Məhkəmə qərarları › İş №e-2(051)-785/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-785/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-785/2022 06.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun birgə qaydada cavabdehlərdən tutulması haqqında iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh və Zamin qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0401-105906-01 №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 891,5 manat əsas borc, xx.xx.2021-ci il tarixədək hesablanmış 223,6 faiz borcu, gecikdirməyə görə 0 manat cərimə və 31,55 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutuması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-785/2022 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 0401-105906-01 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən kreditor tərəfindən borc alana illik 49,9 % ödənilməsi şərti ilə 18 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Bundan əlavə kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə kreditor ilə Zamin arasında xx.xx.2019-cu il tarixli 0401-105906-01 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən zamin borc alanın kreditor qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürür. Kredit müqaviləsinin 3.2.1-ci bəndinə əsasən borc alan hər ay bərabər məbləğdə müvafiq ödənişləri apararaq kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsini və əsas borc məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin borc alan bu öhdəliklərini kobud şəkildə pozmuş, bu günə qədər kredit üzrə əsas borc məbləğinin və əsas borc məbləğinə hesablanmış faiz məbləğlərinin ödənişini vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Borc alanın öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməməsi nəticəsində xx.xx.2021-ci il tarixinə əsas borcu 891,5 manat, faiz borcu 223,6 manat və cərimə borcu 0 manat olmaqla, ümumi məbləğ 1115,1 manat olmaqla borcu yaranmışdır. Kredit müqaviləsi üzrə borc alan tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq cavabdehlər ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair MB-GM 1600 №-li xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir addım atılmamışdır. Odur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0401-105906-01 №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 891,5 manat əsas borc, xx.xx.2021-ci il tarixədək hesablanmış 223,6 faiz borcu, gecikdirməyə görə 0 manat cərimə və 31,55 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutuması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Bununla belə iddiaçı tərəf məhkəməyə ərizə gönədərərək, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli, 0401-105906-01 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" MMC Cavabdeh illik 49,9 faizlə, 18 ay müddətinə 1500 manat məbləğində pul vermişdir. Müqaviləyə əsasən cavabdeh xx.xx.2019-xx.xx.2021-ci il tarixləri ərzində hər ay 120 manat, sonuncu ay isə 122,6 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İşdə olan cari hesab üzrə çıxarışdan görünür ki, "xxxx" MMC cari hesab üzrə 1500 mant məbləğində kredit vermişdir. İşdə olan cavabdehə ünvanlanmış sonuncu xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. Əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmiş və cavbadeh xəbərdar edilmişdir. İşdə olan borcalanın kredit borcu və kredit intizamı haqqında arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə əsas borc üzrə 891,5 manat, faiz borcu üzrə isə 223,6 manat borcu vardır. İşdə olan xx.xx.2019-cu il tarixli, 0401-105906-01 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, cavabdeh Zamin "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0401-105906-01 kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bokt qarşısında öhdəlik götürmüşdür. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, cavabdeh verilmiş kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bokt qarşısında öhdəlik götürmüş, lakin ödənişlər vaxtı-vaxtında və tam həcmdə yerinə yetirilməyərək, öhdəliyi icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə bokta cəmi 1115,1 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0401-105906-01 saylı kredit müqaviləsinə əsasən bokt Cavabdeh illik 49,9 faizlə, 18 ay müddətinə 1500 manat məbləğində pul vermişdir. Cavabdeh əldə etdiyi pul vəsaitini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcu ödəməmiş və iddiaçı bokt əlverişsiz vəziyyətdə düşmüşdür. Ona görə də iddiaçı boktun cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə, həmçinin iddianın cavabdeh Zamin aid hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh Zamin da zamin olaraq bank qarşısında Cavabdeh ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materialları ilə təsdiq edildiyi kimi cavabdehin iddiaçı bokta 891,5 manat əsas, 223,6 manat faiz borcu olmaqla, cəmi 1115,1 manat borcu qalmışdır. Odur ki, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1115,1 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 31,55 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Odur ki, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2 və 284-6.3-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 891,5 (səkkiz yüz doxsan bir manat, əlli qəpik) manat əsas, 223,6 (iki yüz iyirmi üç manat, altmış qəpik) manat faiz borcu olmaqla, cəmi 1115,1 (bir min bir yüz on beş manat, on qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-in xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 31,55 (otuz bir manat, əlli beş qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar