Məhkəmə qərarları › İş №e-2(051)-951/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-951/2022

03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-951/2022 03.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi iştirakı ilə, İddiaçı «Kapital Bank” ASC -nin cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 oğluna qarşı kredit borcun ödənilməsi tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı «Kapital Bank” ASC cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 oğluna qarşı cəmi 2275,36 manat kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxıb iddianın təmin olunmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı «Kapital Bank” ASC ilə Cavabdeh1 oğlu arasında bağlanmış 29.10.2019 -cu il tarixli PFRK1581174A129 saylı kredit müqaviləsi əsasında Cavabdeh1 oğluna 60 ay müddətinə 2704,24 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh2 oğlu ilə 29.10.2019 -cu il tarixli PFRK1581174A129 №li zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 oğlu kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməmişdir. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, kredit müqaviləsinin şərtləri Cavabdeh1 oğlu tərəfindən pozulmuş, nəticədə kredit borcu yaranmışdır. İddianın təmin olunmasını, cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 oğlundan iddiaçının xeyrinə 2260,87 manat əsas borc və 14,49 manat faiz borc olmaqla, cəmi 2275,36 manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh Cavabdeh1 oğlu və Cavabdeh2 oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş iddiaçı «Kapital Bank” ASC ilə Cavabdeh1 oğlu arasında bağlanmış 29.10.2019 -cu il tarixli, PFRK1581174A129 №li kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 60 ay müddətinə 2704,24 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan kassa-məxaric orderindən görünür ki, Cavabdeh1 oğlu 29.10.2019 -cu ildə «Kapital Bank” ASC-dən 2704,24 manat kredit almışdır. İşdə olan «Kapital Bank” ASC ilə Cavabdeh2 oğlu arasında bağlanmış 29.10.2019-cu il tarixli, PFRK1581174A129 №li zaminlik müqaviləsindən görünür ki, cavabdeh zamin kimi kredit müqaviləsinin kredit alan tərəfdən tam yerinə yetirilməməsi halda məsuliyyəti öz üzərinə götürmüşdür. İşə əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh1 oğlu ilə «Kapital Bank” ASC arasında bağlanmış 29.10.2019 -cu il tarixli, PFRK1581174A129 №li müqaviləyə əsasən cavabdehin banka 2260,87 manat əsas borc və 14,49 manat faiz borc olmaqla, cəmi 2275,36 manat kredit borcu vardır. İşə əlavə edilmiş xəbərdarlıqlardan və bildirişlərdən görünür ki, iddiaçı məsələni pretenziya yolu ilə həll etmək istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, kredit müqaviləsi qanunun tələblərinə riayət edilməklə bağlanmış və hər iki tərəf məzmunu və şərtləri ilə razılaşaraq müqaviləni imzalamışlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinin tələbinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehlərdən müştərək qaydada 2260,87 manat əsas borc və 14,49 manat faiz borc olmaqla, cəmi 2275,36 manat kredit borcu tutularaq iddiaçı «Kapital Bank” ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216– 220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 oğlundan müştərək qaydada 2260,87 (iki min iki yüz altmış manat səksən yeddi qəpik) manat əsas borc və 14,49 (on dörd qırx doqquz qəpik) manat faiz borc olmaqla, cəmi 2275,36 (iki min iki yüz yetmiş beş manat otuz altı qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 42,75 (qırx iki manat yetmiş beş qəpik) manat pul alınıb iddiaçı «Kapital Bank” ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar