Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1168/2024 04.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının Cavabdeh qarşı «borc» tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı Cavabdeh qarşı «borc» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 05 sentyabr 2019-cu il tarixli, **********61819 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankının xeyrinə 447,61 manat məbləğində borcu, kreditin qaytarılma müddətinin bitdiyi 05 sentyabr 2024-cü il tarixinə qədər hesablanmış 4,75 manat məbləğində adi faizlər üzrə borc məbləği, 23 sentyabr 2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 0,02 faiz dərəcəsi ilə hesablanmış 0,03 manat məbləğində penya olmaqla, cəmi 452,39 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankı iddia tələbini onunla əsaslandırmışdır ki, ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli, **********61819 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 1 faiz ödənilməsi şərti ilə 864,40 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4cü bəndinə və onun 1 nömrəli əlavəsi olan annuitet ödəniş cədvəlinə əsasən borcalan əsas borc məbləğini kreditin verildiyi müddətin ilk 12 aylıq güzəşt müddəti bitdikdən sonra növbəti aydan başlayaraq hər ay banka qaytarmağı, kredit üzrə faktiki istifadə edilmiş məbləğə hesablanmış faizləri isə kreditin verildiyi təqvim ayından etibarən hər ay ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditin verilməsi müddətinin bitdiyi tarixə, yəni 05 sentyabr 2024-cü il tarixinə kredit müqaviləsi üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin bir hissəsini ödəməmişdir. Beləliklə, kreditləşmə müddətinin bitdiyi 05 sentyabr 2024-cü il tarixinə cavabdehin iddiaçı qarşısında gecikdirilmiş ümumi borcu 452,36 manat təşkil edir ki, bunun da 447,61 manatı vaxtı keçmiş əsas borc məbləğindən, 4,75 manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə borcalan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 0,02 faiz dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, 23 sentyabr 2024-cü il tarixinə bu məbləğ 0,03 manat təşkil edir. Kredit müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq onunla bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinə dair 04 fevral 2022-ci il tarixli NÇ-005 nömrəli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir addım atılmamışdır. Kredit xətti müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd edir ki, «Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə «öhdəliklər vicdanla yerinə yetirilməlidir» (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir». Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə iddiaçı və cavabdeh arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən «Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir». Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən «Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir». Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən «Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər». Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən «Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır». Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən «İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir». Məhkəmə, iddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı «borc» tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq «bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək» hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 sentyabr 2019-cu il tarixli, **********61819 nömrəli kredit müqaviləsindən görünür ki, ASC "xxxx" Bankı – «bank» və Cavabdeh – «borcalan» olmaqla, Cavabdeh illik 1 faiz ödəmək şərtilə 60 ay müddətinə 864,40 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh 05 sentyabr 2019-cu il tarixli, **********61819 nömrəli kredit müqaviləsinin şərtləri ilə razılaşaraq həmin müqaviləni imzalamışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 23 sentyabr 2024-cü il tarixə ASC "xxxx" Bankına 05 sentyabr 2019-cu il tarixli, **********61819 nömrəli kredit müqaviləsi üzrə 447,61 manat əsas borc, 4,75 manat faiz borcu və 0,03 manat cərimə borcu olmaqla, cəmi 452,39 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən «Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür». Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır... ». Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Cavabdeh 05 sentyabr 2019cu il tarixli, **********61819 nömrəli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı ASC "xxxx" Bankına ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən «Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur...». Eyni Məcəllənin 445.1-ci maddəsinə əsasən «İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən «öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi» borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən «Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir». Eyni Məcəllənin 465.2-ci maddəsinə əsasən «Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər». Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 05 sentyabr 2019-cu il tarixli, **********61819 nömrəli kredit müqaviləsi üzrə 447,61 manat əsas borc, 4,75 manat faiz borcu və 0,03 manat cərimə borcu olmaqla, cəmi 452,39 manat borc ASC "xxxx" Bankının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 05 sentyabr 2019-cu il tarixli, **********61819 nömrəli kredit müqaviləsi üzrə 447 (dörd yüz qırx yeddi) manat 61 (altmış bir) qəpik əsas borc, 4 (dörd) manat 75 (yetmiş beş) qəpik faiz borcu və 0,03 (üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 452 (dörd yüz əlli iki) manat 39 (otuz doqquz) qəpik borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankının xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №e-2(053)-1168/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1168/2024
04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver