Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1019/2023 25.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 214 manat borc, 21 manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 265 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin direktoru X1 ilə Cavabdeh arasında 21 may 2020-ci il tarixli WTCN-006859 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 322 manat, İMEİ kodu **********07175 olan «Samsung A015 16 DS (R)» markalı mobil telefon almışdır. Müqaviləyə uyğun olaraq cavabdeh 21 iyun 2020-ci il tarixdən başlayaraq hər ayın 21-dən gec olmayaraq və ödəniş cədvəlinə uyğun olaraq aylıq 27 manat ödəniş etməli olduğu halda aylıq ödəniş etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri olan 214 manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll ediləcəkdir. Cavabdehə borcunun ödənilməsi barədə dəfələrlə edilən müraciətlər nəticəsiz qalmış və beləliklə o, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Müqavilə öhdəliyinə görə yaranmış borc cavabdeh tərəfindən ödənilmədiyinə görə iddiaçı məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən «Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir». Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən «Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir». Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən «Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər». Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən «Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır». Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən «İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir». Məhkəmə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq «bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək» hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı ‒ (VORLD Telekom) X1 və alıcı ‒ Cavabdeh arasında bağlanmış 21 may 2020-ci il tarixli WTCN-006859 nömrəli əşyanın nisyə alqısatqı müqaviləsindən görünür ki, satıcı ‒ (VORLD Telekom) X1 alıcı ‒ Cavabdeh ümumi nisyə dəyəri 322 manat, İMEİ kodu **********07175 olan «Samsung A015 16 DS (R)» markalı mobil telefonu müqaviləyə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq hər ay 27 manat, sonuncu ay isə 25 manat olmaqla ödəmək şərtilə 1 il müddətinə satmışdır. İş materiallarında olan 21 may 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı – (VORLD Telekom) X1 oğlu tərəfindən ümumi nisyə dəyəri 322 manat, İMEİ kodu **********07175 olan «Samsung A015 16 DS (R)» markalı mobil telefon alıcı ‒ Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 11 iyul 2023-cü il tarixli, 002 nömrəli faktorinq müqaviləsindən görünür ki, İddiaçı MMC ilə hüquqi şəxs "xxxx" MMC arasında faktorinq müqaviləsi imzalanmış və həmin faktorinq müqaviləsinə əsasən hüquqi şəxs "xxxx" MMCnin Cavabdeh qarşı olan tələb hüququ İddiaçı MMC-yə keçmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 21 may 2020-ci il tarixli WTCN-006859 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh 20 sentyabr 2023-cü il tarixinə 214 manat əsas borcu və 21 manat cərimə borcu olmaqla, cəmi 235 manat borcu vardır. İş materiallarında olan 19 iyul 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcunun ödənilməsinin zəruriliyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 20 sentyabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət rüsumu olaraq 30 manat məbləğində pul «ASAN ödəniş» sistemi vasitəsilə dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, «Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir». Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, «Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur». Eyni Məcəllənin 600.4-cü maddəsinə əsasən, «Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Azərbaycan Respublikası MM-nin 601.1-ci maddəsinə əsasən, «Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun». Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, «Öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Eyni Məcəllənin 465.2-ci maddəsinə əsasən, «Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 5 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 21 may 2020-ci il tarixli WTCN-006859 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsi üzrə 214 manat borc və 5 manat cərimə olmaqla, cəmi 219 manat məbləğində borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21 may 2020-ci il tarixli WTCN-006859 nömrəli əşyanın nisyə alqı-satqı müqaviləsi üzrə 214 (iki yüz on dörd) manat borc, 5 (beş) manat cərimə borcu, habelə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 249 (iki yüz qırx doqquz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-1019/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1019/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver