Məhkəmə qərarları › İş №e-2(053)-104/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-104/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-104/2025 08.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “Borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “Borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 499,24 manat əsas məbləğ üzrə, 113,41 manat faiz üzrə, 40,65 manat cərimə, 3 manat komisyon haqqı olmaqla, cəmi 656,30 manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixində müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli "bank xidmətlərinə dair ümumi oferta" ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi ofertanın 16.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq ərizə vasitəsi ilə razılaşdırılmış, 35 ay müddətinə, illik 26% olmaqla 500 manat kredit xətti açılmış, məbləğ iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində cavabdehin ödəniş kartına köçürülmüşdür (kredit xətti № 97sSLYb/23). Ümumi ofertanın 16.1 və 19.1-ci bəndinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Ümumi ofertanın 17.10-cu bəndinə əsasən müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə, bank borcun gecikdirdiyi hər təqvim günü üçün əsas borc məbləğinin illlik 40%-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Sübutların siyahısı: hazırkı iddia tələbinin əsası olaraq iddiaçı ümumi ofertaya, ümumi ofertanın təsdiqi barədə ərizəyə, kredit məbləğinin, faizinin müddətinin razılaşdırılması barədə smsin mətninə, borcun tam qaytarılması üçün cavabdehə göndərilmiş bildiriş və onun çatdırılmasına dair poçt qəbzinə, cavabdehin şəxsiyyətini təsdiq edən sənədə, maliyyə arayışına, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədə istinad edir. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydada həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 yanvar 2023-cü il tarixli ərizə-anket və imza nümunəsindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı, xx.xx.2021-ci il tarixli "bank xidmətlərinə dair ümumi oferta" ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. İşə əlavə olunmuş 12 yanvar 2023-cü il tarixli ərizədən görünür ki, "xxxx" Kommersiya Bankı ASC – “borcverən” və Cavabdeh – “borcalan” olmaqla, Cavabdeh 35 ay müddətinə, illik 26% olmaqla 500 manat kredit xətti açılmış, məbləğ iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində cavabdehin ödəniş kartına köçürülmüşdür. İş materiallarında olan 28 noyabr 2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 499,24 manat əsas məbləğ üzrə borc, 113,41 manat faiz üzrə borc, 40,65 manat cərimə, 3 manat komisyon haqqı olmaqla, cəmi 656,30 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən “Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür”. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən “Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır”. Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Cavabdeh 12 yanvar 2023-cü il tarixli ərizə-anket və imza nümunəsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı "xxxx" KB ASC-yə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri və cərimə məbləğini ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, “öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, “əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 25 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, “məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 499,24 manat əsas məbləğ üzrə, 113,41 manat faiz üzrə, 25 manat cərimə, 3 manat komisyon haqqı olmaqla, cəmi 640,65 manat borc "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, “məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 499,24 (dörd yüz doxsan doqquz manat iyirmi dörd qəpik) manat əsas məbləğ üzrə, 113,41 (yüz on üç manat qırx bir qəpik) manat faiz üzrə, 25 (iyirmi beş) manat cərimə, 3 (üç) manat komisyon haqqı olmaqla, cəmi 640,65 (altı yüz qırx manat altmış beş qəpik) manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat və 0,40 (qırx qəpik) manat xidmət haqqı iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar