Məhkəmə qərarları › İş №e-2(051)-934/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-934/2024

07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-934/2024 07.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsi, yetkinlik yaşına çatmamış xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün cavabdeh tərəfdən ödənilən aliment məbləğinin artırılması və cavabdehdən hər ay hər uşağa 235 manat, cəmi 470 manat aliment məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahlarından iki övladları xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsi ilə tərəflər arasında qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü Hüseyn və xx.xx.2014-cü il təvəllüdlü Yusif adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. Sonra alimentin artırılması ilə bağlı məhkəməyə yenidən müraciət etmiş və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq hər ay uşağa 140 manat, cəmi 280 manat sabit pul məbləğində müəyyən edilmişdir. Uşaqlar artıq böyümüş, onların maddi tələbatları da artmışdır. Məktəb və hazırlıq xərcləri alimentin miqdarından dəfələrlə artıqdır. Həmçinin xərclərə hər ay daha da artır. Özü isə heç bir yerdə işləmir. Övladların yaşayış, təhsil xərclərini qarşılamaqda çətinlik çəkir. Müəyyən edilmiş aliment isə hazırda uşaqların maddi tələbatını ödəmir. Odur ki, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün cavabdeh tərəfdən ödənilən aliment məbləğinin artırılması və cavabdehdən hər ay hər uşağa 235 manat, cəmi 470 manat aliment məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək yas mərasimi olduğu üçün məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilməyəcəyini göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materialları AZ-İİİ seriyalı 245223 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. AZ-İV seriyalı 091468 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. xx.xx.2024-cü il tarixli MŞM/MT031/2024-00098 ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından iki övladları – xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X5 doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında nikah pozulmuş, Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən hər ay hər uşağa 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bu məbləğin uşaqların saxlanılmasına yetərli olmadığını bildirir və aliment məbləğinin artırılmasını və cavabdehdən hər ay hər uşağa 235 manat, cəmi 470 manat sabit pul məbləğində aliment tutulmasını xahiş edir, cavabdehin isə hər hansı etirazı məhkəməyə daxil olmamışdır. Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarın 8.14. bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşaqların saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə qismən razılaşır. Belə ki, uşaqların yaşına uyğun olaraq xərclərinin artması hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır. Bundan başqa yetkinlik yaşına çatmayan uşaqlar üçün yaşayış minimumu alimentin müəyyən edildiyi 2023-cü ildən müəyyən məbləğdə artmışdır. Bu baxımdan alimentin müəyyən məbləğdə artırılması işin hallarına və uşaqların mənafeyinə uyğun hesab edilə bilər. Bu baxımdan məhkəmə həm iddiaçının, həm aliment ödənilməli olan uşaqların, həm də cavabdehin diqqətəlayiq maraqlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və uşaqlar üçün ödənilməli olan alimentin məbləği artırılaraq hər ay hər uşağa 180 manat miqdarında müəyyən edilməlidir. Məhkəmə iddiaçı tərəfindən cavabdehin daha yüksək məbləğdə aliment ödəməsi imkanına dair sübutlar təqdim etməməsini nəzərə alır. Hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Artırılmış alimentin məbləğinin tutulması məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa 180 manat, cəmi 360 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-807/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar