Məhkəmə qərarları › İş №e-2(053)-1268/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1268/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1268/2024 27.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu İddiaçı Cavabdeh qarşı “Borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “Borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.080 manat məbləğində əsas borc, 270 manat məbləğində hesablanmış gecikmə borcu, cəmi 1.350 manat məbləğində borc və 33,50 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 16 mart 2023-cü il tarixdə mağazaya aylara bölünmüş şəkildə ödəməklə razılaşdırılmış alqı-satqı ilə əlaqədar müraciət etmişdir. Cavabdehin müraciətinə müvafiq olaraq onunla 16 mart 2023-cü il tarixli, 11722 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borclu 2.1 bəndində göstərilən pul məbləğini 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə 1300 manat məbləğində bir ədəd “Samsung” markalı televizor alışı məqsədilə borclanmışdır. Borclu alqı-satqı müqaviləsi bağlandığı müddətdən 1300 manat borcdan 220 manat ödəniş etmişdir. Beləliklə, hal-hazırda borclunun mağazaya ödənilməmiş 1.080 manat məbləğində əsas borcu, müqavilənin 6.1-ci bəndinə əsasən 270 manat məbləğində hesablanmış gecikmə borcu, cəmi 1.350 manat borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdeh qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16 mart 2023-cü il tarixli “Nisyə alqı-satqı müqaviləsi”ndən görünür ki, İddiaçı MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh 12 ay müddətinə, dəyəri 1300 manat olan əmtəəni (əşyanı) “Samsung” markalı televizoru nisyə alqı-satqı şərtləri əsasında satmışdır. Borclu aldığı əşyaya görə 220 manat ilkin ödəniş etmiş və borclu olduğu məbləği hər ay 90 manat olmaqla kreditora hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 16 mart 2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-nə olan borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh imzalamışdır. Ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 16 mart 2024-cü il müəyyən olunmuşdur. İş materiallarında olan 16 mart 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, satıcı X2 tərəfindən 1 ədəd “Samsung” markalı televizor Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 23 oktyabr 2024-cü il tarixli Maliyyə arayışlarından görünür ki, 16 mart 2023-cü il tarixli “Nisyə alqı-satqı müqaviləsi üzrə borclu Cavabdeh İddiaçı MMC-yə 1.080 manat məbləğində əsas borcu, müqavilənin 6.1-ci bəndinə əsasən 270 manat məbləğində hesablanmış gecikmə borcu olmaqla, cəmi 1.350 manat borcu vardır. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, “alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, “əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir”. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, “əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, “əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, “öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, “borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 54 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, “məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 16 mart 2023-cü il tarixli “alqı-satqı” müqaviləsi üzrə 1.080 manat məbləğində əsas borc və 54 manat məbləğində cərimə olmaqla, cəmi 1.134 manat məbləğində borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddianın qismən təmin olunduğunu nəzərə alaraq tələbin təmin olunmuş hissəsinə uyğun olaraq 31,34 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1.080 (min səksən) manat məbləğində əsas borc, 54 (əlli dörd) manat məbləğində cərimə, cəmi 1.134 (min yüz otuz dörd) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 31,34 (otuz bir manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar