Məhkəmə qərarları › İş №e-2(051)-805/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-805/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-805/2023 19.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı: İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər X5 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı QSC-nin cavabdehlər X5 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən 1556,06 manat əsas borcun, 320,55 manat faiz borcu olmaqla cəmi 1876,61 manat məbləğində pulun və 38,76 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkməyə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən 264,06 manat əsas borcun, 320,55 manat faiz borcu olmaqla cəmi 584,61 manat məbləğində pulun və 38,76 manat dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi və X2 cavabdehlər sırasından çıxarılması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh1 qarşı 1556.06 manat əsas borc, 320.55 manat faiz borcu, cəmi 1876.61 (min səkkiz yüz yetmiş altı manat altmış bir qəpik) manat məbləğində problemli borcu üzrə tələb hüququ xx.xx.2017-ci il tarixli S-FK- MİN-95 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. "xxxx" ASC-nin Mingəçevir filialı ilə Cavabdeh1arasında bağlanmış 23 oktyabr 2013-cü il tarixli M-225-AZN saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 24%-lə 3000.00 (üç min) manat məbləğində kredit verilmişdi. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Mingəçevir filialı ilə zamin Cavabdeh2 arasında 23 oktyabr 2013-cü il tarixli zaminlik haqqında razılıq bağlanmışdır. Cavabdeh1 cəmi 1443.94 manat əsas borcdan ödəmişdir. Cavabdeh1 iddiaçıya olan ödənilməmiş əsas borcu 1556.06 manat, faiz borcu 320.55 manat olmaqla, cəmi borcu 1876.61 (min səkkiz yüz yetmiş altı manat altmış bir qəpik)manat təşkiledir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh1 və onun zamini Cavabdeh2 dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həlledilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Odur ki, cavabdehdən 264,06 manat əsas borcun, 320,55 manat faiz borcu olmaqla cəmi 584,61 manat məbləğində pulun və 38,76 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçı QSC-nin nümayəndəsi X3 məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada təkrar məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının izahatını və təqdim etdiyi sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 23 oktyabr 2013-cü il tarixli M-225-AZN nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 24 faiz olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit vermişdir. İşdə olan ödəniş cədvəlindən görünür ki, "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 kredit məbləğinin 22 noyabr 2013-cü il tarixdən 13 oktyabr 2015-ci il tarixi ərzində ödənilməsinə razı olmuşlar. Cavabdeh1 həmin məbləğdə pulu hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 23 oktyabr 2013-cü il tarixli M-225-AZN nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 23 oktyabr 2013-cü il tarixli M-225-AZN nömrəli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan "xxxx" QSC –yə aid məlumatdan görünür ki, 06 aprel 2021-ci il tarixə Cavabdeh1 banka olan borcu 1556.06 manat, faiz borcu 320.55 manat olmaqla, cəmi borcu 1876.61 manat məbləğində təşkil edir. İşdə olan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, cavabdehlərin banka 264,06 manat əsas borc, 320,55 manat faiz borcu olmaqla cəmi 584,61 manat təşkil edir. İşdə olan hesabdan çıxarışdan görünür ki, cavabdehin qalıq borcu 264,06 manat təşkil edir. İşdə olan Mənzil Kommunal Təsərrüfat müəssisəsi Yataqxana tərəfindən verilmiş 21 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iş üzrə Cavabdeh1 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamə sənədə əlavə edilmişdir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsi ilə kifayətlənərək müəyyən etdi ki, "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 23 oktyabr 2013-cü il tarixli M-225-AZN nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə illik 24 faiz olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında razılaşdırılmış qrafikə uyğun olaraq cavabdeh hər ay krediti faizləri ilə birlikdə qaytarmasına dair öhdəlik götürməsinə baxmayaraq, öhdəliyinə əməl etməmişdir. Nəticədə, onun cəmi 584,61 manat əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarına görə iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış 23 oktyabr 2013-cü il tarixdə predmeti pul məbləği olan kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə illik 24 faiz dərəcəsi ilə 24 ay müddətinə 3000 manat məbləğində pul (kredit) vermiş, cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq həmin kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh1 vəfat etdiyindən öhdəliyi icra edə bilməmişdir. Ona görə də iddiaçı bankın Cavabdeh2 qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. İşin məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh1 27 fevral 2016-cı il tarixdə vəfat etmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, yaranmış kredit borcunun ödənilməsi öhdəliyi digər cavabdeh olan zamin Cavabdeh2 üzərinə düşür. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC tərəfindən vəfat edən cavabdeh X4 vərəsəsi müəyyən edilməmişdir. Belə olan halda borcun ödənilməsi öhdəliyi Cavabdeh1 ilə kredit borcunun ödənilməsinə görə bağlanılmış zaminlik müqaviləsinə əsasən eyni məsuliyyəti daşıyan Cavabdeh2 üzərinə düşür. Ona görə də məhkəmə hesab edir ki, yaranmış kredit borcu iş üzrə cavabdeh olan zamin Cavabdeh2 tərəfindən ödənilməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh2 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə, həmçinin iddianın Cavabdeh2 qızına aid hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 da zamin olaraq bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1–ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə–hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2–ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1–ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsində göstərilmişdir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. AR Konstitusiya Məhkəməsinin Plenumun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 aprel 2023-cü il tarixli Qərarın əsasən Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Odur ki, məhkəmə hesab edir ki, 23 oktyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 264,06 manat əsas borcun, 320,55 manat faiz borcu olmaqla cəmi 584,61 manat məbləğində pul alınıb iddiaçı "xxxx" QSC-ə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehlərə qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməli və Cavabdeh2 264,06 manat əsas borcun, 320,55 manat faiz borcu olmaqla cəmi 584,61 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, ödənilmiş tələbin məbləğinə münasib olaraq iddiaçının məhkəməyə ərizə verərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,76 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 23 oktyabr 2013-cü il tarixli M-225-AZN kredit müqaviləsi üzrə Cavabdeh2 264,06 (iki yüz altmış dörd manat altı qəpik) manat əsas borcun, 320,55 manat faiz borcu olmaqla cəmi 584,61 manat məbləğində pul alınıb iddiaçı "xxxx" QSC -yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdeh aid edilsin. Cavabdeh2 dövlət rüsumunun əvəzi olaraq 38,76 (otuz səkkiz manat yetmiş altı qəpik) manat pul alınıb "xxxx" QSC–yə verilsin. Qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayət verə bilərlər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar