Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № e-2(052)-180/2024 15.11.2024 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X1 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, Cavabdeh2 və İddiaçı MMM QBKT-nin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı "xxxx" MMM QBKT-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı borc tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMM QBKT cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 9075 manat, faiz borcuna görə 2570.72 manat, cərimə borcuna görə 491.30 manat olmaqla, cəmi 12137.02 (on iki min yüz otuz yeddi manat iki qəpik) manat borcun və 126.41 manat dövlət rüsumunun İddiaçı MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilatın iddia ərizəsində tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ММM QBKT ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********1100 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərüffatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaşxılaşdırılması məqsədləri üçün illik 23.00% faiz dərəcəsi olmaqla, 30 ay müddətinə 10100 (on min yüz manat) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 449 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilmişdir. Həmçinin kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli Zaminlik müqavilələri ilə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşlar. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz və cərimələri nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh4 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə xx.xx.2024-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh4 əsas borc üzrə 9075.00 AZN, faiz borcuna görə 2570.72 AZN, cərimə borcuna görə 491.30 AZN olmaqla, cəmi 12137.02 (on iki min yüz otuz yeddi manat iki qəpik) AZN təşkil edir. İddiaçı MMM QBKT-nin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, qeyd edilən borc məbləği onun tərəfindən deyil, digər Cavabdeh4 tərəfindən götürülmüşdür. O isə kredit müqaviləsi üzrə zamin durmuşdur. Belə ki, onun hazırda şəxsi kredit öhdəlikləri üzrə borcları vardır və aldığı əmək haqqı ilə öz kreditlərini ödəyir. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMM QBKT ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********1100 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən borcluya illik 23 faiz olmaq şərti ilə, 30 ay müddətinə 10100 manat məbləğində kredit verilmiş, borcalan verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMM QBKT ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər kredit müqaviləsi üzrə borclu Cavabdeh4 bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. İş materiallarında olan İddiaçı MMM QBKT tərəfindən təqdim edilmiş 17 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMM QBKT ilə Cavabdeh4 arasında bağlanmış **********1100 saylı kredit müqaviləsi üzrə cavabdehin 17 sentyabr 2024-cü il tarixə banka olan borcu 9075 manat əsas, 2570.72 manat faiz, 491.30 manat cərimə olmaqla, cəmi 12137.02 manat məbləğindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin sadalanan normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor kredit verərəkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, müqavilədən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 50 manat məbləğində saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Eyni Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə iddiaçı təşkilat tərəfindən dövlət rüsumu kimi ödənilmiş 126.41 manat pul vəsaiti də cavabdehlərə aid edilmlidir. Beləliklə məhkəmə hesab edir ki, qismən təmin edilməklə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 9075 manat əsas, 2570.72 manat faiz, 50 manat cərimə olmaqla, cəmi 11695.72 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 126.41 manat pul vəsaiti tutularaq İddiaçı MMM QBKT-nin hesabına ödənilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllə müvafiq maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 9075 manat əsas borc, 2570.72 manat faiz borcu və 50 manat cərimə olmaqla, cəmi 11695.72 manat borc və 126.41 manat dövlət rüsumu tutularaq İddiaçı MMM QBKT-nın hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ayaz Səlimov
Məhkəmə qərarları › İş №e-2(052)-180/2024
Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(052)-180/2024
15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver