat faiz olmaqla, cəmi 9020.79 manat təşkil edir. İşdə olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6047 saylı ekspert rəyindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixə banka olan borcu 3825.76 manat əsas, 1005.86 manat faiz borcu, xx.xx.2022-ci il tarixə isə 3825.76 manat əsas, 1077.27 manat faiz borcu təşkil edir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 900804-826436/2 nömrəli kredit (borc) müqaviləsinə əsasən, bank cavabdehə illik 24 faiz olmaqla 24 ay müddətinə 4500 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh1 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq cavabdeh hər ay krediti faizləri ilə birlikdə qaytarmasına dair öhdəlik götürməsinə baxmayaraq, öhdəliyinə əməl etməmişdir. Nəticədə iddiaçı cavabdehlərin xx.xx.2022-ci il tarixə yaranmış 4046.23 manat əsas kredit borcu, 4974.56 manat faiz borcu olmaqla, cəmi 9020.79 manat məbləğində borcun cavabdehlərdən alınaraq ona verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəf qalıq borcun məbləğini qismən qəbul etmişdir. Məhkəmə, həmçinin iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6047 nömrəli ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, o nəticəyə gəlir ki, ekspert rəyi kifayət qədər aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həm də təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəldiyindən, işin qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edilməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə predmeti pul məbləği olan etibarlı şəkildə kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə illik 24 faiz olmaqla 24 ay müddətinə 4500 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh1 ilə eyni tarixdə etibarlı şəkildə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər tərəfindən xx.xx.2021-ci il tarixədək (müqavilənin qüvvədə olma müddəti ərzində) 1492.01 manat ödəniş edilmişdir. Həmin məbləğin isə 674.24 manatı əsas, 817.77 manatı isə faiz borcundan çıxılmışdır. Ondan sonra cavabdehlərin iddiaçıbanka kredit müqaviləsinin sonunadək, yəni xx.xx.2022-ci il tarixədək əsas məbləğ üzrə 3825,76 manat, əsas məbləğə hesablanmış faiz üzrə isə 1077,27 manat məbləğində borcu yaranmışdır. Ona görə iddiaçı bankın cavabdehlərə qarşı həmin məbləği tələb etmək hüququ yaranmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış kredit (borc müqaviləsinə görə ) bank cavabdehə illik 24 faiz olmaqla 24 ay müddətinə 4500 manat məbləğində pul (kredit) vermişdir. Cavabdeh tərəf müqavilə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, yəni hazırkı vaxtadək yalnız 1492.01 manat ödəniş etmişdir. Həmin məbləğin isə 674.24 manatı hissəsi əsas, 817.77 manat hissəsi isə faiz borcundan çıxılmışdır. Belə olan halda Cavabdeh2 müqavilə müddətinin sonunadək əsas borcunun məbləğinin 3825.76 manat, faiz borcunun isə 1077.27 manat olması xx.xx.2022-ci il tarixli 9/6047 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Ekspert öz rəyini iddiaçı bankın təqdim etdiyi kredit müqaviləsi və ona əlavə edilmiş sənədlər əsasında vermişdir. Bu da onu deməyə əsas verir ki, ekspert rəyində göstərilən məbləğlər iş materiallarına və işin həqiqi hallarına daha uyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Ona görə də məhkəmə iddiaçı tərəfin faiz məbləğinə kecikmə faizini əlavə etməsini, müqavilə şərtlərinə zidd olduğu üçün əsaslı hesab etmir. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən faiz məbləği illik 24 faiz dərəcəsi ilə müəyyən edilmişdir. Həmin faiz dərəcəsinə uyğun olaraq ekspert faiz məbləğini müəyyən etmişdir. Belə olan halda cavabdeh tərəfin müqavilə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı bank tərəfindən müqavilə şərtlərinin birtərəfli qaydada dəyişdirilərək əlavə faiz hesablaması, yəni faiz məbləğinin üzərinə cərimə əlavə etməsi və həmin məbləği müqavilədə razılaşdırılmış 24 faiz dərəcəsi ilə hesablanmış faiz borcu kimi göstərməsi, qanunun tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. İşdə olan və məhkəmə iclasında tədqiq edilib sübut növü kimi qəbul edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6047 saylı ekspert rəyi ilə də təsdiq edildiyi kimi cavabdehlərin iddiaçı banka xx.xx.2022-ci il tarixə (müqavilənin qüvvədə olduğu tarixədək) əsas borc üzrə 3825.76 manat, faiz borcu üzrə 1077.27 manat borcu yaranmışdır. Müqavilənin bitmə tarixinin xx.xx.2022-ci il olduğunu nəzərə alsaq cavabdehlərin banka olan borclarının ekspert rəyində qeyd edilmiş xx.xx.2022-ci il tarixədək hesablanmış əsas və faiz borcuna uyğun hesablanmasını məhkəmə işin müəyyən edilmiş həqiqi hallarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə, həmçinin iddianın Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh1 da zamin olaraq bank qarşısında Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehlərin iddiaçı banka xx.xx.2022-ci il tarixədək əsas borc üzrə 3825.76 manat, faiz borcu üzrə 1077.27 manat olmaqla, cəmi 4903.03 manat məbləğində borcu qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli 900804-826436/2 saylı kredit müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada 3825.76 manat əsas kredit borcu, 1077.27 manat faiz borcu olmaqla, cəmi 4903.03 manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, ödənilmiş tələbin məbləğinə münasib olaraq iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 110.61 manat məbləğində dövlət rüsumunun 69.04 manat məbləğində hissəsi müştərək qaydada cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, Cavabdeh1 vəsatəti əsasında təyin edilmiş xx.xx.2022-ci il tarixli məhkəmə– mühasibatlıq ekspertizası tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci cavabdehlərdən, məhkəmənin öz təşəbbüsü ilə təyin edilmiş xx.xx.2022-ci tarixli məhkəmə–mühasibatlıq ekspertizası tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci isə iddiaçı və cavabdehlərdən bərabər qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İş materialarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə–mühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatların dəyəri ümumilikdə 200 manat təşkil etmişdir. Odur ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli 900804-826436/2 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3825.76 (üç min səkkiz yüz iyirmi beş manat, yetmiş altı qəpik) manat əsas kredit borcu, 1077.27 (min yetmiş yeddi manat iyirmi yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 4903.03 (dörd min doqquz yüz üç manat, üç qəpik) manat məbləğində pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69.04 (altmış doqquz manat dörd qəpik) manat pul alınıb İddiaçı ASC–yə verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ekspertiza tədqiqatın dəyəri olan 150 (yüz əlli) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddiaçı Açıq Səhmdar Cəmiyyətindən ekspertiza tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-784/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-784/2022
03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver