Məhkəmə qərarları › İş №e-2(051)-865/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-865/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-865/2023 08.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi Kənan Kazımov məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, İddiaçı ASC-nin “Mingəçevir” filialı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 09-xx-xx-089166 saylı və xx.xx.2022-ci il tarixli, 001-22/İ saylı kredit müqavilələri bağlanmışdır. xx.xx.2019-cu il tarixli, 09-xxxx-089166 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 1% dərəcəsi ilə, 60 ay müddətinə 2599.22 manat və xx.xx.2022-ci il tarixli 001-22/İ saylı kredit müqaviləsinə əsasən illik 9% dərəcəsi ilə, 36 ay müddətinə 17000 manat kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, 09-xx-xx-089166 saylı kredit müqaviləsinə əsasən Cavabdeh ayrılmış 2599.22 manat kredit məbləğinin istifadə təyinatı müştərinin restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsidir. Cavabdeh isə həmin kreditləri və kreditlərə hesablanacaq faizləri iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqavilələri üzrə öhdəlikləri yerinə yetirməmişdir. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, kredit müqavilələrinin şərtləri Cavabdeh tərəfindən pozulmuş, nəticədə kredit borcu yaranmışdır. MİN/085 saylı maliyyə arayışına əsasən 09-xx-xx-089166 saylı kredit müqaviləsi üzrə cavabdehin İddiaçı ASC-yə borcu 1194.88 manat əsas borc, 7.89 manat faiz borcu olmaqla, cəmi 1202.77 manat təşkil edir. MİN/086 saylı maliyyə arayışına əsasən 001-22/İ saylı kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya borcu 17000 manat əsas borc, 897.23 manat faiz borcu olmaqla, cəmi 17897.23 manat təşkil edir. Beləliklə, 09-xx-xx-089166 və 001-22/İ saylı kredit müqavilələri üzrə cavabdehin İddiaçı ASC-yə borcu ümumilikdə 19100 manat təşkil edir. İddianın təmin olunması, Cavabdeh iddiaçının xeyrinə 09-xx-xx-089166 saylı kredit müqaviləsi üzrə 1194.88 manat əsas borc, 7.89 manat faiz borcu olmaqla, cəmi 1202.77 manat, 001-22/İ saylı kredit müqaviləsi üzrə 17000 manat əsas borc, 897.23 manat faiz borcu olmaqla, cəmi 17897.23 manat, ümumilikdə 19100 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 148 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı ASC-nin “Mingəçevir” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 09-xx-xx-089166 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli ********** nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tədbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası"na uyğun olaraq illik 1% dərəcəsi ilə, 60 ay müddətinə 2599.22 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. Kredit məbləğinin istifadə təyinatı müştərinin restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsidir. İşə əlavə edilmiş İddiaçı ASC-nin “Mingəçevir” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 001-22/İ saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə istehlak məqsədləri üçün illik 9% dərəcəsi ilə, 36 ay müddətinə 17000 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşə əlavə edilmiş 22 sentyabr 2022-ci il tarixli xəzinə məxaric orderindən görünür ki, İddiaçı ASCnin “Mingəçevir” filialı tərəfindən Cavabdeh 17000 manat kredit verilmişdir. İşə əlavə edilmiş MİN/085 saylı maliyyə arayışından görünür ki, 09-xx-xx-089166 saylı kredit müqaviləsi üzrə cavabdehin İddiaçı ASC-yə borcu 1194.88 manat əsas borc, 7.89 manat faiz borcu olmaqla, cəmi 1202.77 manat təşkil edir. İşə əlavə edilmiş MİN/086 saylı maliyyə arayışından görünür ki, 001-22/İ saylı kredit müqaviləsi üzrə cavabdehin İddiaçı ASC-yə borcu 17000 manat əsas borc, 897.23 manat faiz borcu olmaqla, cəmi 17897.23 manat təşkil edir. İşə xx.xx.2019-cu il tarixli problemli kreditlərin kompensasiyası əlavə edilmişdir. İşə əlavə edilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqavilələri qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmun və şərtlər ilə razılaşaraq müqavilələri imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqavilələrindən irəli gələn öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 09-xx-xx-089166 saylı kredit müqaviləsi üzrə 1194.88 manat əsas borc, 7.89 manat faiz borcu olmaqla, cəmi 1202.77 manat, 001-22/İ saylı kredit müqaviləsi üzrə 17000 manat əsas borc, 897.23 manat faiz borcu olmaqla, cəmi 17897.23 manat, ümumilikdə 19100 manat borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 148 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia təmin olunsun. Cavabdeh 09-xx-xx-089166 saylı kredit müqaviləsi üzrə 1194.88 (bir min bir yüz doxsan dörd manat səksən səkkiz qəpik) manat əsas borc, 7.89 (yeddi manat səksən doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1202.77 (bir min iki yüz iki manat yetmiş yeddi qəpik) manat, 001-22/İ saylı kredit müqaviləsi üzrə 17000 (on yeddi min) manat əsas borc, 897.23 (səkkiz yüz doxsan yeddi manat iyirmi üç qəpik) manat faiz borcu olmaqla, cəmi 17897.23 (on yeddi min səkkiz yüz doxsan yeddi manat iyirmi üç qəpik) manat, ümumilikdə 19100 (on doqquz min bir yüz) manat borc və dövlət rüsumu kimi ödənilmiş 148 (bir yüz qırx səkkiz) manat pul alınıb İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar