Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1005/2023 28.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.813,60 AZN əsas məbləğ üzrə, 1.701,19 AZN faiz üzrə və 119,35 AZN cərimə üzrə borc olmaqla, cəmi 6634,14 AZN borcun və 0,40 manat xidmət haqqı ilə birlikdə dövlət rüsumu olaraq ödənilmiş 86,35 AZN məbləğində vəsaitin "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 06 may 2022-ci il tarixində müvafiq Ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı 28 dekabr 2021-ci il tarixli «Bank xidmətlərinə dair ümumi oferta» ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehin cari hesabına 06 may 2022-ci il tarixində 05 may 2025-ci il tarixədək illik 29,5 faiz olmaqla istehlak məqsədləri üçün 4.900 AZN nağd kredit (komissiya 201 AZN, aylıq ödəniş hər ayın 6-sı 207 AZN) məbləği cavabdehin ödəniş kartına köçürülmüşdür (Kredit xətti № 2155nkYSMbb/22). Kredit məbləğinin hesaba köçürülməsi, həmin vəsaitdən istifadə və ödənişlərin aparılması, o cümlədən aparılmış ödənişlərin silinmə qaydası Hesabdan Çıxarışda əks olunmuşdur. Ümumi Ofertanın 20.9-cu bəndinə əsasən «Müştəri» kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə «Bank» borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 faizi miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydada həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 06 may 2022-ci il tarixli xxxxxxx kodlu Ərizədən, həmçinin «Sms mətn»dən görünür ki, Cavabdeh 06 may 2022-ci ildə 01U/21 nömrəli 28 dekabr 2021-ci il tarixli «Bank xidmətlərinə dair» Ümumi oferta» ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmiş, daha sonra Bank tərəfindən ona göndərilmiş «Sizə xx.xx.2025 tarixədək, illik 29,5 %-lə 4900 AZN Nağd kredit (Komissiya 201 AZN. Aylıq ödəniş 207 AZN) və UCARD kartınıza illik 29 %-lə, 100 AZN-lik kredit xətti açmağı təklif edirik. Təsdiqləmək üçün YES yazıb 8117-ə göndərin» məzmunlu sms-i qəbul edib təsdiqlədikdən sonra iddiaçı tərəfindən cavabdehə «Vəsait kartınıza köçürüldü, Unibank ATM-lərindən nağdılaşdıra bilərsiniz. Ödəniş tarixi: Nağd kredit hər ayın 6. Kredit:2155nkYSMb/22. UCARD kredit kartı hər ayın 6 – 16.Müqavilə:892sYSMb/22 kod: xxxxxxx» məzmunlu sms mətni göndərilmişdir. "xxxx" KB ASC tərəfindən təqdim olunmuş 13 sentyabr 2023-cü il tarixli maliyyə arayışı ilə müəyyən olunur ki, Cavabdeh 2155nkYSMb/22 saylı kredit müqaviləsi üzrə 13 sentyabr 2023-cü il tarixinə "xxxx" KB ASC-yə 4.813,60 AZN məbləğində əsas borcu, 1.701,19 AZN məbləğində faiz üzrə borcu və 119,35 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6.634,14 AZN məbləğində borcu vardır. Cavabdeh bank tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır…». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur…». Eyni Məcəllənin 465.2-ci maddəsinə əsasən, «Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 10 manat məbləğinə qədər azaldılmalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti, ona hesablanmış faizləri və cəriməni tələb etmək hüququna malikdir. "xxxx" KB ASC məhkəməyə müraciət edərkən xidmət haqqı ilə birlikdə 86,75 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357– 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4.813 (dörd min səkkiz yüz on üç) manat 60 (altmış) qəpik məbləğində əsas borc, 1.701 (min yeddi yüz bir) manat 19 (on doqquz) qəpik məbləğində faiz borcu, 10 (on) manat məbləğində cərimə borcu, habelə məhkəməyə müraciət edilərkən dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 86 (səksən altı) manat 35 (otuz beş) qəpik tutularaq "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-1005/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1005/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver