Məhkəmə qərarları › İş №e-2(051)-90/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-90/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-90/2025 07.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 4576.70 manat əsas, 608.51 manat faiz, 59.30 manat cərimə borcu olmaqla, cəmi 5244.51 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 72.85 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini belə əsaslandırmışdır ki, bankla Cavabdeh arasında xx.xx.2023cü il tarixdə 171nkMNG/23 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə istehlak məqsədləri üçün 42 ay müddətinə illik 25% ödəmək şərtilə 4634 manat məbləğində kredit vermişdir. Cavabdeh X1 öhdəliyi lazımınca icra etməmiş və əldə etdiyi kredit borcunun aylıq ödənişlərini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. Nəticədə, onun 4576.70 manat əsas, 608.51 manat faiz, 59.30 manat cərimə borcu olmaqla, cəmi 5244.51 manat məbləğində kredit borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmiş və kredit müqaviləsi üzrə borclarını ödəməmişdir. Nəticədə, bank əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul edərək izahatında göstərdi ki, "xxxx" X2 Səhmdar Cəmiyyəti ona qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu müddətə qədər bir neçə dəfə kredit ödənişini həyata keçirmişdir. Lakin qəbzləri saxlamadığına görə qeyd olunan borc məbləğində həmin ödənişlərin nəzərə alınmasını müəyyən edə bilməmişdir. Hazırda özü səhhəti ilə bağlı bir neçə dəfə xəstəxanada stasionar şəkildə müalicə almışdır. Özü ürək xəstəsidir. Bir neçə dəfə bu səbəbə görə də infarkt keçirmişdir. Kredit borcunu ödəməkdən yayınmır. Lakin maddi imkanı hazırda həmin borcu bir dəfəyə ödəməyə imkan vermir. Aldığı təqaüdün böyük bir hissəsi onun səhhəti ilə bağlı müalicələrinə sərf olunur. Bundan əlavə hesab edir ki, borc üzrə faiz məbləği çox hesablanmışdır. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 171nkMNG/23 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 42 ay müddətinə illik 25% ödəmək şərtilə 4634 manat məbləğində kredit verilmişdir. İşdə olan cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixə cavabdehə 4576.70 manat əsas, 331.32 manat faiz, 18.97 manat cərimə olmaqla, cəmi 4926.99 manat borcu yarandığı xatırladılaraq, ondan borc məbləğini qaytarmaq tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, cavabdehin 15 iyul 2024-cü il tarixinə banka olan borcu 4576.70 manat əsas, 608.51 manat faiz, 59.30 manat cərimə borcu olmaqla, cəmi 5244.51 manat təşkil edir. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/10141 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli, 171nkMNG/23 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2024-cü il tarixə: (sualda göstərilən tarix) əsas borc üzrə- 4611,51 manat, faiz borcu üzrə- 301,03 manat borcu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixə: (sualda göstərilən tarix) əsas borc üzrə- 4611,51 manat, faiz borcu üzrə- 1015,17 manat borcu müəyyən edilmişdir. Məhkəmə işin qanuni həll edilməsi zamanı ekspert rəyini mötəbər sübut növü kimi qəbul edir və nəzərə alır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı bankla Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 171nkMNG/23 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə istehlak məqsədləri üçün 42 ay müddətinə illik 25% dərəcəsi ilə 4634 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh əldə etdiyi kredit borcunu hər ay hissə-hissə qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə, iddiaçı tərəf xx.xx.2024-cü il tarixdə cavabdehə borcun ödənilməsinə dair bildiriş göndərmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı bankla cavabdeh arasında xx.xx.2023-cü il tarixdə predmeti pul məbləği olan borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 42 ay müddətinə illik 25% ödəmək şərtilə 4634 manat məbləğində kredit vermişdir. Cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq əldə etdiyi kredit məbləğini faizləri ilə birlikdə hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı tərəf xx.xx.2024-cü il tarixdə borcun hissə-hissə icrasından birtərəfli qaydada imtina edərək borc məbləğinin tam həcmdə ödənilməsi barədə cavabdeh tərəfə bildiriş göndərmişdir. Həmin tarixdən iddiaçı tərəfin birtərəfli iradə ifadəsini cavabdehə bildirməsi, kredit (borc) müqaviləsinin məhkəmədən kənar qaydada ləğv edilməsini ehtiva edir. Bununla da iddiaçı bankın cavabdehə qarşı müqavilənin ləğvindən əvvəl gecikdirilmiş əsas məbləğin və hesablanmış faizlərin, həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Bu hal iddiaçı bankın təqdim etdiyi hesabdan çıxarış, maliyyə arayışı, həmçinin ekspert rəyi ilə müəyyən olunur. Ona görə də iddiaçı bankın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iddiaçının tələb etdiyi əsas borc məbləğinə münasibətdə qeyd edir ki, əsas borcun məbləği iddia ərizəsində, həmçinin maliyyə arayışında 4576.70 manat məbləğində göstərilmiş, yəni iddiaçı tərəf cavabdehdən həmin məbləği tələb etmişdir. Bununla belə ekspert rəyində əsas borc məbləği 4611,51 manat məbləğində müəyyən edilmişdir. Lakin iddiaçı tərəf ekspert rəyini aldıqdan sonra iddia tələbinin həcminin artırılmasına dair əlavə ərizə ilə məhkəməyə müraciət etmədiyinə görə işə verilmiş tələb üzrə baxılmalı və iddiaçı bankın cavabdehdən tələb etdiyi əsas borcun məbləği iddia ərizəsində göstərilən məbləğdə, yəni 4576.70 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaçının tələb etdiyi əsas borca hesablanmış faiz məbləğinə münasibətdə qeyd edir ki, iddiaçı bankın iddia ərizəsində tələb etdiyi əsas borca hesablanmış faiz məbləği, kredit müqaviləsinin ləğvindən sonrakı dövrü də əhatə etdiyindən, işin həqiqi hallarına uyğun deyildir. Ona görə də əsas borca hesablanmış faiz məbləği iddiaçının tələb etdiyi məbləğdə deyil, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlar əsasında müəyyən edilmiş məbləğdə qismən əsaslıdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə borcun hissə-hissə icrasından birtərəfli qaydada imtina edərək, borc məbləğinin tam həcmdə ödənilməsi barədə cavabdehə bildiriş göndərmişdir. Bununla da iddiaçı tərəf birtərəfli iradə ifadəsini cavabdehə bildirmişdir. Həmin tarixdən də kredit (borc) müqaviləsi məhkəmədən kənar qaydada ləğv edilmişdir. İddiaçı bank cavabdehə göndərdiyi bildirişdə əsas borca hesablanmış faiz məbləğini 331.32 manat göstərmişdir. Lakin cavabdehin vəsatəti əsasında təyin edilmiş mühasibatlıq ekspertizasının ekspert rəyində isə əsas borca hesablanmış faiz borcu xx.xx.2024-cü il tarixə 301,03 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə həmin tarixə əsas borca hesablanmış faiz məbləğini məhkəmə mühasibatlıq ekspertizasının ekspert rəyində göstərilən məbləğdə müəyyən edir. Belə olan halda iddiaçı bankın cavabdehdən yalnız müqavilənin ləğvindən əvvəl əsas borca hesablanmış 301,03 manat məbləğində faiz borcunu tələb etmək hüququ yaranmışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyini rəhbər tutaraq, belə qənaətə gəlir ki, iddiaçı bankın xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfə borcun ödənilməsinə dair bildiriş göndərməsi, o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı bank tərəfindən birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada müqavilə ləğv edilmişdir. Müqavilə ləğv edildikdən sonra iddiaçı bank yalnız müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitetin (əsas məbləğin və hesablanmış faizlərin), həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, faiz məbləği iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğdə deyil, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlar əsasında müəyyən edilmiş məbləğdə, yəni 301.03 manat məbləğində əsaslıdır. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmədiyinə görə işə verilmiş iddia tələbi həddində baxılmalıdır. Məhkəmə hesab edir ki, cavabdehdən 4576.70 manat əsas, 301.03 manat faiz borcu alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinə əsasən azaldılaraq, 10 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 10 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, faiz məbləği iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğdə deyil, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlar əsasında müəyyən edilmiş məbləğdə, yəni 301.03 manat məbləğində əsaslıdır. Ona görə də iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən 4576.70 manat əsas, 301.03 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 4887.73 manat məbləğində pul alınıb iddiaçı banka verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməli və Cavabdeh ödənilmiş dövlət rüsumunun 69.28 manat məbləğində hissəsi alınıb iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, cavabdehin vəsatəti ilə təyin edildiyindən, məhkəmə–mühasibatlıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4576.70 (dörd min beş yüz yetmiş altı manat yetmiş qəpik) manat əsas, 301.03 (üç yüz bir manat, üç qəpik) manat faiz, 10 (on) manat cərimə olmaqla, cəmi 4887.73 (dörd min səkkiz yüz səksən yeddi manat, yetmiş üç qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilsin. Ödənilmiş dövlət rüsumunun 69.28 (altmış doqquz manat, iyirmi səkkiz qəpik) manat məbləğində hissəsi Cavabdeh alınıb iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar