Məhkəmə qərarları › İş №e-2(053)-1096/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1096/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1096/2024 24.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 may 2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********05180 olan “SAMSUNG GALAXY A14” markalı telefon və “SAMSUNG CHARGER” üçün 408,95 manat ödənilməmiş hissə, 40,05 manat cərimə pulu; 20 avqust 2022-ci il tarixli müqaviləyə əsasən “HOFFMANN” markalı soyuducu üçün 120,54 manat ödənilməmiş hissə, 12,46 manat cərimə olmaqla ümumilikdə 582 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 10 may 2023-cü il və 20 avqust 2022-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********05180 olan “SAMSUNG GALAXY A14” markalı telefon, “SAMSUNG CHARGER”, “HOFFMANN” markalı soyuducu almış və nəticədə 582 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 10 may 2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 664,02 manat (18 ay x 36,89 manat + 0 manat ilkin ödəniş), İMEİ kodu **********05180 olan “SAMSUNG GALAXY A14” markalı telefon və “SAMSUNG CHARGER” üçün ümumilikdə 449 manat olmaqla ondan, 408,95 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 40,05 manat cərimə pulu hesablanmışdır. 20 avqust 2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 784,08 manat (18 ay x 43,56 manat + 0 manat ilkin ödəniş) olan “HOFFMANN” markalı soyuducu üçün ümumilikdə 133 manat olmaqla ondan, 120,54 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 12,46 manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 918,61 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödənilir. Cavabdehlə iddiaçı arasında bağlanmış 10 may 2023-cü il və 20 avqust 2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə iddiaçı arasında olan telefon danışığı zamanı, həmçinin iddiaçının göndərdiyi 15 avqust 2024-cü il tarixli xəbərdarlıq məktubunda ona mübahisənin məhkəmədən kənar həll olunması, üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, o, müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 may 2023-cü il tarixli alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 664,02 manat, İMEİ kodu **********05180 olan “SAMSUNG GALAXY A14” markalı telefon və “SAMSUNG CHARGER” hər ay 36,89 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan 20 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 784,08 manat olan “HOFFMANN” markalı soyuducu hər ay 43,56 manat ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 22 avqust 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, “alıcı” Cavabdeh 10 may 2023-cü il tarixli alğı-satqı müqaviləsi üzrə 408,95 manat ödənilməmiş əsas məbləğ və 40,05 manat cərimə olmaqla – 449 manat, 20 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 120,54 manat ödənilməmiş əsas məbləğ və 12,46 manat cərimə olmaqla – cəmi 133 manat, ümumilikdə isə 582 manat məbləğində borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı "xxxx" MMC Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqğ-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilələr üzrə cərimə borcu ümumilikdə 20 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 10 may 2023-cü il tarixli alğı-satqı müqaviləsi üzrə 408,95 manat ödənilməmiş əsas məbləğ və 15 manat cərimə, 20 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 120,54 manat ödənilməmiş əsas məbləğ və 5 manat cərimə olmaqla – ümumilikdə 549,49 manat məbləğində borc "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10 may 2023-cü il tarixli alğı-satqı müqaviləsi üzrə 408 (dörd yüz səkkiz) manat 95 (doxsan beş) qəpik ödənilməmiş əsas məbləğ və 15 (on beş) manat cərimə, 20 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 120 (yüz iyirmi) manat 54 (əlli dörd) qəpik ödənilməmiş əsas məbləğ və 5 (beş) manat cərimə olmaqla, ümumilikdə 549 (beş yüz qırx doqquz) manat 49 (qırx doqquz) qəpik məbləğində borc, habelə dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar