Məhkəmə qərarları › İş №e-2(053)-1194/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1194/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1194/2023 12.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu İddiaçı Cavabdeh qarşı “Pul və maddi ziyan” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “Pul və maddi ziyan” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 3.240 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 53 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisində rəsmiləşdirilmiş 12 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 3240 manat dəyərində kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh 12 aprel 2020-ci il tarixədək krediti qaytarmağı öhtəsinə götürmüşdür. Cavabdeh həmin tarixdə götürdüyü 3240 manat pul borcundan ödəniş etməmişdir. Dəfələrlə cavabdehə şifahi xəbərdarlıq olunmasına baxmayaraq hər dəfə borcunu ödəyəcəyini bildirmiş, lakin bu günə kimi borcunu ödəməmişdir. İddiaçı tərəfindən 07 oktyabr 2022-ci ildə cavabdehə bildiriş göndərilmiş, borcun üç gün müddətində qaytarılması tələb olunmuşdur. Əks halda qanunvericiliyə müvafiq olaraq borcun alınması məqsədilə məhkəmə qaydasında müraciət etməklə tələb ediləcəyi bildirilmiş, lakin cavabdeh yenə də pulu ödəməmişdir. Mülki Məcəllənin 443.1-ci və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan səxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. O, hüquqi yardım üçün vəkillə müqavilə bağlamış, ona pul ödəmiş və maddi ziyana düşmüşdür. Hesab edir ki, bu pul və 53 manat ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalı və ona ödənilməlidir. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdeh qarşı “Pul və maddi ziyan” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 aprel 2019-cu il tarixli Kredit müqaviləsindən görünür ki, İddiaçı – “Borcverən” və Cavabdeh – “Borcalan” olmaqla, Cavabdeh 12 aprel 2020-ci il tarixədək hər ayın sonunda 270 manat hissə-hissə ödəmək şərtilə 3.240 manat məbləğində notariusun bankda açılan depozit hesabı vasitəsilə borc verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Cavabdeh 12 aprel 2019-cu il tarixli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və İddiaçı ödənilməli olan borcu ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, “öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, “məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 3.240 manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, “məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 53 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3.240 (üç min iki yüz qırx manat) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 53 (əlli üç) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar