Məhkəmə qərarları › İş №e-2(051)-828/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-828/2025

02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-828/2025 02.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 15012.56 manat əsas, 1008.74 manat faiz borcu olmaqla, cəmi 16021.3 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 138.06 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf iddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK9139356B249 saylı kredit müqaviləsinə əsasən ona illik 17 faiz dərəcəsi ilə 83 ay müddətinə 15133.61 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, pul vəsaitinin cavabdehə nağd qaydada verilməsini təsdiq edən xəzinə məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladıqları bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 15012.56 manat əsas, 1008.74 manat faiz, cəmi 16021.3 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinə onların iştirakı olmadan baxılıb tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank cavabdehə 83 ay müddətinə illik 17 % ödəmək şərtilə 15133.61 manat məbləğində restruktruzasiya edilmiş kredit verilmişdir. İşdə olan cavabdehə ünvanlanmış bildirişdən görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 15012.56 manat əsas, 1008.74 manat faiz borcu olmaqla, cəmi 16021.3 manat məbləğində hesablanmışdır. İşdə olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/2559 saylı ekspert rəyindən görünür ki, Cavabdeh banka olan borcu 15012.56 manat əsas, 928.69 manat faiz borcu təşkil edir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla Cavabdeh arasında xx.xx.2024-cü il tarixli kredit (borc) müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 83 ay müddətinə illik 17 % ödəmək şərtilə 15133.61 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh əldə etdiyi kredit borcunu hər ay hissə-hissə qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun banka 15012.56 manat əsas, 1008.74 manat faiz borcu olmaqla, cəmi 16021.3 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla cavabdeh arasında xx.xx.2024-cü il tarixdə predmeti pul məbləği olan kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 83 ay müddətinə illik 17 % ödəmək şərtilə 15133.61 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq əldə etdiyi kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin həmin vaxt qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 741.1-ci maddəsinə əsasən Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 742.1-cü maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iddiaçının tələb etdiyi əsas borc və faiz məbləğinə münasibətdə qeyd edir ki, əsas borcun və faiz borcun məbləği iddia ərizəsində və həmçinin maliyyə arayışında və bildirişində əsas borc 15012.56 manat, faiz borcu isə 1008.74 manat məbləğində göstərilmiş, yəni iddiaçı tərəf cavabdehdən həmin məbləği tələb etmişdir. Bununla belə ekspert rəyində əsas borc məbləği 15012.56 manat əsas, faiz borcu 928.69 manat məbləğində müəyyən edilmişdir. Ona görə də iddiaçı bankın cavabdehdən tələb etdiyi əsas borcun məbləği və faiz borcunun məbləği iddia ərizəsində göstərilən məbləğdə deyil, ekspert rəyində qeyd olunan məbləğdə, yəni 15012.56 manat əsas, 928.69 manat faiz məbləğində müəyyən edilməlidir. AR MPM-in 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Məhkəmə iddiaçının tələb etdiyi əsas borc məbləğinə münasibətdə qeyd edir ki, iddiaçı bankın iddia ərizəsində tələb etdiyi əsas borc və faiz məbləği, iddiaçının tələb etdiyi məbləğdə deyil, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlar əsasında, yəni ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə - 15012.56 manat əsas və 928.69 manat faiz hissəsində əsaslıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, əsas borc məbləği iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğdə deyil, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlar əsasında müəyyən edilmiş məbləğdə, yəni 15012.56 manat əsas, 928.69 manat faiz borcu məbləğində əsaslıdır. Ona görə də iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 15012.56 manat əsas, 928.69 manat faiz borcu olmaqla, cəmi 15941.25 manat məbləğində pul alınıb iddiaçı banka verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. İş materialarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəməmühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. AR MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməli və cavabdehdən ödənilmiş dövlət rüsumunun 137.83 manat məbləğində hissəsi alınıb İddiaçı ASC–yə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15012.56 (on beş min on iki manat əlli altı qəpik) manat əsas, 928.69 (doqquz yüz iyirmi səkkiz manat altmış doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 15941.25 (on beş min doqquz yüz qırx bir manat iyirmi beş qəpik) manat məbləğində pul tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilsin. Ödənilmiş dövlət rüsumunun 137.83 (bir yüz otuz yeddi manat səksən üç qəpik) manat məbləğində hissəsi Cavabdeh alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh aparılmış ekspertiza tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Mingəçevir Şəhər Məhkəməsinin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar